“Azərbaycanda evdə doğuş halları çox azalıb”

azerbaycanda-evde-dogus-hallari-cox-azalib
Oxunma sayı: 1988

Artıq on gündən çoxdur ki, ölkədə "Sağlam həyat seç, müayinədən keç" devizi altında əhalinin tibbi müayinəsinə start verilib. Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait, hazırda baş tutan müayinələrlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə ölkənin şimal-qərb bölgəsinə press-tur təşkil edib.

"Qafqazinfo"nun press-turda iştirak edən əməkdaşının verdiyi məlumata görə, jurnalistlər tur çərçivəsində Şəki şəhər Mərkəzi Xəstəxanasında olub və Şəki, Qax, Oğuz rayon mərkəzi xəstəxanalarının baş həkimləri ilə görüşüb. 

Əhalinin tibbi müayinələrdən keçilməsi üçün regionlara ezam edilmiş mütəxəsislərdən olan Respublika Perinatal Mərkəzinin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib ki, ölkə prezidentinin sərəncamına əsasən artıq  4-cü ildir ki, kütləvi halda əhalinin tibbi müayinələri təşkil olunur: 

"Hazırda 4 briqada yaradılıb və onlar 4 müxtəlif istiqamətdə: Lənkəran, Şəki, Gəncə və Qubada fəaliyyət göstərir. Briqadaların tərkibində Bakının aparıcı müəssisələrinin baş mütəxəssisləri var. Briqadalar fevral ayının 12-dən may ayının 15-nə kimi regionlarda fəaliyyət göstərəcək". 

Mama-ginekoloq regionlarda həyata keçirilən doğuşlarla bağlı jurnalistlərin suallarını  cavablandıran zaman bildirib ki, son ildə Şəki regionunda ana ölümü halı baş verməyib:

"Bugünkü gündə regionlarda göstərilən tibbi xidmət heç də paytaxtdan geri qalmır. Qeyd etmək istəyirəm ki, ölkənin ən ucqar kəndində yaşayan qadınların belə doğuşuna cavabdeh şəxslər var. Hamilə qadının kənddən durub şəhərə getməsi vacib deyil. Mamaşalar ayda 1-2 dəfə kəndlərə gedərək dövri müayinəni həyata keçirirlər. Rəsmi məlumata görə, artıq ölkəmizdə evdə doğuş halları çox azalıb. Əlbəttə ki, səraitlə bağlı olaraq evdə doğuşlar hələ də baş verir.  Amma hazırda bu rəqəm çox aşağıdır". 

Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Azad Novruzovun sözlərinə görə, tibbi müayinələrə cəlb olunmalı 87 min Şəki sakinindən indiyə kimi  təqribən 6 mini  tibbi müəssisəsinə müraciət edib: " Onlardan da 445 nəfərə ambulator müalicə təyin olunub, 16 şəxs isə Bakı şəhərində müalicə üçün göndərilib. Şəkiyə xas olan və tez-tez müraciət olunan əsas xəstəliklər qalxanvarivəz və talassemiyadır. El arasında zob xəstəliyi dediyimiz problem daha çox yod çatışmamazlığı nəticəsində yaranır. Bizim suyumuzda yodun miqdarı çox azdır. Talassemiya isə qohum evlilikləri nəticəsində meydana çıxır. Hazırda qeydiyyatda olan 600-ə yaxın xəstəmiz var. Təcrübəmə əsasən deyə bilərəm ki, bu regionda əməliyyatlar daha çox mövsimi xarakter daşıyır. Məsələn, gün ərzində 4-5 öd daşı əməliyyatı edirik. Sitress və ekoloji faktorlara görə xəstəliklərdə cavanlaşma gedir".

 Qax Rayon Poliklinikasının müdiri Cəmaləddin Hacıyev bildirib ki, ötən ilə nisbətən bu il müraciətlərin sayında artım müşahidə olunur: "Əvvəlcədən xəbərdarlıq edildiyi üçün rayon rəhbərliyi ilə qrafiklər hazırlamışıq. Rayonda olan əhali, təşkilatlar dəqiqləşdirilib. Keçən ilə nisbətən bu il aktivlik daha yüksəkdir. Bunun əsas səbəblərindən biri də insanların regionlardakı həkimlərin qoyduğu diaqnozlara inamının ərtmasıdır. İndiyə kimi 6 mindən çox sakin müayinədən keçirilib. Hələ ki, onlardan cəmi 1 nəfəri Bakıya müalicəyə göndərilib".

Rezidentura təhsilinin regionlarda kadr  çatışmazlığını aradan qaldırmağa kömək etdiyini vurğulayan Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov indiyə kimi rayonda 3 mindən çox sakininin müayinələrdən keçdiyini söyləyib: "Onlardan 10 nəfər əlavə müayinə və müalicə üçün Bakıya göndərilib. Hazırda ucqar kənd rayonlarında vakansiyalarımız var. İnanırıq ki, gələcəkdə bu problem də öz həllini tapacaq".

Konfranda həmçinin o da bildirilib ki, əvvəllər rayon sakinləri bölgələrdə səhiyyə sisteminin düzgünlüyünə tam inanmadığı üçün daha çox paytaxta üz tuturdu. Ancaq son illərdə yeni diaqnostika mərkəzlərinin açılması, ən əsası da rezidentura təhsilinin tətbiq olunması artıq bu fərqi xeyli azaldıb. 

Günel Hacı