“Azərbaycandan gedəndə federasiyada məni xəyanətkar adlandırırdılar” - Ramil Quliyev

azerbaycandan-gedende-federasiyada-meni-xeyanetkar-adlandirirdilar
Oxunma sayı: 1916

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Belarus mətbuatına geniş müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Atletikaya marağınız haradan başladı?

- Atam və anam bu idman növünə yad deyillər. Ailəm idmançılardan ibarətdir. Yarışları hər zaman izləyirdik. İdman həyatımızın bir hissəsi idi və bununla məşğul olmaq mənim üçün vacib idi. Gördüyünüz kimi hər şey yaxşı alındı. 

- Seçiminiz sizə problem yaratmırdı?

- Digər idman növlərindən sonra atletikaya gəlmək çətin idi. Amma mən atletika ilə məşğul olmağa başlayanda mənə tam uyğun olduğunu anladım. Dərinlikləri öyrənməyə və rəqabətə qatıldım. Ilk yarışım şəhər birinciliyi idi. Orda medal qazandım. Aydın oldu ki, davamm etməliyəm. 16 yaşımdan beynəlxalq yarışlar üçün hazırlaşmağa başladım və bir neçə medal qazandım.

- Uğurlu idmançıların uşaqlıq sevincindən məhrum olduğunu söyləmək mümkündür?

- Bir şəxs özü qərar qəbul edir. Əgər bir şey etmək istəmirsinizsə, özünüzü məcbur etməyin. Kim istəyirsə, bütün gücünü sevimli işinə verir. Mən 12 ayın 7-8-ni düşərgələrdə olurdum. 14 yaşımda bütün uşaqlığım son çatmışdı. 

- Azərbaycanda atletika üçün şərait pisdir?

- Hər şey yaxşı olsaydı, Türkiyəyə niyə gedirdim? (gülür). Şərtlər çox pis idi. Təlim-məşq toplanışı olan arenada istilik yox idi. Damdan su sızılırdı, arenaya girmək üçün gölməçələrdən keçmək lazım idi. Daha sonra təmirə bağlandı və 3 il açılmadı. Həmin müddətdə isə biz stadionda məşq edirdik. Küləkdə, qarda və yağışda açıq havada təlim keçirdik.

- İdmandan ayrılmaq istəmədiniz?

- Hər şey asanlıqla əldə olunmur. Gənclikdə həyat sürətlə keçir. İnkişaf edirdik və gələcəyi düşünməyə məcbur idim. Sonda Azərbaycanda inkişafımın olmayacağını başa düşərək 19 yaşımda Türkiyəyə yollandım. 

- Sizcə, Azərbaycanda yüngül atletikada niyə perspektiv yoxdur?

- Fikrimcə, bu sualı Azərbaycan Atletika Federasiyasının rəhbərinə vermək lazımdır. Vətəndaşlığımı dəyişərkən heç kim ortaya çıxmadı. Bizim məşq üçün yerimiz yox idi. 

- Niyə tez qərar verdiniz?

- Bu asan deyil. Evdən uzaqlaşmaq çətin idi. Üstəlik, bilmirdim ki, məni Türkiyədə nə gözləyir. Nə dostlarım var idi, nə tanıdıqlarım. Kiminlə işləyəcəyimi, mənə necə davranacaqlarını bilmirdim. Buna görə də ehtiyatlı qərar vermək lazım idi. Amma şükür ki, orada heç bir problem yaşamadım. 

- Niyə Türkiyə?

- Birincisi, mentalitet olaraq biz çox yaxınıq. İkincisi, çox uzağa getmək lazım deyildi. Türkiyədə tamamilə fərqli rəftarla qarşılaşdım. İdman edirsinizsə və istedadınız varsa, inkişaf etmək üçün əla yerdir. Hər şey əldə edə bilərsən. Türkiyədə fərqi yoxdur hansı sənət sahibisən. İstedadın varsa, şərait də var. 

- Dostlarınız, yoldaşlarınız  sizin qərarınızı necə qarşıladı?

- Hər kəs dəstəklədi.  Bir nəfər demədi ki, yanlış qərar vermisən. 

- Xəyanətdə günahlandırmadılarmı?

- Biri elə deyirdi (gülür). Federasiyada belə insanlar var idi və mənə xəyanətkar deyirdilər. Ancaq mən özümü düşünürdüm. 

- Sizə “ağ Useyn Bolt” deyirlər....

- Bilmirəm, bəlkə kimsə müqayisə edir. Amma hər halda mənim vəzifəm qaçmaqdır. Danışıqlara fikir vermirəm. Useynlə söhbətimiz oldu və yaxşı münasibətimiz var.