Azərbaycandan yapon avtomobillərinə sərt qadağa

azerbaycandan-yapon-avtomobillerine-sert-qadaga
Oxunma sayı: 13903



Azərbaycan hökumətinin 1 aprel 2014-cü il tarixdən idxal olunan avtomobillərə Avro-4 ekoloji standartının tətbiqi ilə bağlı qərarındakı bir məqam mənə maraqlı gəldi: 

Yaponiya istehsalı olan avtomobillər yalnız 2011-ci ilə və daha sonrakı illərə aid olduqda ölkəmizə gətirilə biləcək. Bu, o deməkdir ki, Yaponiya avtomobillərində 2011-ci ildən əvvəl Avro-4 standartı mövcud olmayıb. 

Fakt mənə maraqlı gəldiyindən bir balaca araşdırma apardım və bunun sirri aydın oldu. Uzun müddət (2012-ci ilə qədər) dünyada avtomobil istehsalına və ixracına görə lider olmuş Yaponiyanın avtomobil şirkətlərinin belə «aşağı keyfiyyətli» məhsul istehsal etməsi yəqin ki, mənim kimi bir çoxlarını da təəccübləndirdi. Necə ola bilər ki, avtomobil mühəndisliyinin ustadlarından sayılan yaponlar ekoloji standarta belə laqeyd yanaşsınlar? 

Məsələnin mahiyyəti heç də belə deyil. Sadəcə bizim hökumət bu qərarı hazırlayarkən məsələyə bir qədər səthi yanaşmışdır. Deməli, məsələ belədir. Yaponlar dünyanın hər yerinə avtomobil ixrac edirlər. Kreativ düşüncəli yaponlar avtomobil istehsal edərkən onu dünyanın hansı regionuna satacaqlarından asılı olaraq təchiz edirlər. Sirr də məhz bundadır. 

Yaponiya şirkətləri Avropaya, Şimali Amerikaya və Avstraliyaya ixrac etdikləri avtomobillərə Avro-4 ekoloji standartını 2005-ci ildən tətbiq edirlər. Öz daxili bazarları üçün isə Avro-4 standartını yeni istehsal etdikləri avtomobillərə 2006-cı ildən tətbiq etməyə başlayıblar, 2010-cu ildən isə Yaponiyanın bütün avtomobil parkı tam olaraq Avro-4 standartına keçmişdir. Bu, o deməkdir ki, gündoğar ölkədə hətta 70-80-ci illərdə istehsal olunan avtomobillər də Avro-4 standartına uyğunlaşdırılmamışdırsa, 2010-cu ildən onların istismarına yol verilmir. Amma Yaponlar məhz Afrika və Asiya üçün istehsal etdikləri avtomobillərdə Avro-4 standartını yalnız 2011-ci ildən tətbiq etməyə başlamışlar (2011-ci ildən sonra ümumiyyətlə yapon şirkətləri Avro-4-dən aşağı standartlı avtomobil istehsal etmirlər). 

Yapon avtonəhənglərinin belə yanaşması «xaltura» yox, düşünülmüş zərurət olub. Çünki dünənki yazımda da qeyd etdiyim kimi, Avro-4 və daha yuxarı ekoloji standartlara uyğun avtomobilə aşağı keyfiyyətli yanacaq tökdükdə həmin avtomobilin katalitik neytrallaşdırıcıları, mühərrikin qidalanma sistemi (yanacaq sistemi), daha sonra isə elektron idarəetmə sistemi müəyyən müddətdən sonra sıradan çıxır. Belə olan halda avtomobil sahibi həm də avtomobili istehsal edən və ona zəmanət verən istehsalçını günahlandırır. Yaponlar bunu qabaqcadan görərək, öz imiclərini qorumaq üçün 2011-ci ilə qədər Asiya və Afrika ölkələrinə Avro-4 standartına uyğun avtomobil ixrac etməmişlər. 

Göstərdiyim faktları avtomobil ticarəti ilə məşğul olanlar və diqqətli sürücülər də gözəl bilir. Yəqin ki, Dubaydan gətirilən yapon avtomobili ilə birbaşa Yaponiyanın özündən, yaxud Avropa və Amerikadan gətirilən yapon avtomobilləri arasındakı fərqi çoxları bilir və ya eşitmişdir. Azərbaycan hökuməti haqqında danışdığımız qərarı qəbul edərkən bu incəliyi nəzərə almamış və belə görünür ki, yapon avtomobillərinə yanaşmada Afrika və Asiya üçün ixrac edilən avtomobillərin təchizatını əsas götürmüşdür. 

Amma bir şeyi unutmayaq ki, Yaponiyadan birbaşa bizim ölkəyə ixrac olunan təzə avtomobillər Avropa üçün nəzərdə tutulan təchizatla gəlir. Yaponiyanın özündə istifadədə olmuş avtomobillərin Azərbaycana gətirilməsi faktı isə yox dərəcəsindədir, çünki soltərəfli hərəkət olan Yaponiyadan işlənmiş avtomobil gətirdikdən sonra onun sükanının yerini sola dəyişmək lazım gəlir. 

Digər tərəfdən, Azərbaycana işlənmiş yapon avtomobilləri ərəb ölkələri ilə yanaşı, Avropadan və Amerikadan da gətirilir. Ona görə də hesab edirəm ki, hökumətimiz həmin qərarında yapon avtomobilləri ilə bağlı məsələyə yenidən baxsa, yaxşı olar.