“Azercell” 13 milyon xərcləyib

azercell-13-milyon-xercleyib
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, bunu Azercell Telekom MMC-nin prezidenti Kiril Qaburiç 2012-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4.4 milyon nəfər olub. Həmçinin, ötən ilin sonunda 54 Müştəri Xidmətləri Mərkəzi fəaliyyət göstərirdi ki, onların 32-si bölgələrdə yerləşir: “Rabitə xidmətləri göstərmək üçün Azercell 2012-ci ilin sonunda 2 rezervləşdirilmiş abunəçi bazasına, 2G şəbəkəsi ücün 18 baza stansiyalarına nəzarətçi sisteminə, 13 mobil rabitə kommutasiya mərkəzinə, 3359 radio baza stansiyasına, 4 giriş-çıxış mobil rabitə kommutasiya mərkəzinə və 3G şəbəkəsi ücün 4 Radio Şəbəkəsi Nəzarət sisteminə, 1002 Node B baza stansiyasina sahib olub. 2012-ci il ərzində Azərbaycanın bütün bölgələrində 2G şəbəkəsi üçün 259 stansiya, 3G şəbəkəsi üçün 613 stansiya quraşdırılıb”.

Tədbirdə qeyd olunub ki, “Azercell Telekom” MMC beynəlxalq rabitənin inkişafına xüsusi diqqət yetirir. 2012-ci ilin sonunda Azercell abunəçiləri “RoamCell” xidmətindən istifadə etməklə artıq 158 ölkənin 415 operatorunun şəbəkəsinə daxil olan nömrələrə zəng edə bilirdilər. Ötən ilin sonunda “Azercell Telekom” MMC-nin bu sahədə əməkdaşlığı artıq 118 ölkənin 277 mobil rabitə operatorunu əhatə edirdi. Eləcə də 2012-ci ilin sonuna olan məlumata əsasən 65 ölkənin 98 operatoru ilə Fakturasız Xətt abunəçiləri üçün rominq xidməti istifadəyə verilmişdir. Azərbaycanda ilk dəfə olaraq rominqə çıxan abunəçilər üçün il ərzində bir neçə kampaniya tətbiq edilib.

2012-ci ilin sonu üçün Azercell tərəfindən artıq 1000-ə yaxın 3G radio baza stansiyası quraşdırılıb. 3G texnologiyasının hesabına Azercell-in internet trafiki 13 dəfə çoxalıb, 3G istifadəçilərinin sayı isə artıq 2,000,000-ə çatıb. Həmçinin, 2012-ci ilin sonu üçün 1,500,000-dən artıq video zəng edilib, 6,500,000 Mobil İnternet paketi satılıb. “Ookla” şirkətinin tədqiqatının nəticələrinə görə, 2012-ci ilin sonunda Azercell-in mobil internetinin ortalama sürəti 4.53 Mbps idi.

Azercell 2012-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 100 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 16 il ərzində isə 1 milyard manat sərmayə yatırıb. Azercell ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

İnsan qaynaqları Azercell-in əsas kapitalıdır və öz abunəçilərinə daha yaxşı xidmət göstərmək baxımından şirkət üçün xüsusi önəm daşıyır. Buna görə də 2012-ci ildə Azercell öz işçilərinin inkişafına 1.1 milyon manat, 16 il ərzində isə 11.4 milyon manat həcmində sərmayə yatırıb.

2012-ci ildə Azercell dövlət büdcəsinə təqribən 90 milyon manat, 16 il ərzində isə 925 milyon manat vəsait ödəyib. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2012-ci ildə Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,24 % təşkil edib.

2012-ci ildə Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 1.6 milyon manat, 16 il ərzində isə təqribən 13.2 milyon manat həcmində vəsait sərf edib.

Nigar Məmmədli