“Azercell” 15 illiyi münasibətilə biznes ictimaiyyətinə hədiyyə edib

azercell-15-illiyi-munasibetile-biznes-ictimaiyyetine-hediyye-edib
Oxunma sayı: 670

Dünyanın ən nüfuzlu marketinq strateqlərindən sayılan Cek Traut “Azercell” şirkətinin dəvəti ilə Azərbaycana gəlib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, məşhur “Bazar mövqeləndirməsi” nəzəriyyəsinin yaradıcısı olan Trautun iştirakı ilə noyabrın 30-da Bakıda geniş konfrans təşkil edilib.

Cek Traut bu dəfə öz biliklərini azərbaycanlı iş adamları, şirkət rəhbərləri qarşısında açıqlayıb. Seminar zamanı dünyanın ən tanınmış marketinq bilicisi Cek Traut “Bütün dünya üzrə bazar mövqeləndirməsi” mövzusunda master-klass keçirib. Seminarın sual-cavab bölməsində iştirakçılar 40 illik təcrübəsi olan, müasir dövrün ən rəqabətli bazarlarında məsləhətçi işləyən ekspertlə birbaşa təmas yaratmaq imkanı qazanıblar.
Cek Traut dünyanın 30-dan çox ölkəsində nümayəndəliyi olan “Trout&Partners” konsaltinq şirkətinin banisi və prezidentidir. Bu qurum Fortune Global 500 siyahısına daxil olan 80-dək şirkətə xidmət göstərir. Onların arasında Microsoft, AT&T, Burger King, Holiday İnn, Master Card, İntel, İBM, Paramount, Volvo Auto, Procter & Gamble və digərləri var.

Həmçinin ABŞ Dövlət Departamenti üçün “USA” brendinin hazırlanması üzrə məsləhətçi qismində iştirak edən Traut son seçkilər zamanı Barak Obama və ABŞ Demokratik Partiyası ilə də işləyib.

Konfransın mümkün qədər çox insan tərəfindən izlənməsini təmin etmək üçün Azercell şirkətinin təşəbbüsü ilə tədbir canlı olaraq www.1news.az saytı ilə yayımlanıb.

Azərbaycanda ilk dəfədir ki, bu cür məşhur marketinq ustasının iştirakı ilə tədbir həyata keçirilib. Artıq neçə illərdir ki, öz ad günündə hədiyyə almaq əvəzinə sürprizlər təşkil edən “Azercell bu dəfə 15 illik yubileyi ilə əlaqədar belə toplantı təşkil edib.

Nigar Məmmədli