“Almaniyaya qarşı piarı dayandırın”

-almaniyaya-qarsi-piari-dayandirin
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, toplantıda qərarların icrası, ölkədəki ictimai- siyasi vəziyyət, Azərbaycan - Almaniyaya münasibətləri, Şuşanın işğal edilməsinin 20-i ili ilə bağlı blokun keçirəcəyi tədbir, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Azərbaycanın Qərbyonümlü siyasətinə yenidən baxacağı və başqa bir siyasi bloka qoşulmaq ehtimalı” haqda verdiyi bəyanat və “Freedom House” təşkilatının dünyada mətbuat azadlığı ilə bağlı hesabatı müzakirə olunub.

İclasda qərarların icra vəziyyəti qənaətbəxş qiymətləndirilib. Avropanın aparıcı dövləti olan Almaniya ilə münasibətlərin gərginləşdirilməsini pisləyən toplantı iştirakçıları hökumətin bu siyasətinə etiraz olaraq bəyanat qəbul edib.

Bəyanatda hakimiyyətin xarici siyasətinin bütövlükdə iflasa uğradığı, Almaniya ilə münasibətlərin gərginləşdirilməsinin Azərbaycanın maraqlarına zidd olduğu bildirilir və aparılan lüzumzuz piar kampaniyasının dayandırılması tələb olunur. Bəyanat müəlifləri hakimiyyəti dünyanın inkişaf etmiş demokratik ölkələrinin və beynəlxalq təşkilatların tənqidlərindən nəticə çıxarmağa, ölkənin demokratikləşməsi istiqamətində köklü islahatlar aparmağa çağırır.

Toplantıda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Azərbaycanın Qərbyonümlü siyasətinə yenidən baxacağı və başqa bir siyasi bloka qoşulmaq ehtimalı” haqda verdiyi bəyanata da etiraz bildirilib. Dövlətin Qərbyönümlü strateji xəttini dəyişməyi dövlətə və xalqa qarşı xəyanət kimi qiymətləndirən toplantı iştirakçıları, hökumətin vəzifəsinin öz iqtidar maraqlarını qorumaq deyil, Azərbaycan xalqının maraqlarını ifadə etmək olduğunu bildirib.

“Freedom House” təşkilatının dünyada mətbuat azadlığı ilə bağlı may ayının 1-də açıqladığı hesabatında Azərbaycanın adının medianın vəziyyətinə görə xüsusi narahatlıq doğuran ölkələr sırasında olmasını təəssüflə qeyd edən toplantı iştirakçıları, hakimiyyəti bu təşkilatları qərəzli olmaqda suçlamağa deyil, sadalanan problemləri aradan qaldırmaga çağırıb.


Qarabağ Blokunun toplantısında bu yaxınlarda dunyasını dəyişmiş akademik Müdhət Abbasovun xatirəsi də yad edilib. Onun dəfninin dövlət səviyəsində təşkil olunmamasına təəssüflənən blok təmsilçiləri Müdhət Abbasovun xatirəsinin əbədiləşdirilməsi üçün hökumətə müraciət edib. Növbəti həftənin (08- 15 may) Müdhət Abbasov həftəsi elan edilməsini təklifi müsbət qarşılanıb. Bununla bağlı müstəqil mətbuata çağrış edilib.

Toplantıda son dövrlər elm sahəsində plagiatlıq problemi geniş müzakirə olunub. Son 10 ildə müdafiə olunan namizədlik və doktorluq işlərinin araşdırılması ilə bağlı komissiyanın yaradılması təklif edilib.