ABŞ-dan Azərbaycana etiraz gəldi

abs-dan-azerbaycana-etiraz-geldi
Oxunma sayı: 696

ABŞ-ın Azərbaycandakı səfirliyi Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində oktyabrın 3-də Səbail Rayon Məhkəməsinin çıxardığı hökmlə bağlı mətbuat üçün açıqlama yayıb.
“Media forum” saytının məlumatına görə, açıqlamada deyilir ki, ABŞ məhkəmənin dövlət əleyhinə etirazların planlaşdırılması və təşkil edilməsi yoluyla ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə ittihamı ilə adıçəkilən şəxslərə qarşı çıxardığı qərara təəssüflənir.

Açıqlamada əlavə olunur ki, ABŞ Sabail məhkəməsinin avqustun 25-də AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilovu oxşar ittihamlarla məhkum etməsinə dair qərarına da təəssüflənir.

Açıqlamada Azərbaycan hökumətinin bütün vətəndaşların sərbəst toplaşmaq azadlığına və söz azadlığına hörmət etmək kimi konstitusion və beynəlxalq öhdəliklərinin olduğu xatırladılır: “Müvafiq olaraq Birləşmiş Ştatlar ədliyyə hakimiyyətini bu hökmlər barədə hər bir apellyasiya şikayətinin Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılmasını təmin etməyə çağırır. Bu öhdəliklər azərbaycanlıların öz ölkələrinin demokratik mədəniyyətinin, proseslərinin və qurumlarının daha dərin inkişafına yardım etməsi üçün mövcuddur”.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.

Avqustun 25-də Səbail Rayon Məhkəməsində 2 aprel mitinqinə görə həbs olunanlardan AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilova hökm oxunub. Səbail Rayon Məhkəməsi Arif Alışlını 3 il, Elnur İsrəfilovu 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovu 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin hökmü ilə barələrində hökm çıxarılan şəxslər ümumilikdə 6 min 650 manat dəymiş ziyanı da ödəməlidirlər.

Oktyabrın 3-də Səbail məhkəməsi 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində də hökmünü elan edib. Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Fuad Qəhrəmanlıya isə 2 müddətinə şərti cəza verilib.