Bakıda həbs olunan “nurçular” Gülənin tərəfdarları deyil

bakida-hebs-olunan-nurcular-gulenin-terefdarlari-deyil-
Oxunma sayı: 3933


Xəbər verdiyimiz kimi, aprelin 12-də DİN əməkdaşları Yasamal Rayon Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində əməliyyat keçirib. DİN rəsmi məlumatında bildirilir ki, qeyd olunan ünvanda “nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlıdır) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Polisin xüsusi əməliyyat keçirdiyi X.Mustafayev 216 saylı evdə 17 nəfər qeydiyyatda olub. Evin sahibinin Hacı ləqəbli şəxs olduğu deyilir. Həbs edilənlərin əksəriyyəti dövlət orqanlarında çalışırlar. Lakin 2 mərtəbəli bina yaşayış evindən çox dini ocaq kimi fəaliyyət göstərirmiş. Polis binada xidmət aparıb və jurnalistlərin binaya daxil olmasına imkan verməyib. Şahidlərin ANS-ə bildirdiyinə görə, iki mərtəbəli bina mədrəsə kimi fəaliyyət göstərirmiş. Polisin əməliyyatından sonra bina polis tərəfindən mühafizə olunur. Ərazidə yaşayan sakinlər bildiriblər ki, evdə ibadətlə məşğul olanlar hansı təriqətə mənsub olduqlarını gizlətməyiblər. 

Qeyd edək ki, son zamanlar Azərbaycan mediasında adı çox hallanmağa başlayan “nurçuluq” kəlməsi Türkiyədə ötən əsrin 60-cı illərində ruhani lider Səid Nursinin adı ilə bağlıdır. Hələ sağlığında S.Nursinin tələbələri onun 130 məktubu (“Nur risalələri”) üzərində cərəyan qurublar. Ancaq S.Nursinin ölümündən sonra cərəyan daxilində bölünmə yaranıb və tələbələri müxtəlif adlarla ayrıca camaatlar yaradıblar. Ancaq bütün bu camaatlar fərqli adlarla tanınsa da, hər birinin üzərində “nurçu” adı qalıb. Yasamalda həbs olunan “sunqurçular” Səid Nursinin yaxın adamlarından və şagirdlərindən biri olan Mustafa Sunqur camaatındandırlar. Bizim bildiyimiz Fətullah Gülən camaatına onların aidiyyatı yoxdur. Hətta, “sunqurçular” gülənçilərlə bir-birinə əksdirlər. Bu baxımdan, əgər həbs olunanlar, DİN-in də açıqladığı kimi, “sunqurçular”dırlarsa, o zaman onlar Fətullah Gülən tərəfdarları deyillər. Tam əksinə, onların Azərbaycandakı və Türkiyədəki rəqiblərindən sayılırlar. 

1929-cu ildə Türkiyənin Eflani bölgəsində dünyaya gələn Mustafa Sunqur Kastamonu Gölköy İnstitutunda müəllimlik ixtisasına yiyələnib və bir müddət dərs deyib. Daha sonra Səid Nursi ilə tanış olan M.Sunqur onun ən yaxın köməkçisi və silahdaşı olub. Səid Nursinin öldüyü günə qədər (S.Nursi 1960-cı ildə dünyadan köçüb – K.R.) Mustafa Sunqur onun ən yaxın köməkçisi olub və hərəkata xidmət edib. Səid Nursinin ölümündən sonra “nur tələbələri” arasında baş verən bölünmədən sonra Mustafa Sunqurun rəhbərlik etdiyi  “Sözlər” qrupu yaranıb. Ayrıca bir camaat kimi formalaşan “Sözlər” qrupu eyni zamanda “Mustafa Sunqur camaatı” və ya sadəcə “sunqurçular” kimi də tanınır. Mustafa Sunqur bir neçə dəfə Azərbaycana da gəlib. Paytaxt Bakıda olub və şimal bölgələrinə səfər edib. Mustafa Sunqurun Bakıda, eləcə də Azərbaycanın bəzi şimal bölgələrində tərəfdarlarının olduğu haqda məlumatlar daha əvvəl də mediada yayılıb. “Sunqurçular” daha çox evlərdə toplaşır, bəzi məlumatlara görə, əsasən Səid Nursinin əsərlərini “Risaleyi Nur” oxuyur, birgə ibadətlər təşkil edirlər. Mustafa Sunqur 2012-ci il dekabrın 1-də İstanbulda vəfat edib. 

Musavat.com