Bakıda I Beynəlxalq Bakı Gələcək Forumu keçirilir

bakida-i-beynelxalq-baki-gelecek-forumu-kecirilir
Oxunma sayı: 2695


 “Qafqazinfo”nun məlumatına görə, tədbirdə NASA, ABŞ Milli Elmi Fondu, Google şirkəti, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun ekspertləri iştirak edir.
30-a yaxın ölkənin nümayəndələrinin qatıldığı foruma dəstəyi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti verir.
Tədbirdə çıxış edən Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova bildirib ki, forumun keçirilməsində əsas məqsəd dünya iqtisadiyyatına inteqrasiyanın təmin olunmasıdır.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abasov qeyd edib ki, Azərbaycanın hazırda əsas məqsədi neftdən sonrakı inkişafın təməlini qoymaq, gələcək inkişafı təmin edəcək neftsiz iqtisadiyyatı irəliyə aparmaqdır: “Məqsəd qeyri-neft sektorunun iki dəfə, İKT sektorunun 4 dəfə genişləndirilməsidir. Hazırda Azərbaycanın İKT-dən illik gəliri 2 milyard təşkil edir ki, 2020-ci ildə bunun həcminin 8,5-9 milyarda qaldırılması planlaşdırılır. Gələcək 8-10 ildə nanotexnologiyaların inkişafı da əsas məqsədlərdən biridir”.
Azərbaycan Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbənin müdiri Elnur Aslanov da çıxışında bildirib ki, Azərbaycanda bir çox nəsillər tolerantlıq və dostluq ruhunda böyüyürlər: “Şahid ola bilərsiniz ki, məscidlər, kilsələr, sinaqoqlar heç bir maneəsiz fəaliyyət göstərə bilərlər. Azərbaycan eyni zamanda öz neft və qaz ehtiyatları ilə də dünyada məşhurdur. Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri ilə yanaşı, Bakı-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır”.
Sonra Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycanın artıq dünyada sürətlə inkişaf edən ölkələrin siyahısına qoşulduğunu söyləyib. Rəhbərlik etdiyi nazirliyin ötən illər ərzində əldə etdiyi uğurlardan danışan H. Bağırov deyib ki, əsas uğur meşələrin qırılmasının qarşısının alması olub.

Nigar Məmmədli