Bakıda təntənəli moda günləri başladı

bakida-tenteneli-moda-gunleri-basladi
Oxunma sayı: 2998


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, martın 13-də bu münasibətlə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, modelyer Gülnarə Xəlilova, türkiyənin tanınmış modelyeri Yıldırım Mayruk və digərləri iştirak edib.

Modelyerlər belə tədbirlərin keçirilməsini gözəl hadisə kimi qiymətləndirərək, martın 15-dək davam edəcək moda günlərində nümayiş edəcəkləri dəfilələri barədə məlumat veriblər.

Fəxriyyə Xələfova nümayiş edəcəyi kolleksiyasında bir neçə geyimi ipək parçadan hazırladığını bildirib. Dekor kimi ayna parçalarından istifadə etdiyini vurğulayan modelyer, həmçinin geyimlərində buta naxışı əks etdirdiyini söyləyib. F.Xələfova dəfilədə biri Avropa, biri isə Şərq üslubunda olan iki gəlinlik təqdim edəcəklərini diqqətə çatdırıb.

Modelyer Gülnarə Xəlilova 20-dən çox geyim nümayiş edəcəklərini söyləyərək, geyimlərin əsasən toxuma olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, kolleksiyasına daxil olan və 2010-cu ildə Çində keçirilən moda yarışında ən gözəl ziyafət geyimi nominasiyasında qalib gələn gəlinliyi də nümayiş edəcək.

Yıldırım Mayruk moda günləri çərçivəsində 66 geyim təqdim edəcəklərini vurğulayaraq, geyimlərin çoxunun əl işi olduğunu deyib.

Mətbuat konfransından sonra “Baku Fashion Nights 2015”in açılışı olub. İlk olaraq əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayıb. Möhtəşəm dəfilənin ardından, podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunub. “Fashion Couture by Ulker Huseynova” Moda Evinin eleqant kolleksiyası, “Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadıb. Tədbirin irəliləyən saatlarında səhnə alan digər gənc və istedadlı modelyer Günay Mirzə yaz-yay moda brendlərini nümayiş etdirib.

Qeyd edək ki, martın 14-də podiumda ən yeni kolleksiyası ilə qonaqları modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova salamlayacaq. Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən “La Couture Baku” Xavər Məmmədova, “Hokuma by Hokuma Hajıyeva” və “Magura by Gulshan Ibrahimova” Moda Evləri olacaq.

Türk modasının canlı korifeylərindən olan əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal “Baku Fashion Nights 2015”in fəxri qonaqlarıdır. Yıldırım Mayruk 50 illik yubileyini “Excelsior Hotel & Spa Baku” otelində və “Baku Fashion Nights 2015” moda günlərində özəl olaraq qeyd edəcək.

Martın 15-də Yıldırım Mayruk, “Pert-a-Porter” konseptli kolleksiyası ilə son dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub.

Məlumat üçün bildirək ki, tədbirlər axşam saat 20.00-da “Excelsior Hotel Baku”da keçiləcək.