Bakıdan kriminal xəbərlər

bakidan-kriminal-xeberler
Oxunma sayı: 643

Fevralın 25-nə keçən gecə Yeni Ramana qəsəbəsində yaşayan Sabir Məhərrəmzadəyə məxsus «VAZ-2104» markalı avtomobildən akkumlyator oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Ələkbərov martın 10-da yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, Z. Ələkbərov martın 9-da Y. Ramana qəsəbəsi Dəmir yol küçəsində yaşayan Sadiq İsmayılovun mənzilindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, mətbəxt əşyaları və həyətdə olan «VAZ-2107» markalı avtomobilin mühərrik hissəsindən naqillər oğurlayıb.

Martın 10-u saat 23 radələrində Sabunçu şossesində Bakı şəhər sakini Vasif Əliyev idarə etdiyi «Mersedes» markalı avtomobillə Lənkəran şəhər sakini Rasim Bağırovu vurub, sonuncu 3 saylı xəstəxanada dünyasını dəyişib.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 26 noyabr 2012-ci il tarixdə Natiq Hüseynovun etibarından sui istifadə edərək 1600 manatını alıb qaytarmayaraq dələduzluq etmiş Şadman Cabbarov martın 10-da yaxalanıb.

Martın 9-na keçən gecə Telnov küçəsində yerləşən, Fərman Nuriyevə məxsus mağazadan qapının qıfılını sındırma yolu ilə 200 manat və kompyuter avadanlıqları oğurlanıb. Xətai RPİ 34 və 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Elnur Məmmədov yaxalanıb və müəyyən edilib ki, o, fevralın 3-nə keçən gecə G. Şıxlı küçəsində yerləşən, Vüqar Qəmbərova məxsus mağazadan qapını sındırmaqla siqaret və spirtli içkilər oğurlayıb.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Elxan Tanrıverdiyev martın 9-da tutulub.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan İbrahim Axundov martın 5-də tutulub.

Martın 3-də naməlum şəxs Zaqulba çimərliyində Vüqar Əsgərovun taksi kimi idarə etdiyi «Opel» markalı avtomobili saxladıb bıçaqla hədə-qorxu gələrək 180 manatını alıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Rəşad Zülfüqarov martın 9-da tutulub.