Bakıdan qayıdan kimi istefa verdi

bakidan-qayidan-kimi-istefa-verdi
Oxunma sayı: 5469

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze Tbilisidə baş verən kütləvi aksiyalar fonunda istefa verməli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə gürcü KİV-i məlumat yayıb.

Müvafiq qərar hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının iclasında qəbul edilib. 

Görüşdə Azərbaycan səfərini yarımçıq kəsərək ölkəsinə qayıdan 40 yaşlı Kobaxidzenin özü də iştirak edib. 

Onun postuna “Gürcü arzusu” fraksiyasının lideri Arçil Talakvadze rəhbərlik edəcək.

Faktı hakim partiyanın baş katibi Kaxa Kalidze də təsdiqləyib.

Rəsmi bəyanat yaxın saatlarda elan ediləcək.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. 240 nəfərin xəsarət alması ilə nəticələnən mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.

Baş vermiş hadisələr fonunda Daxili İşlər naziri Georgi Qaxariya da istefaya getməyə hazır olduğunu bəyan edib.