Allahı ağladan peşə

allahi-agladan-pese
Oxunma sayı: 651

Günümüzün həqiqəti odur ki, 19 iyulda Dağlıq Qarabağ erməniləri prezident seçkiləri keçirdi, 22 iyulda Həsən bəy Zərdabi tərəfindən Azərbaycan mətbuatının bünövrəsi qoyulub, 23 iyulda Ağdam ermənilər tərəfindən işğal olunub.
Amma həqiqətlər də iki cür olur: görünən və pərdə arxasında qalan.

Görünən həqiqətlər:

Ermənilər Dağlıq Qarabağı müharibə yolu ilə ələ keçirib və orada prezident seçirlər.
Zərdabi bu millətin tərəqqisi üçün qəzet adlı bir yeniliyi Azərbaycana gətirdi.
Ağdam hələ də işğaldadır.

Pərdə arxasında olan həqiqətlər:
Biz Qarabağı niyə geri ala bilmirik.
Zərdabi və digərləri bu milləti bataqlıqdan çıxarmaq istədi. Amma millət niyə hələ də bataqlıqdadır?
Ağdam sözü niyə çoxunun xoşuna gəlmir?

Hamının bildiyi həqiqətləri ağzı köpüklənə-köpüklənə qışqıranlar, mənsəb sahibi olur. Amma pərdə arxasında qalan həqiqətləri sakitcə, qışqırmadan deyənlər də sanki Allahın qəzəbinə gəlir.

Niyə?

Ona görə ki, pərdə arxasında qalan həqiqəti demək olmaz. Çünki Allah da bunu istəmir. İstəsəydi, heç nə pərdə arxasında qalmazdı axı. Bəyəm bilmirsinizmi ki, Allah hər şeyə qadir olandır?
Bax elə buna görə də deyirəm ki, Allah pərdə arxasında qalan həqiqətləri deyənləri cəzalandırır.

Allahın qüdrətindən danışdım, bir həqiqət də yadıma düşdü – Ramazan həqiqəti.
Axı müqədds aya qədəm qoyuruq.
Ramazan ayı gözəldir, müqəddəsdir. Bu ayda insan nəfsi ilə cəng edir. Bunlar hamısı hamının bildiyi həqiqətlərdir.

Bir də var pərdə arxasında qalan həqiqət - Nəfsinə qalib gələnlər nə qədərdir?
Mən sözün bütöv mənasında nəfsinə qalib gələn adam ümumiyyətlə tanımıram.
Özünüzü aldatmayın, heç Siz də tanımırsınız?

O ki, qaldı jurnalistlərə...
İndi jurnalist olaraq nəfsinə qalib gələnlərin sayı, Allahı ağladanlar qədərdir.
Allahı ağlatmaq isə asan iş deyil.
Buna görə də Sizi qınamıram, dostlar...