Avropalı parlamentarilərdən Azərbaycana Ramil Səfərov dəstəyi

avropali-parlamentarilerden-azerbaycana-ramil-seferov-desteyi-
Oxunma sayı: 738

Almaniya Bundestaqının və Böyük Britaniya Lordlar Palatasının üzvləri rəsmi İrəvanın bu məsələ ilə bağlı tutduğu mövqeyi kəskin pisləyiblər.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Almaniya Bundestaqının deputatı, Xristian Demokrat Partiyasının üzvü Olav Gutting Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını bildirib. O. Gutting hesab edir ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur: “Odur ki, Ermənistan hökumətini, eləcə də erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləyirik. Ermənistan tərəfinin Macarıstanın, beynəlxalq hüququ pozmasına dair iddialarının, sadəcə yanlış və səbatsız olduğu sübut oluna bilər.

Macarıstan səfirlikləri qarşısında nümayişlərə çağırış növbəti iğtişaşlara təhrik edəcək ki, bu da nə etibarın artırılmasına, nə də Ramil Səfərovun Azərbaycana ekstradisiyasının obyektiv qiymətləndirilməsinə nail olmaq üçün əlverişli yoldur.

1992-ci ilin fevralında yüzlərlə azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalıda törədilən qırğından əvvəl azərbaycanlıların ermənilərin dinc əhaliyə ziyan vurmağa qadir olduğuna inanmadığını deyən hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi bu kimi bəyanatlar Cənubi Qafqazda sülhə nail olmağa əngəl törədir. Odu daha da alovlandırmaq əvəzinə, Ermənistan bu ekstradisiyanın qanuniliyini tanımalı və danışıqlar masasına yenidən qayıtmalıdır”.

Almaniya Bundestaqının digər üzvü, hakim Xristian Demokrat İttifaqı / Xristian-Sosial İttifaqı parlament fraksiyasının Xarici siyasət komitəsinin sözçüsü Filipp Misfelder (Philipp Missfelder) də Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar məsələlərə münasibətini açıqlayıb.

Filip Misfelder bildirib ki, Avropa Birliyinin (AB) üzvü kimi Macarıstan Respublikası Avropa Birliyinin hüquqi dövlət prinsiplərinə bağlıdır, ona görə də Budapeştin Ramil Səfərovun Azərbaycana ekstradisiya etməsinin qanunauyğunluğuna heç bir şübhə yoxdur: “Bu səbəbdən Ermənistanın Macarıstanla diplomatik əlaqələrini dayandırması tamamilə yersiz addımdır. Ermənistan hökumətinin "bizim yaxın tərəfdaşımız olan Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya etməsi Azərbaycanla Ermənistan arasında sülh prosesini təhlükə altına alır" iradı Macarıstanda mövcud olan Avropa ədliyyə və hüquq standartlarına uyğun gəlmir. Macarıstanla diplomatik əlaqələri kəsmək Ermənistan hökumətinin ölkəni Avropa Birliyinə daha da yaxınlaşdırmaq məqsədlərini təhlükə altına alır”.

Filipp Misfelder hesab edir ki, əslində, beynəlxalq hüquqla tanınmayan “Dağlıq Qarabağ Respublikası”nda 19 iyul 2012-ci ildə keçirilən qondarma "prezident seçkiləri" beynəlxalq birliyin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və normal qonşuluq münasibətlərinin yaradılması istiqamətində səylərinə ağır zərbə vurub: ““Prezident seçkiləri"nin birtərəfli nəticəsi Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli imkanlarını yenidən çətinləşdirib”.

Böyük Britaniya Lordlar Palatasının üzvləri də Ermənistanın bu məsələ ilə bağlı mövqeyini kəskin tənqid ediblər. Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Ken Maginnis Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökümətinin aqresiv mövqeyinə münasibət bildirib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Ken Maginnis qeyd edib ki, həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır: “Ermənistan ordusunun zabitini qətlə yetirdiyi üçün həbs olunan və cəzasının 8 ilini çəkən Ramil Səfərovun bu yaxınlarda azadlığa buraxılması Ermənistanda və erməni diasporunda böyük incikliyə səbəb oldu. Bu həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır. Lakin, əlbəttə ki, ermənilər də qəbul etməlidir ki, bir zamanlar azərbaycanlılar və türklər də qətlə və terrorizmə görə məhkum olunmuş ermənilərin azadlığa buraxılması və ondan sonra əfv edilməsindən hiddətlənib. Paris hava limanında Türk Hava yollarına məxsus şöbəyə hücum kimi hadisələr türkiyəli və avropalı dinc vətəndaşların qətli ilə nəticələndi. Lakin, buna baxmayaraq, nə beynəlxalq ictimaiyyət, nə də Qərb mətbuatı məhkum olunmuş o terroristlərin azad edilməsini pisləyərək, gərginliyi artırmaq üçün fürsət axtardı”.

Ken Maginnis ermənilər türk və azərbaycanlı diplomatların həyatını təhdid etməkdə davam etdiyini deyib: “Təmas xətti boyunca gərginlik həddən çox artıb. Mən hər iki tərəfi danışıq tonunu aşağı salmağa və qarşıdurmadan çəkinməyə çağırıram”.

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Laird da eyni fikri bölüşür. O qeyd edib ki, erməni zabitini öldürdüyü üçün cəza çəkən Ramil Səfərovun səkkiz ildən sonra azadlığa buraxılması Ermənistanda çox kəskin qarşılanıb: “Lakin Ermənistanın reaksiyasının getdikcə əndazəsini aşma təhlükəsi var. Səfərovun azad olmasına cavab olaraq, onlar Dağlıq Qarabağ müharibəsinin yenidən alovlandırılması, Macarıstan ilə diplomatik münasibətlərin pozulması və Avropada yaşayan azərbaycanlıların öldürülməsi ilə hədələyir. Adəti üzrə, Səfərovun doğulduğu Cəbrayıl rayonunun son 20 ildə erməni işğalı altında olması heç bir yerdə qeyd olunmur. Bütün regionda sülh Ermənistanın geri addım ataraq, yenidən özünü təmkinli aparmasından asılıdır.”

Lordlar Palatasının digər üzvü, Lord Kilkluni də məsələyə münasibət bildirib: “Erməni ordusunun zabitini qətlə yetirmiş Ramil Səfərov Macarıstandan Azərbaycana təhvil verildi və azadlığa buraxıldı. Erməniləri qıcıqlandırmış bu məsələyə o prizmadan baxmaq olar ki, ermənilər özləri illərlə xaricdə terror hücumları və qətllər törətmiş bir neçə vətəndaşının azad olunmasını təmin ediblər. Ermənistan prezidenti Serj Sarkisyan sakitliyə çağırmaqdansa, müharibə ilə hədələyir. "Dondurulmuş" münaqişələrin tez bir zamanda necə alovlandığını görmüşük. Dağlıq Qarabağın işğalı zamanı müharibəni dadan Ermənistan prezidenti dərk etməlidir ki, yenidən açıq düşmənçiliyə qayıtmaq tərəflərin hər biri üçün dəhşətli ola bilər”.

Lord Kilkluni Belfast Sazişinin vasitəçisi kimi sülh prosesində əsl neytral iştirakçıların olmasının nə qədər mühüm olduğunu yaxşı bildiyini deyib: “Minsk Qrupunun bu həftəki bəyanatları göstərdi ki, onlar bu qəbildən deyil. Bu isə, gələcək üçün yaxşı ümidlər vermir”.