Azay Quliyev prezidentə məktub göndərdi - Mətn

azay-quliyev-prezidente-mektub-gonderdi-metn-
Oxunma sayı: 728

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə


Hörmətli Cənab Prezident!


Böyük etimad göstərərək, bizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ikinci müddətə üzv təyin etdiyinizə görə Sizə öz səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması Azərbaycanda ictimai sektorun daha da fəallaşması, vətəndaş cəmiyyəti quruculuğunun möhkəmləndirilməsi üçün yeni imkanlar açdı. Şuranın fəaliyyət göstərdiyi 5 il ərzində Sizin müəyyənləşdirdiyiniz prioritet istiqamətlər üzrə 1400-ə yaxın QHT layihəsinin maliyyələşdirilməsinə 9 milyon manatdan artıq vəsaitin ayrılması ölkəmizdə milli donor institutunun formalaşmasına böyük töhfə olmuşdur. QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə, cəmiyyətdə demokratik proseslərin daha da dərinləşməsinə, bütövlükdə milli şüurun inkişaf etdirilməsinə ciddi təkan vermişdir. Bu gün QHT-lər Azərbaycan dövlətinin həyata keçirdiyi sosial, mədəni, infrastruktur layihələrinə çevik və mobil ictimai dəstəyi təmin edir, ölkə daxilində milli birliyin daha da möhkəmləndirilməsi üçün var qüvvələrini sərf edirlər. Əmin ola bilərsiniz ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş QHT-Hökumət əməkdaşlığı ənənələrinin uğurla davam etdirilməsi üçün bundan sonra da bütün bacarığı ilə çalışacaqdır.

Hörmətli Cənab Prezident!

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan uğurla inkişaf edir, iqtisadiyyatımız öz yüksək inkişaf templərinə görə dünyanın ən qabaqcıl ölkələrinin iqtisadiyyatı sırasına qalxır. Sizin dəfələrlə qeyd etdiyiniz kimi, gənc Azərbaycan dövləti artıq iyirmi ildir ki, ərazisinin bir hissəsinin işğalı problemilə üz-üzədir. Ona görə də Şura QHT-lərin potensialını Sizin təsdiq etdiyiniz Konsepsiyaya uyğun olaraq, əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mübarizəyə və işğalın nəticələrinin aradan qaldırılmasına yönəldir. İnanırıq ki, daim güclənən dövlət dəstəyi QHT-lərin bu yöndə fəaliyyətinin səmərəsini daha da artıracaqdır.

Hörmətli Cənab Prezident!

Göstərdiyiniz yüksək etimada görə Sizə bir daha minnətdarlığımızı bildirir və Sizi əmin etmək istəyirik ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Sizin ən yaxın və ən güclü ictimai tərəfdaşlarınızdan biri olaraq, həyata keçirdiyiniz siyasi kursu daim dəstəkləyəcək və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yeni töhfələr verəcəkdir.

Sizə dərin ehtiram və hörmətlə,

Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının üzvləri adından

Sədr Azay Quliyev