“Azərbaycanda müxalifət zəif deyil” – Müsahibə

azerbaycanda-muxalifet-zeif-deyil-musahibe
Oxunma sayı: 672


- Razi bəy, bayramı necə keçirirsiniz?

- Bayramı çox gözəl keçirdim. Ailəmlə - həyat yoldaşım, iki qızımla keçirdik və süfrəmizin şəklini də çəkərək yerləşdirdik Facebook və Twitter-ə. Bayram süfrəsinin hazırlamasına - şəkərburanın bişirilməsinə, paxlavanın hazırlanmasına birbaşa özüm də kömək eləmişdim. Bu fikrimi dostlarımla da bölüşmək istədim və ailəmlə çəkdirdiyim şəkilləri də Facebook-a qoydum. Artıq 300-ə yaxın “like” və şərh gəlib. Bizim üçün də xoş oldu ki, orada xoş sözlər yazıldı və bizim üçün əlavə bayram ovqatı yarandı.

- Bazarlığı özünüz edirsiniz?

- Mənim ümumiyyətlə bazarlıq etməkdən çox xoşum gəlir. Məsələn, marketə girib saatlarla nəyisə alıb arabaya yığa bilərəm. Çox xoşuma gəlir. Müxtəlif cür yeni ərzaq növünü öyrənmək, yeni ərzaqlara baxmaq, dadmaq və s. Vaxtım olandan-olana həyat yoldaşımla super marketlərə gedərək bazarlığımızı edirik. Bayram bazarlıqlarını da bir yerdə elədik. Amma çox vaxt vaxtım olmadığı üçün edə bilmirəm.

- Necədir qiymətlər?

- Çox bahadır. Mənim müqayisə etmək imkanım var. Məsələn, ərzaq Azərbaycanda Avropanın istənilən bir ölkəsindən daha bahadır. Mənə belə gəlir ki, Azərbaycanın indiki əmək haqqı və sosial statusu ilə bu, bəzi insanlar, o cümlədən bizim üçün də həyatla yaşayış uğrunda mübarizəyə bərabərdir. Bəlkə də digərləri bunu görmədiyi üçün müqayisə apara bilmir, amma mən bunu gördüyüm və müqayisə apardığım üçün daha çətin olur. Amma məcburuq. Baha da olsa alırıq. Çünki onsuz da yaşamaq olmur. Bazardan və qiymətlərdən çox narazıyam və bilirəm ki, bir çox qiymətlərin baha olmasının da arxasında birbaşa bir sıra yüksək çinli məmurların monopoliyası dayanır.

- Qiymətin Avropadan çox baha olduğunu dediniz. Bu Avropada necə tənzimlənir ki, əhalinin çıxarı gəlirindən az olur?

- Sizə bir misal çəkim. Berlində olan zaman marketə girdim və gördüm ki, növbədir. Soruşdum, dedilər ki, bunlar Almaniya hökumətinin bu tip super marketləridir ki, burada əsasən növbəyə durmaq istəyən, yaxud bir az ucuz qiymətə mal almaq istəyənlər üçündür. Gördüm ki, xüsusi ilə asiya millətlərindən olan miqrantlar böyük arabalarla ərzaqları daşıyırdılar. Mən də 10 günə yaxın qalmalıydım və mənə lazım olan ərzaqları aldım. Aldığım şeylərin şəklini çəkərək Facebook-a da yerləşdirdim. Həmin şəkil orada yenə də qalır və çoxlu da şərhlər gəldi. Orada mənim 15 avroya yaxın pulum çıxdı və hesabladım ki, Azərbaycanda 60-70 manata mənə başa gələrdi. Hələ mən 2008-ci ildən söhbət edirəm. Bu doğurdan da böyük bəladır. Avropanın bir çox ölkələrində insanlar bu tip marketlərdən çox ucuz qiymətə bazarlıq edə bilərlər. Məsələn, deyək ki, burada kartofun kiloqramı 1 manata yaxındır, ancaq orada elə vaxt olur ki, 20-25 sentə almaq olur. Ən bahası 30-40 sentə ola bilər. Azərbaycanda daha çox banan müzakirəsi gedir. Deyək ki, Azərbaycanda 2-2.5 manata marketlərdə qoyulub. Ən ucuzu 2 manata bir az xarab olmuşunu almaq olar. Ancaq Avropa ölkələrində 40-50 sentə, birinci sort meyvələri isə 55-60 sentə almaq olar. Bu cür ucuzluqdur və özünüz müqayisə edə bilərsiniz.

- Müxalifətin zəif olduğu deyilir. Doğurdanmı müxalifət zəifdir?

- Mən müxalifətin zəif olması fikri ilə razı deyiləm. Azərbaycanda müxalifət zəif deyil. Çünki Azərbaycandakı hazırkı siyasi reallıqlar çərçivəsində müxalifət necə olmalıdırsa, o cür də müxalifət var. Bundan artıq olmaq mümkün də olmur, amma əlbəttə ki, biz gücümüzü artırmaqla məşğul oluruq. Bu gün Azərbaycan müxalifətinin güclü olmasına dəlalət edən bir sıra faktorlar var və bu faktorlar da Azərbaycan müxalifətinə siyasi toplaşmaq azadlığının təmin edilməməsi və onlara yer ayrılmamasıdır. Martın 17-də gənclərə yer ayrıldı və 2 min nəfərə yaxın gənc orada öz sözünü dedi. Bu Azərbaycan cəmiyyəti və siyasi reallığı üçün böyük rəqəmdir. Azərbaycan müxalifətinə yer ayrılarsa və Azərbaycan müxalifəti orada sanksiyalaşdırılmış icazəli mitinq keçirərsə və kənardan hakimiyyətin inzibati qanadları onlara maneçilik törətməzsə, bir gündə 10, 20 min adamın toplaşacağını düşünürəm və növbəti mitinqlərdə isə 50, 100 minlərə çata bilər. Bu sahədə problem görmürəm. Digər tərəfdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının ofisi yoxdur. Biz ofisimiz olmadan küçələrdə fəaliyyət göstəririk, digər sirdaş partiyaların ofislərində yığışırıq, sıravi cəbhəçilərin ofislərində yığışıb iclaslarımızı keçiririk. Belə bir şəraitdə bizim gücümüzü müqayisə etmək və müxalifəti zəif adlandırmaq məncə ədalətli deyil və məntiqdən də kənar olardı.

- Deyirsiniz ki, mitinqə icazə verilərsə, müdaxilə olmazsa, 10, 20 min nəfər çıxarmaq mümkündür. Bu aksiyanı iqtidarın icazə verdiyi, məsələn, Bibiheybətdə, yaxud gənclərin mitinq keçirdiyi 20-ci sahə ərazisində keçirmək mümkün deyilmi? Məxsusən şəhərin mərkəzimi olmalıdır?

- Artıq İctimai Palata aprel ayının 8-ə mitinq müəyyən edib. Hakimiyyətlə danışıqlar aparacağıq. İstənilən halda hakimiyyətlə razılaşdırmağa çalışacağıq. Əgər hakimiyyət Bibiheybəti təklif edərsə, düşünə bilərik. İctimai Palata bununla bağlı qərar qəbul edə bilər, ancaq biz daha məqbul bir yer gözləyirik. İstənilən halda İctimai Palata hakimiyyətlə razılaşdırılmış mitinqlərin keçirilməsinə razılığını verib və yəqin ki, aprelin 8-də müxalifətin on minlərin iştirak etdiyi mitinqinin şahidi olacağıq.

- Qarşıdan yay gəlir. Razi Nurullayev harada dincəlməyi xoşlayır?

- İstirahət etmək üçün ciddi maliyyə resurslarının olması birinci şərtdir. Ancaq müxalifətin ciddi maliyyə resursları yoxdur. Mən də müxalifət partiyasının rəhbərliyində təmsil olunan bir şəxs kimi özüm üçün maliyyə resursları yaratmaq imkanlarından mərhumam, işləmirəm. Ancaq mən bir sıra konsultasiyalar keçirməklə, bir sıra beynəlxalq hesabatların hazırlanmasında iştirak edirəm və bu tip yollarla yaşamımı təmin edirəm. Bunun üçün də ciddi istirahət haqqında düşünə bilmirəm. Bununla belə mənim hələ tələbəçilik illərində aldığım bağ evim var. Çünki mən o zaman xarici təşkilatlarda işləyirdim və Azərbaycan reallığı üçün kifayət qədər pul qazanırdım və öz həyatımı qura bilmişdim. İstirahətimi də bağ evimdə edirəm.

- Bəzi insanlar dincəlmək üçün təkliyə çəkilir. Sizdə necə olur?

- Doğrusunu desəm, mən təkliyə çəkilən insan deyiləm. Mən, idman paltarımı geyinib dostlarıma zəng edirəm. Onlarla birlikdə ya hansınınsa bağına, yaxud dəniz kənarına gedirik, şəkil çəkdirməyi xoşlayıram, şəkil çəkdiririk, çoxlu məzəli əhvalatlar danışırıq, bir-birimizin həyatı ilə maraqlanırıq, sonra yüngül bir kafedə oturub, bir az əylənirik. Mən bu cür istirahət edirəm.

- Müxalifətin birlik nümayiş etdirmə problemi var. Müxalifət niyə birlik nümayiş etdirə bilmir?

- Bu da yəqin ki, Azərbaycan reallığından irəli gələn məsələdir. Zamanı ilə Azərbaycan müxalifəti mühüm məsələlərdə kifayət qədər böyük tərkibdə birləşə bilmişdi. Mən bunu 2003-cü ilə aid edirəm, 2005-ci ildə "Azadlıq bloku" oldu, 2010-cu ilin parlament seçkilərində AXCP-Müsavat bloku yarandı, amma əlbəttə ki, daha böyük siyasi birliklər yarana bilərdi. Burada məlum səbəblər var. Bu gün istədik-istəmədik Azərbaycanda bəlli real qüvvələr var. Bu real qüvvələrdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyası və bizim müttəfiqimiz olan Müsavat Partiyasıdır. Mənə belə gəlir ki, bizim başqa partiyalara birləşmək təklifimiz səmimidir. Sadəcə olaraq burada müəyyən şəxsi ambisiyalar da rol oynayır. Bu gün daha çox məhrumiyyətlərə məhkum olan Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır, Müsavat Partiyasıdır, o cümlədən digər partiyalardır. Bəlkə bizdə də müəyyən qədər qısqanclıqmı, barışmamazlıq var ki, biz bu qədər məhrumiyyətlərə düçar oluruq, bu qədər hakimiyyətin üzərinə gedirik və bütün körpüləri özümüz üçün yandırırıq. Bunun fonunda körpüləri yandırmaq istəməyən insanlar da var və bizimlə eyni çəkini, eyni dividendi, eyni bərabərliyi bölüşmək istəyirlər. Bəlkə də bizim partiyamızın içində olan müəyyən insanlar var ki, bunu qəbul etmək istəmirlər. Reallıqda bu da var. Amma rəhbərlik səviyyəsində bizim birlik istəyimiz müqabildir, qətidir və səmimidir. Biz istəyərdik ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ilə daha yaxından əməkdaşlığımız olsun. Bu və ya digər səbəbdən Mirmahmud Mirəlioğlu orada iştirakdan imtina etdi, ancaq KXCP olaraq rəsmi rəhbərlik və üzvləri fəaliyyət göstərirlər. Azərbaycan Milli İstiqlal Partiyası zamanında kifayət qədər çox güclü partiya olub, liderli partiya olub. Onlar da İctimai Palatada təmsil olunur, amma ciddi birlik nümayişi üçün onların da qeyd-şərtsiz bizimlə bir cəbhədə olmasını istəyərdik, Demokrat, Liberal partiyaları ilə də bir yerdə olmaq istəyərdik. Yəni bu partiyalar müəyyən zaman çərçivəsində özlərini doğrultmuş partiyalardır və hesab edirəm ki, Lalə Şövkət Hacıyeva da Azərbaycanın siyasi spektrında öz yeri və çəkisi olan bir xanımdır. Bu gün də bir yerdə ola bilərik. Eyni zamanda Sərdar Cəlaloğlu ilə də zamanında bir yerdə çox olmuşuq, bu gün də bir yerdə olmağımızda heç bir sakınca yoxdur. Bu tip misalları uzada bilərəm. Yəqin bilirsiniz ki, “Beşlik” səviyyəsində görüş olub və adlaırnı yuxarıda çəkdiyim siyasilərlə də İctimai Palata rəhbərliyində təmsil olunan Əli Kərimli və İsa Qəmbərin görüşü olub. Hər şey yaxşılığa doğru gedir.

Ardı var
Məhərrəm AĞALAROĞLU
Oxucu.info