“Azərbaycandakı ermənilərin hüquq və azadlıqları pozulur” - Bəyanat

azerbaycandaki-ermenilerin-huquq-ve-azadliqlari-pozulur-beyanat
Oxunma sayı: 732

“Qafqazinfo”nun məlumatına görə, birliyin sədri hüquq müdafiəçisi Elnur Məlikov Azərbaycan hakimiyyətini kilsənin fəaliyyətinin bərpa olunması üçün tədbir görməyə çağırıb. O bildirib ki, hazırda Azərbaycanda 30 min erməni yaşayır ki, onların milli mənsubiyyətlərinə görə hüquq və azadlıqlarının pozulmasını iddia etmək olar. Buna əsas kimi isə Bakının mərkəzində, 1887-ci ildə inşa edilmiş Erməni Apostol Kilsəsinin 1990-cı ildən etibarən ləğv edilməsi və hazırda binanın başqa təyinat üçün istifadə edilməsini göstərib: “Bakıdakı Erməni Apastol Kilsəsi Azərbaycan Dövlətinə və Xalqına məxsus qədim abidə və məbədgahdır və fəaliyyətsiz qalması bu kilsədə ibadət etmək arzusunda olan vətəndaşların insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Müasir Avropa ailəsinə inteqrasiya etmək arzusunda olan Azərbaycan üçün Kilsənin fəaliyyətinin ləğv edilməsi, səbəbinin nə olmasından asılı olmayaraq yolverilməzdir. Çünki Erməni Apastol Kilsəsində ibadət etmək arzusunda və istəyində olan, potensial sayı minimum 30 min nəfər vətəndaşımızın belə bir hüququnun əlindən alınması Avropa dəyərlərinə, insan haqlarına ziddir. Azərbaycanda yaşayan ermənilərin Erməni Apastol Kilsəsində ibadət etmək hüququ var və onların bu hüququnu Azərbaycan hakimiyyəti təmin etməlidir”.

Hüquq müdafiəçisi, həmçinin Qarabağ münaqişəsi zamanı Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması, bir milyon vətəndaşımızın zorla evlərindən qovularaq qaçqın olması, konflikt zamanı milli mənsubiyyətinə görə azərbaycanlıların Qarabağda terror və soyqırıma məruz qalması faktının Respublikamızda yaşayan, Respublikamızın ərazi bütövlüyünü qəbul edən, bütün xalqlarla dost və mehriban yaşamağa üstünlük verən erməni əsilli vətəndaşlarımızın hüquqlarının pozulması üçün əsas olmadığını qeyd edib.

E. Məlikov dünya liderlərini hökumət və dövlət rəhbərlərini, dünya ictimaiyyətini bu bəyanata dəstək verməyə çağırıb: “Azərbaycanda Erməni Apostol Kilsəsinin bərpa olunmasına çağırış etmək həm bir inanclı müsəlman olaraq, həm vətəndaş olaraq, həm də hüquq müdafiəçisi olaraq vicdanımın səsidir. Bütün dünya müsəlmanlarını, xristianları, yəhudiləri və sekulyar insanları bu bəyanatıma dəstək verməyə çağırıram”.

Səidə