Azərbaycanla Ermənistan prokurorları Ramil Səfərova görə üz-üzə gəldi

<b>Azərbaycanla Ermənistan prokurorları Ramil Səfərova görə üz-üzə gəldi </b>
Oxunma sayı: 294




Oktyabrın 2-də Kiyev şəhərində MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib. Tədbirdə cinayətkarlığa qarşı mübarizədə birgə tədbirlərə dair dövlətlərarası əməkdaşlıq, insan alverinə, terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə, habelə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, qanunsuz miqrasiya və gündəlikdə olan digər məsələlər müzakirə edilib. Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda Ermənistan nümayəndə heyəti azərbaycanlı zabit Ramil Səfərovun ölkəmizə ekstradisiyasının qeyri-legitimliyi barədə tədbirin protokol qaydalarına zidd olan siyasi bəyanat verərək Şura tərəfindən müvafiq qətnamənin qəbul olunması barədə məsələ qaldırıb.

Azərbaycanın Baş prokurorunun müavini Namiq Əsgərov tədbirdə çıxış edərək, Ermənistan nümayəndə heyəti tərəfindən qaldırılan məsələnin tam əsassız olduğunu, Ramil Səfərovun Azərbaycana ekstradisiyasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası əsasında həyata keçirildiyini və ölkə Konstitusiyasının 109-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliyə və beynəlxalq normalara müvafiq qaydada əfv olunduğunu bildirib.

Namiq Əsgərov daha sonra Ermənistan Respublikası tərəfindən həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizdən çoxunun 20 ildən artıq müddət ərzində işğal altında saxlanıldığını, minlərlə dinc və günahsız azərbaycanlının zorakılıqla qətlə yetirildiyini, işğal nəticəsində 1 milyona yaxın insanın doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü tədbir iştirakçılarının nəzərinə çatdıraraq, Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə qarşı çıxıb.

MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurası tərəfindən Ermənistan nümayəndə heyətinin təklifi rədd edilib və həmin məsələ üzrə hər hansı bir müzakirə aparılmayıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi