Az.TV-də qalan izim

aztv-de-qalan-izim-
Oxunma sayı: 775

Hazırda mövcud proqramlardan biri Az.TV-də hazırlanan “Azərbaycan Respublikasına xidmət edirəm”dir. Əslində, bu proqram haqda xoşagəlməz nəsə demək mənim üçün çox çətindir. Çünki, bu proqramın bünövrəsini qoyanlardan biri mənəm. Proqram yaradılan zaman qarşımızda duran əsas şərt hər buraxılışda cəbhə xəttindən reportajın olması idi. Bütövlükdə proqramın özəyini də məhz səngərdə vətənin namusunu qoruyan hərbçilərin fəaliyyəti təşkil etməli idi. İndi bu proqramda haqqında ən az danışılan məhz səngərdə düşmənlə üzbəüz dayanan oğullarımızdır. Az.TV sədri Arif Alışanovun Hərbi-vətənpərvərlik Redaksiyasına təyin etdiyi baş redaktorun bundan artığına görünür, gücü çatmır. Əlbəttə, bu dediklərimi iki il əvvəl işdən çıxarılmış bir redaktorun qərəzli mövqeyi kimi də qəbul edə bilərsiz. Amma əgər bu gün də “Azərbaycan Respublikasına xidmət edirəm” proqramının anonsu mənim yazdığım üç cümlə ilə təqdim edilirsə, deməli, məsələ qərəzdə deyil. Necə deyərlər, məni bəyənməsələr də, mənim üç cümləmə möhtac qalıblar. Bir vaxt mənə atdığı böhtanı hələ də sübut edə bilməyən baş redaktor Fiuruz Kazımoğlu əgər bundan yaxşısını yaza bilsəydi, mütləq yazardı. Ən azı məni işdən çıxarmış Arif Alışanovun xoşuna gəlmək üçün. Mən bu üç cümlədən ötrü dava açmaq fikrində deyiləm. Sadəcə Az.TV-də hərbi-vətənpərvərlik mövzusuna münasibəti diqqətinizə çatdırmaq istəyirəm. O ki, qaldı üç cümləyə, əgər “qarda-yağışda, suda-havada, dağda-dərədə Azərbaycan Respublikasına xidmət edənlərin” daha yaxşı təqdimatı üçün mənim Az.TV-də qoyduğum iz lazımdısa, qoy olsun. Amma mən əminəm ki, bu gün Azərbaycan hərbçisini bundan da yaxşı təqdim etmək olardı. Nəzərə alın ki, o üç cümləni mən beş il əvvəl yazmışam axı.

Azərbaycan teleməkanında öz izi olan hərbi proqram sözsüz ki, ANS-in “Marş”ıdır. Şirkət rəhbərliyi müharibənin və Silahlı Qüvvələrin nə demək olduğunu bilir deyə, ANS-də hazırlanan hərbi proqram digərlərindən fərqlənir. Müxtəlif zamanlarda, müxtəlif formatlarda və müxtəlif müəlliflərin təqdimatında hazırlanan proqramda ANS-in əsas xətti həmişə hiss olunub və olunur. “Marş”da olan çatışmazlıqları kölgədə qoyan müsbət cəhətlərindən biri də məhz hərbi baxımdan peşəkarlıq standartlarına riayət olunmasıdır.

Teleməkanımızın daha bir proqramı “Salam əsgər” adlanır. İctimai Teviziya fəaliyyətə başlayandan ilk ərsəyə gələn proqramlardan biri də məhz “Salam, əsgər” olub. İTV üzərinə götürdüyü missiyanın parametrlərinə uyğun proqram hazırlayır. Amma bu illər ərzində yadda qalan yenilik təqdim olunmayıb. Yaradıcı qrup sabit və standart proqram çərçivəsindən çıxa bilmir. Əlbəttə, proqramın sabit və standart olması tək yaradıcı heyətdə bağlı olan məsələ deyil. Silahlı Qüvvələrlə iş prinsiplərinə bələd adam kimi obyektiv çətinliklərin olduğunu bilirəm. Müharibə şəraiti, hərbi nizamnamə və sairə. Bütün bunlar çərçivəsində efirdə ordunun təqdimat həllini tapmaq bir o qədər də asan deyil. Amma bütün hallarda yaradıcı qrup məhz orduya fokuslanır. Bu isə Az.TV-dən fərqli olaraq kənar maraqlara yox, məhz hərbi-vətənpərvərlik mövzusuna diqqətin göstəricisidir.

Bəli, torpağı işğalda qalan, danışanda od püskürən, Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirən Azərbaycanda hərbi-vətənpərvərlik mövzusunda ancaq bu üç proqram mövcuddur. Vəssalam. Birmənalı demək olar ki, azdır.
Amma bir-neçə il əvvəl bu proqramların sayı daha çox idi. Məsələn, “Space” TV-də “Hərb və sülh”, “Hər şey vətən üçün” proqramları kifayət qədər peşəkarlıqla hazırlanırdı və populyar idi. Daha sonra “Lider” TV-də “Lider əsgər”, “Xəzər” TV-də “Bizim əsgər” proqramları hazırlandı. Müxtəlif səbəblərdən bu proqramlar fəaliyyətini dayandırdı. Sözsüz ki, Azərbaycan reallığında hərbi proqramın ən az reklam gətirdiyini və keyfiyyətli proqramın əziyyətli bir iş olduğunu nəzərə alaraq adıçəkilən kanallar yenidən hərbi-vətənpərvərlik proqramları hazırlamaq barədə düşünmür.

Belə bir proqramın yaradılması barədə üç il əvvəl ATV-nin sabiq rəhbərliyi düşünmüşdü. Yadınızdadırsa, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Azərbaycan” qəzetində teleməkanımızı təhlil etmiş və çatışmayan proqramlar sırasında hərbi-vətənpərvərlik mövzusunda olanların adını çəkmişdi. Məhz Ramiz Mehdiyevin bu təhlilindən sonra ATV rəhbərliyi də belə bir proqram hazırlanması üçün kadrlar topladı və hətta çəkilişlər də edildi, efirə anons da verildi. Kampaniya başladı, amma dərhal sona çatdığı üçün belə bir proqram ərsəyə gəlmədi. Görünür, ATV sabiq rəhbərliyi də hərbi proqramların az reklam gətirdiyini və çox əziyyət tələb etdiyini nəzərə alıb hərbi proqramı təxirə saldı. Yeni rəhbərliyin bununla bağlı hansı siyasəti yeridəcəyi isə hələlik bəlli deyil.

Söz Ramiz Mehdiyevin məqaləsindən düşmüşkən, qeyd etmək lazımdır ki, əslində çox aktual olan bu məsələ ilə bağlı o vaxt cəmiyyətə müəyyən impuls ötürüldü. Lakin telekanalların kommersiya maraqları bu impulsu çox tez zəiflədə bildi. Görünür, yeni impulslara ehtiyac var. Axı biz hələ də torpaqlarının 20 faizini itirmiş bir dövlətin vətəndaşlarıyıq. Və üzərimizə düşən məsuliyyət hissini daim yadımıza salmaq lazımdır.