“Belə mahnılar pulun hesabına dövriyyəyə buraxılır”- Müsahibə

bele-mahnilar-pulun-hesabina-dovriyyeye-buraxilir-musahibe
Oxunma sayı: 880


-Oxucularımıza qısada olsa “Savalan” qrupu haqqında məlumat verərdiniz?

-“Savalan” qrup 1990 ci il 20 Yanvar faciəsindən sonra yaranıb. Əslində, qrup ondan da əvvəl fəaliyyət göstərirdi. O, zaman İsak Ozanoğlu qrupa rəhbərlik edirdi. Və o, məni qrupa dəvət etdi. Onda Həlimə xanım, Fəxrəddin Salim qrupda yox idilər. Qrupun 13-14 nəfər üzvü var idi. Sonradan müəyyən səbəblər üzündən qrup fəaliyyətini dayandırdı. Sonra da İsak bəy Almaniya getdi.

Ondan sonra biz həvəskar olaraq ruhumuzu, mənəvi dünyamızı sakitləşdirmək üçün öz aramızda ifa edərdik. Ancaq gözləmirdik ki, qrup belə bir səviyyə gəlib çatsın. Çünki qrupun yaranmasında maddi təmənna olmayıb, sırf daxili dünyamızı rahatlaşdırmaq, ruhun istəyindən yaranan bir qrup olub.

Onu da qeyd edib ki, qrupun belə tanınmasında, ictimaiyyətləşməsində mediamızın böyük rolu olub və bir daha sizin vasitənizlə dəyərli jurnalistlərimizə öz təşəkkürümü çatdırmaq istərdim.


-Bu gün ölkədə bir çox musiqi qrupları fəaliyyət göstərir və “Savalan” ını bu, fərqləndirən cəhətlər hansılardır?

-Qrupun fəlsəfəsində arif, böyük Türk-İslam alimi Yunus Əmrənin bir müqəddəsi sözü ilə desək: “Elm, elm deməkdir, Elm kəndini bilməkdir, Sən kəndini bilməzsən, Bu neçə oxumaqdır”. Savalanı digər qruplardan fərqləndirən əsas amil, qrupun fəlsəfəsi insana, onun mənəvi-ruhi dünyasına söykənir. Məsələn, mən, daimi olaraq qrupla mənən təmizlənməyə cəhd edirəm. Çünki insan o zaman yaşayır ki, onun sözünün təsir qüvvəsi olsun. İnsan ruhu saflaşdıqca onun cəmiyyətə də təsir imkanları geniş olur. Bu gün bizim qrupa ilahi qrup deyirlər. Yox, bu elə deyil. Savalanın fəlsəfəsi insanın daxili mənəviyyatına söykənir.


-Hazırda ölkədə “Savalan” kimi insan mənəviyyatına söykənən belə bir qrup fəaliyyət göstərirmi?

-Dini qruplar var. Amma bizim qrup kimi fəaliyyət göstərəni yoxdur. Bu yaxınlarda dostum da mənə bildirdi ki: ”Novruz bəxtiniz onda gətirib ki, nə yaxşı sizin qrup təkdir. Yoxsa, hər gün qalmaqallardan başınıza aça bilmərdiniz”. İndi bilirsiniz ki, şou aləmi hansı vəziyyətdədir. Təhqirlərlə dolu mühütdə insan mənəviyyatına xidmət edəcək işlər görmək çətindir. Məhz, başımızı aşağı salıb, öz yolumuzla gedirik.


-Fikirlərinizdən aydın olur ki, “Savalan” qrupu islam və türklük sintezindən yaranan bir qrupdur...

-Bəli, belə də demək olar. Bir az öncə qeyd etdiyim kimi, qrupun ana fəlsəfəsi əsasən insan mənəviyyatı söykənir. Əgər, bu gün İnsan mənəviyyatı zəngindirsə, hər gün etdiyi əməllərə görə özünə suallar verməyi bacarırsa, o insanda mütləq vətənsevərlik, ruhsallıq, torpağa bağlılıq güclü olacaq. Tarix boyu türkün ruhu güclü olub.


-Hal-hazırda parçalanmış millət şüurunu, belə desək, ideya xəttini musiqimizə gətirə bilmişikmi?

-Çox təəssüf ki, bu sualla cavabım mənfi olacaq. Onu da deyim ki, milli şüuru öncə insan öz mənəviyyatında, ruhunda yaratmalıdır. Çünki insan bütöv olursa, onun düşüncələri də cəmiyyətə yansayır. Hazırda milli musiqimizdə boşluq var. Bunun səbəbini obyektiv və subyektiv amillərlə bağlamaq olar. Bəlkə də bunu maddi səbəblərlə bağlamaq olar. Bu boşluğu bayağı mahnılarla doldurmaq olmaz. Musiqi bir başa olaraq millətin mənəviyyatına təsir edir və onun millət kimi formalaşmasında rol oynayır. Gərək bu məsələlərdə sistemli iş ortaya qoyulmalıdır. Bu gün vətənpərvərlik mövzusunda böyük boşluq var.


-Bu gün ziyalılarımızın ən çox şikayətləndiyi məqamlardan biri də bayağı musiqilərimizin çoxalmasıdır. Xüsusilə, insan mənəviyyatına təsir edən bayağı musiqilərin sürətlə ictimai düşüncəyə mənfi təsirləri genişlənməkdədir. Bir incəsənət xadimi, olaraq bunun qarşısını almaqda hansı yolları göstərirdiniz?

-Görünür, belə musiqilərə tələbat olduğuna görə, sifariş olunur. İqtisadiyyatda belə bir söz var: “Tələb təklifi doğrurur”. Olmasaydı, belə musiqilər yaranmazdı. Hiss olunur ki, insanlarımız, cəmiyyətimiz yorulub. Mən bunu günahını Mədəniyyət Nazirliyində görmürəm. İndi bazar iqtisadiyyatı dövrü olduğu üçün müğənni hansısa bir kanala pulunu verir, öz ifasını səsləndirir. Buna görə də belə mahnılar pulun hesabına dövriyyəyə buraxılır. Ancaq zamanla belə mahnılar öz təsir imkanlarını itirib, tarixin arxivinə gömüləcək.


-Maraqlı olan odur ki, cəmiyyətimizin buna qarşı müqavimət imkanı yoxdur. Sizcə, bu, niyə belədir?!

-Məncə, bu gün bizim cəmiyyət etinatsızlaşıb, açıq desək, burada biganəlik də görünür. Bu yaxınlarda respublikanın baş psixiatrı da televiziyaların birin də maraqlı açıqlamasına bildirdi ki, insanların psixi durumunda gərginlik var. İnsanlar arasında bir əsəb, normal münasibət qurmaq məsələsi çətinləşib. Mən əsas da bunu biganəliklə bağlayırdım. Gərək, insan sınmasın. İçində Vətən, millət sevgisi olan şəxs güclü olmalıdır. Burada yenə də insan faktoruna dayanırıq. Tarixən millətimizin milli düşüncəsini məhv etmək geniş bir plan həyata keçiriblər. İran və Rusiya tərəfindən yol göstərənlərimiz, başbilənlərimiz müxtəlif yollarla aradan götürülüblər. İndi belə bir vəziyyət yaranıb. Tarixin siyasi-ictimai təlatümləri millətimizin yaddaşında acı bir iz buraxıb.

Nəzərə alsaq ki, musiqi insanın yaddaşın böyük iz qoyur və birbaşa olaraq insanın formalaşmasına təsir edir. Nə vaxtsa Fransada belə bir vəziyyət yaranmışdı, dövlət səviyyəsində bir plan ortaya qoyuldu. Öz milli musiqilərini geriyə qaytara bildilər. Götürək qardaş Türkiyəni. Neçə yüz ildir ki, Türkiyəni ayaq üstə saxlayan onun ozanlarıdır. Qlobollaşan dünyamızda milli mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq.


-Bu gün dövlət səviyyəsində Sizə olan münasibət necədir?

-Ara-sıra dövlət tədbirlərinə dəvət olunurduq. Sonradan nədənsə unudulduq. Bizim qrup şuo-aləmindən uzaq olduğu üçün, səs-küy salmaqla aramız yoxdur. Düşünürəm ki, nə vaxtsa bizim əməyimiz qiymətləndiriləcək.


Elnur Eltürk