Berluskoni həbs edilir

berluskoni-hebs-edilir
Oxunma sayı: 654


Milanda İtaliyanın sabiq baş naziri Silvio Berluskoninın məhkəməsinə çıxan dövlət ittihamçısı onun 5 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Berluskoni vəkil Devid Millzə rüşvət verməkdə günahlandırılır.

Fevralın 15-də prokuror Fabio de Paskal Berluskoninin günahkar olduğunu və onun müdafiəsinin tamamilə saxta sənədlər əsasında qurulduğunu bildirib.

Berluskoninin korrupsiya ilə bağlı işinə Milan məhkəməsində 2007-ci ildən baxılıb. İttiham versiyasına görə, Berluskoni 1997-ci ildə vəkil Millzə 600 min dollar rüşvət verib. Rüşvət müqabilində Millz Berluskoniyə bağlı şirkətin vergi ödəməkdən yayınması faktlarını ədalət məhkəməsindən gizlətməliymiş.

Sabiq baş nazirin təqsirli olmasına göstərilən sübutlardan biri vəkil Millzin öz mühasibinə yazdığı məktub olub. Həmin məktubda Millz “B-nın adamlarından” pul aldığını etiraf edib. 2011-ci ilin dekabrında baş tutan məhkəmə dinləmələrində vəkil bu bəyanatın ağ yalan olduğunu vurğulayıb. Bugünkü məhkəmə iclasında isə prokuror məhz həmin məktuba əsaslandığını bildirib və Millzi yalan danışmaqda ittiham edib.

Siyasətə 1994-cü ildə biznesmen kimi gələn Berluskoni həmin ilin may ayında baş nazir seçilib və bu postda dekabr ayına kimi qalıb. 2001-2006-cı illərdə və 2008-ci ilin aprelindən 2011-ci ilin noyabrına kimi də baş nazir olub.