Bəşər Əsədin yeznəsi güllələndi

beser-esedin-yeznesi-gullelendi-
Oxunma sayı: 656

Həftəsonu ölkənin Homs, Həma, İdlib və Dəraa şəhərlərində keçirilən anti-Əsəd aksiyalarına hökumət qüvvələrinin müdaxiləsi nəticəsində ümumilikdə 22 nümayişçi həlak olub. Onların əksəriyyəti Homs və Həma şəhərində öldürülüb.

Türkiyə ilə sərhəddə yerləşən İdlib şəhərində hökumət qüvvələri ilə ordudan yayınaraq müxalifətin tərəfinə keçən əsgərlər arasında silahlı qarşıdurma yaşanıb. Qarşıdurma nəticəsində hər iki tərəf itkilər verib. Hökumət qüvvələrinə məxsus 2 zirehli texnika müxlaif əsgərlər tərəfindən parltadılıb. İdlibdə hökumət qüvvələri tətillə əlaqədar işləməyən mağazaları yandırıb.

Mərkəzi qərargahı Lonondan yerləşən Suriya İnsan Haqları Təşkilatı Bəşər Əsədin yeznəsinin güllələndiyi barədə məlumat yayıb. Təşkilat Suriyadakı mənbələrinə istinadən bildirib ki, ölkədə kəşfiyyat məsələləri üzrə baş qərargah rəisinin müavini vəzifəsində işləyən general Asəf Şövkət öz köməkçisi Əli Məmlük tərəfindən mübahisə zəminində güllələnib. Bəzi mənbələrə görə, Bəşər Əsədin yeznəsi sağ qalıb və komadadır.

Etirazçıların tələblərinə məhəl qoymayan və onlara yönəlik xüsusi amansızlıq göstərdiyinə görə Əsəd rejiminə qarşı sərt mövqe tutan Ankara ilə Dəməşqin münasibətləri daha da gərginləşib. Yayılan məlumatlara görə, Bəşər Əsəd Türkiyə ilə sərhədə hərbi texnika cəlb edilməsi haqda əmr verib. Suriyanın Bab-əl-Həvva sərhəd keçidinə məxsus gömrük sahəsində 60-dan çox ağır zirehli texnika yeridilib. Bölgəyə hərbi qüvvələr də cəlb edilib, ayrı-ayrı yerlərdə nəzarət məntəqələrində mövqe qurulub.

Bu arada Əsəd rejiminə qarşı vuruşan əsgərlərin yaratdığı “Azad Suriya Ordusu”nun rəhbərlərindən biri polkovnik Məhəmməd Həmdinin sözlərinə görə, hökumətin Homs şəhərinin sakinlərinə anti-hökumət nümayişlərini dayandırmaq, silahı yerə qoymaq və ordudan qaçan hərbçiləri təslim etmək üçün verilmiş 72 saatlıq müddət başa çatmaq üzrədir. Əks təqdirdə, şəhər hökumət qüvvələrinin hücumuna məruz qalacaq.

Həmdi bildirib ki, Homs sakinləri ehtiyacların öhdəsindən gəlməyə çalışır, şəhərdə elektrik enejisi, su və hətta Türkiyə sərhədinədək kommunikasiya yoxdur. “SANA” dövlət agentliyi isə Homs şəhərində su və işığın olmadığını təkzib edir. Suriyanın dövlət xəbər agentliklərində Homs sakinlərinə verlmiş müddət barədə də heç bir məlumat verilmir.

İsrailin müdafiə naziri Ehud Barak isə Suriya diktatoru Bəşər Əsədin bir-iki həftə ərzində aradan çıxacağını söyləyib. Vyanada keçirilən Dünya Siyasəti Konfransında iştrak edən nazir bildirib ki, Əsəd nəslinin tarixi rolu artıq başa çatıb. Barak deyib ki, İsrail Suriyadakı vəziyyətə nəzarət edə bilməz. Ümumiyyətlə, Suriyaya xaricdən də müdaxilə etmək düzgün deyil. İsrail rəsmisi əlavə edib ki, Əsədin aqibətinin Liviya diktatoru Müəmmər Qəzzafi kimi deyil, Yəmən rəhbəri Saleh kimi olacağına ümid edir.

azadliq.info