Biləsuvar Gömrüyündə kafel-metlax rəzaləti

bilesuvar-gomruyunde-kafel-metlax-rezaleti-
Oxunma sayı: 1114

“16 iyul 2012-ci ildə Biləsuvar gömrüyündən keçib yaxınlıqdakı dükandan 18 kvadrat metr hamam kafeli aldım. Keçəndə gömrük işçilərimizdən soruşdum ki, o taydan kafel gətirə bilərəmmi? Dedilər ki, hə, rüsumunu köçürdərsən, keçirə bilərsən. İran gömrükçüləri heç bir söz demədilər. Lakin bizim gömrükçülər qır-saqqız olub yapışdılar ki, bu qədər ver, o qədər ver. Mənsə bildirdim ki, rüsumdan başqa heç kəsə bir qəpik də verən deyiləm. Onda kobud formada kafelimi əlimdən alıb müsadirə etdilər.

Dəfələrlə külli-miqdarda yolpulu israf edib Biləsuvar gömrüyünə getmişəm, bu yoldaşlardan malımı ala bilmirəm. Əvvəl dedilər ki, fakturanı gətir, görək neçəyə almısan, rüsumunu hesablayaq. Sonra dedilər ki, yox, get sanpedstansiyadan kağız gətir ki, bu kafelin insan sağlamlığına ziyanı yoxdur. Sonra dedilər ki, Bakıdan tapşırıq gəlib, müsadirə olunmuş malları heç kəsə qaytarmayın. Biləsuvar gömrüyünün Elşən, Teyyub, Təvəkkül adlı işçiləri məni təmiz ələ salıblar. Deyirlər ki, nə vaxt kayfımıza düşsə, onda sənin malını verəcəyik. Mən Qarabağ veteranıyam, mədəni dilənçiliklə məşğul olan bu acların harada olduğu bilinməyəndə Qarabağda tank sürürdüm. İndi gəlib mülkidə bu cür qanımızı içənləri görəndə bütün əsəb sistemim pozulur. Sabah müharibə başlasa, qaçıb harada gizlənəcəkləri də məlum deyil. Ali təhsilli, əlində diplomu olan minlərlə ləyaqətli gənclərimiz işsiz qala-qala, niyə gömrüyə məhz bu cür dəllal təbiətli şəxsləri götürürlər? Belə adamlar Azərbaycanın adını biabır edirlər. Bir tərəfdə mədəniyyət yarada biləcək, sistemin güclənməsinə təkan verəcək qabiliyyətə sahib minlərlə istedadlar özlərinə heç yaraşmayan vəziyyətdə sürünərkən, ailə tərbiyəsi görmüş ziyalılar işsizlik bataqlığında boğularkən nindentral təfəkkürlü zümrəli peşə sahibi etmək Allahın iradəsinə qarşı böyük günah işlətmək deməkdir. Dövlət və dövlət orqanlarının var olmalarının səbəbi bəzi traybalist zümrələrə gəlir qaynağı təmin etmək deyildir. Dövlət, xalq arasından Allahın üstün keyfiyyətlərlə təchiz etdiyi insan ləvazimatını seçmək və onları millətin fövqündə istifadə etmək üçün böyük diqqətlə, zərgər dəqiqliyi ilə ayırmağa məsuldur. Bunu da ifadə edim ki, Allahın vaxtını və xalqın çörəyini oğurlayan qabiliyyətsiz bir məmur olmaq çox çətin və ayıbdır. Belə olan halda, prinspial olaraq edə bilməyəcəyi bir işin, onun öhdəsindən gələ bilməyəcək bir şəxsə verilməsi yerində deyil.

Yaşadığım kənddən çoxlu adamlar tanıyıram ki, Biləsuvar gömrüyündəki qoçular malını alıblar, dillənəni isə döyüblər. Deyirlər biz heç kimdən qorxmuruq, gedin hara şikayət edirsiniz edin. Kimdən rüşvət alırlar, o narkotik aparsa da açıb baxmırlar, buraxırlar. Bu dilənçiliyi və rəzaləti yığışdırın, gömrüyə ləyaqətli adamları qoyun. Növbədə duran əhali ilə kobud davranırlar, pis söyüşlər yağdırırlar. Kimi istəsələr çırpırlar. Xahiş edirik ki, Biləsuvar gömrüyündə qayda-qanun yaradın” .

“Qafqazinfo” olaraq ittiham edilən tərəfin də mövqeyini dərc etməyə hazırıq.