Bul var

bul-var-
Oxunma sayı: 659

Müxalifət qəzetlərində çalışdığıma görə sevimli sənətimdən tamam ayrı düşmüşdüm. Nəhayət, yenə öz elmi işimlə baş-başayam. Örnək olaraq son işlərimdən bir neçəsini sizə göstərmək istəyirəm.
PARTİYA – bu söz üç tərkibdən ibarətdi: PART, İ, YA. PART sözü hiss olunduğu, kimi hansısa gurultunun ifadəsidi. Bu səsi partiya üzvləri yığıncaqlarda əl çalaraq çıxarırlar. İ və YA isə VƏ, MƏN deməkdi. Yəni, partiya üzvləri və mənəmlik edən sədr. Doğurdan da, fikir vermisinizsə, hər bir partiyada təkcə sədrlər çıxıb çoxlu danışır və partiya üzvləri partapart, möhkəm əl çalırlar.
Nəhayət, PARTİYA sözü əl çalanlar və sədr anlamına gəlir.
QADIN – bu söz də iki hissədən ibarətdi: QA, DIN. Mənası “qa!” uğrunda, “qa” üstündə “dın”qıltı eləyən, danışan, skandal qaldıran məxluq deməkdi. “Qa” sözü bizə Məlikməmməd nağılından bəllidi. Demək, QADIN - daima ət istəyən, adamın ətini yeyən, ət üstə dava salan məxluqa deyilir.
POLİS – bu söz dilimizə çox qədimlərdən təşrif buyurduğu üçün ikinci hecası müəyyən qədər təhrifə məruz qalıb. Ona görə dünyanın məşhur etimoloqları bu sözə müxtəlif anlam
vermişlər. Rus alimləri sözü POL (döşəmə) və İZ kimi yozmaqdadırlar. Yəni, onlar polisi döşəmədə cinayət izi, qan ləkəsi axtaran adam kimi xarakterizə edirlər. Lakin rus alimlərinin bəziləri hələ də bu izahla razılaşa bilməyib. Məsələn, məşhur etimoloq V. İvanovun fikrincə POL burada “çox”, İZ isə (iz-üz yerdəyişməsi baş verib) “üz” mənasındadır. Yəni, POLİS - çoxüzlü insan deməkdir. Bu versiya ilə razılaşan bəzi rus alimləri İvanovun izahına POL hissəciyi üçün növbəti bir izah da vermişlər. Onların fikrincə POL hissəciyi həm də POLNIY sözünün dildə təhrif olunmuş formasıdı. Yəni bu versiyada POLİS həm də dolusifət adam deməkdi. Lakin mən öz nəzəriyyəmdə yuxarıda təsnif etdiyimiz kimi, sözün birinci hissəsi üçün birincilərin versiyasını, ikinci hissəsi üçün isə İvanovun versiyasını əsas götürmüşəm. Yəni,POL – burada döşəmə, İS isə üz deməkdi. Adətən, polislər etmədiyi cinayəti boynuna qoymaq üçün əlinə keçən adamı, huşunu itirib yerə sərilənə qədər döyürlər. Onu ayağından sürüyüb KPZ-yə apararkən, sözsüz ki, döyülənin üzü betonda sürünməlidi. Yəni, POLİS – adamı üzü üstə betonda sürüyən kişi deməkdi. BULVAR – həm də “axtaran tapar” anlamını verir.
Di, sağ olun, ardı yenə olacaq, indi mənim elmi konfransım başlayır, mütləq ora getməliyəm…