Canı sayılmayan Sayalı - Həkim qurbanları 5

cani-sayilmayan-sayali-hekim-qurbanlari-5
Oxunma sayı: 2997






Qarşısında baş əyiləsi əsil həkim xəstəyə deyir: “Dərd səndə, dərman məndə”. Amma əlində xəstəliyi ilə gəzən insanlara həmin dərmanı verməyənlərin aqibətı isə nə olacaq, heç kəsə bəlli deyil. “Pislik etmə, bu pisliyin qarşılığını sən və ya övladın ödəməsə belə, övladının övladı mütləq ödəyəcək” - sloqan


Əliyeva Sayalı (52 il yaş) 3 il əvvəl çox təsadüf nəticəsində xərçəngin “pəncəsi”nə keçdiyini öyrənib. O, əvvəlcə bel nahiyəsində ,onurğa sütunundakı kəskin ağrılardan şikayətçı qismində yerli həkimlərin qəbulunda olub. Amma burada şikayətlərini susduracaq müalicəyə nail olmayıb. Sonra yaxınlarının təkidi ilə ölkədən kənarda xarici mütəxəsis axtarışına başlayıb. Elə qonşu ölkələrdən birində aparılan qan müayinəsinin cavabı Sayalı xanımı çox məyus edib. O, həmin vaxta qədər döş xərçəngi xəstəliyinin simptomlarını hiss belə etmədiyini, orqanında prosesin gizlı şəkildə getdiyini deyir. Elə həkim də bu vaxta qədər onun ən azı özünün də şübhələnəcəyi (bədxassəli şiş olan yerdə dərinin rənginin dəyişməsi, dəri altında hər hansı kütlənin olmasından və ya ağrıdan) vəziyyətin olmamasına təəccüblənib. Xarici həkim sağ döş xərçəngi diaqnozulu pasiyentinin təcili müalicəyə başlamasını məsləhət görüb. Ə. Sayalı bugünədək müntəzəm olaraq kimyaterapiya edilir. İlk vaxtlar xaricdə bu proseduru etdirsə də sonralar, yerli mütəxəsislərə üz tutmalı olub. Milli Onkologiya Mərkəzində yenidən müayinə olunan pasiyentin gələcəyi haqqında həkimlər müxtəlif rəy söyləyib. Bir qismi əməliyyat etdirməyi, diğəri isə kimyaterapiyanı məsləhət görmüş, başqa onkoloq isə ümumiyyətlə kimyaterapiyanın effektsiz olacağını bildirib. Nəticədə xəstənin konkret hansı istiqamətdə müalicəsi dəqiqləşdirilməyib.

Bir müddət terapiya görməyən xəstənin vəziyyəti getdikcə pisləşir və o xaricə üz tutmalı olur. Orada həkimin “müalicəyə ara verməməliydin” tənqidinə məruz qalan pasiyent yenidən kimyaterapiya ( bir kurs müalicə-500 manata başa gəlir) qəbul edir. Maddi çətinliklə də olsa o ayda 1 dəfə ölkədən kənarda canını qurtarmaq yollunda mübarizəsini davam etdirir.

Sayalı xanımın vəziyyəti hazırda qənaətbəxş deyil. Maddi cəhətdən də əziyyət çəkən xəstə lazım olan dərmanları çətinliklə tapır. Ötən yay Milli Onkologiya Mərkəzində olan xəstə ona pulsuz verilməli olan dərmanı ala bilməməyindən şikayətlənir. “Bununla bağlı Mərkəzin baş həkiminin qəbulunda oldum o şikayətimin əsaslı olduğünu təsdiqlədi və vəziyyətimə cavabdeh olan onkoloqun yanına göndərdı. Amma Anar həkim ( onkoloq Anar Məmmədov) Zometa (zoledronik asid) adlı dərmanı vermədi. Səbəbini soruşanda isə həkim bu dərmanı 2 ildən artıq qəbul etməməyi məsləhət gördü”. Əslində isə adını vermək istəməyən mütəxəsis bu dərmanı sümük metastazında-xərçəng hüceyrələrinin sümük hüceyrələrinə yayılması prosesinə qarşı tətbiq olunmasında zərurı hesab edir. Elə pasiyent də bu dərmanın yaxşı təsirini gördüyündən ona öz cibindən 200 manat vermək məcburiyyətində qalır.

Hazırda Əliyeva Sayalı həm öz “şiş”inə, həm də ətrafdan psixoloji cəhətdən “şişlən”diyinə təəssüflənir. Əslində isə dünyada bir çox insan bu qorxulu xəstəliyə məhz psixoloji dəstək, özünə inam, iradəsi hesabına qalib gəlib. Elə Sayalı mənəvi vəziyyətini bir kənara qoyub bunu deyir: “Pulu olmayan və bu xəstəliyi daşıyan insan ölməyə məhkumdur”
Milli Onkologiya Mərkəzində qeydiyyatda olan bir neçə xəstəylə söhbətdən məlum olur ki, xəstələr həqiqətən də xəstaxanadan onlara pulsuz verilməyən bir qisim dərmanı “qara bazar”dan xüsusi tapşırıqla alırlar. Onlar arasında “Femar”, Tomoksifen”, Fariston, Taksol(Paclitaxel) kimi dərmanlar (200-400 manat arasında ) var ki, bu da xüsusi adamlar tərəfindən gətirilir. Şəhərin bir neçə aptekində isə onkoloji preparatların satışı məsələsinə əməlli-başlı aydınlıq gətirən olmadı.

Yeri gəlmişkən, bir il əvvəl Milli Onkologiya Mərkəzi öz veb-saytını istifadəyə vermişdi. Orada Mərkəzin anbarında olan və həyatı vacib şiş əleyhinə dərman və dərman preparatlarının siyahısı göstərilmişdi. İri hərflərlə “pulsuz” verilməsi nəzərdə tutulan bu siyahıda 229 dərmanın (həmçinin “Zoledronik asid” (Zometa), Paclitaxel” (Taksol)) və sarğı materiallarının adı qeyd olunmuşdu. Amma nədənsə saytda bu pulsuz dərmanların sayı bu ilin əvvəlində 120-ə salınıb. Hər halda internet yolu ilə dərman axtaranların azlığını nəzərə alsaq, bu rəqəm hazırda anbarda qalan dərmanların sayını əks etdirir. Çünki saytda bu rəqəmin daim dəyişdiriləcəyi qeyd olunur. Bu qeyd həkimlərin xəstəyə “bu dərman anbarda yoxdur” cavabını “dəstəkləyir”.

Qeyd edim ki, “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu 2006-cı ildən (23 may)qüvvədədir. Və qanuna əsasən onkoloji xəstələrin müayinə və müalicəsi dövlət büdcəsi hesabına aparılmalıdır.

Raminə Eyvazqızı