“Dünyanın heç yerində olmayan haqsızlıq bizim ölkədə hökm sürür” - Müsahibə

dunyanin-hec-yerinde-olmayan-haqsizliq-bizim-olkede-hokm-surur-musahibe
Oxunma sayı: 720

Qafqazinfo İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil hüquqşünas-tədqiqatçı İlqarAltayla müsahibəni təqdim edir.

- Bu yaxınlarda Sizin «Moskva qeydləri» adlı məqaləniz çıxdı. Moskvada müxalifət mitinqini müşahidə etdiniz. Təəssüratınız necə oldu?

- Mitinq özü adam sayına, cəmiyyətin müxtəlif təbəqələrini əhatəsinə və birmənalı antiiqtidar mövqeyinə görə möhtəşəm idi. Bu həm də Vladimir Putinin Rusiya hakimiyyətinə gəldiyi vaxtdan bəri ilk böyük kütləvi etiraz tədbiri idi. Yüzminlik mitinqin səviyyəli təşkili və mitinq təşkilatçıları ilə hakimiyyət orqanlarının anlaşma əldə etməsi də diqqətəlayiq idi. Belə çıxır ki, bu neçə illərdə, hətta sərt Putin rejimi dövründə belə, Rusiyada, ən azı Moskvada şüurlarda sivil inkişaf gedirmiş.

- Sizcə Rusiyada hakimiyyət dəyişikliyi bu cür sakit keçə bilərmi?

- Rusiyada hakimiyyət dəyişikliyi barədə qəti söz demək çətindir. Hələ ki, vəziyyət o yerə çatmayıb. Ancaq tarixən bu ölkə öz gözlənilməz kataklizmləri ilə zəngin olub. Məncə, Putin öz hakimiyyət və etimad limitini başa vurmaqdadır. Xalqda da artıq bu neçə sakit illər dövründən sonra narazılıq oyanışı yaranıb. Əgər, dəyişiklik qaçılmaz olsa burada iki hal baş verə bilər. Ya, Putin vəziyyəti real qiymətləndirib hakimiyyəti ağrısız, ehmallıca təhvil verə bilər. Ya da, artıq üzü dönmüş, barışmaz nöqtəyə çatmış xalqla konfrontasiyaya gedəcək.

- Bu da, ərəb baharında gördüyümüz hakimiyyət hərisliyi demək olacaq, yəqin.

- Xeyr, burada əsas səbəb ondan da betər bir faktor ola bilər. Demək, onun bu dövrlərdə hansısa ciddi və hətta cinayət tərkibli ittihama layiq pozuntuları olub. Qorxur ki, yeni hakimiyyət hər şeyin araşdırılıb, sonra ifşa olunub özünün və komandasının məsuliyyətə cəlb olunmasına rəvac verər. Mən deyərdim, əksər diktatorları sona qədər hakimiyyətdən ikiəlli yapışmağa məhkum edən səbəb məhz, bu faktordur. Bütün bu dirənişlər kənardan, hakimiyyət hərisliyi kimi görsənə bilir, ancaq daxildə onların daha böyük problemləri var.

- Bu proseslərin Azərbaycana necə, təsiri ola bilərmi? Bir çox analitiklər Azərbaycan üçün bunu heç bir aidiyyəti olmadığını, bəziləri isə əksinə fikirlər söyləyirlər.

- Mən ixtisasca siyasi analitik deyiləm. Ancaq, 2003-cü ildəki məlum tədqiqatlarım o zaman mənə belə bir dəqiq bilgini vermişdi ki, İlham Əliyev iqtidarının hakimiyyətə gəlməsində Rusiya, Qərb və Türkiyənin birgə razılaşmasının və dəstəyinin rolu oldu. İndiki dövrdə üçüncü sektor ölkələrində hakimiyyət formalaşmasında xarici faktor məsələsi qeyri-adi görsənmir. Rusiyanın, Putinin rolu isə bu xarici faktorlar sırasında xüsusi idi. Bu səbəbdən də, ən azı ilk dövrlərdə hakimiyyətlərarası, çulğaşma yəqin ki, olub. İndi sizin verdiyiniz sualdakı məsələ ondan asılıdır ki, ondan sonrakı dövrlərdə bizim hakimiyyət nə dərəcədə Moskva hakimiyyəti ilə məsafə saxlaya bilib. Ondan nə qədər aralaşa bilib və nə dərəcədə sərbəstləşib. Nə dərəcədə hesablayıb ki, Putin hakimiyyətinin uzanması mümkündür amma, axırı yoxdur.

- Ötən ilin son günlərində prezidentin sərəncamı ilə insan hüquq və azadlıqları sahəsində Milli Fəaliyyət Proqramı təsdiqləndi. Proqrama münasibət birmənalı olmadı, bir sıra şəxslər mətbuatdakı çıxışlarında tənqidi mövqe sərgilədilər. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası da irəli sürüldü. Sizin münasibətiniz necədir bu qərarlara?

- Bu qərarları ali dövlət rəhbərliyinin xalqa və beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışı hesab edirəm. Təbii ki, belə sənədlər hər bir ölkənin demokratik inkişafı üçün əhəmiyyətlidir. Onlar əsasən, növbəti 8 ildəki yeni mərhələni nəzərdə tutur. Ancaq, yeni mərhələ məntiqlə boş yerin üstündə qoyula bilməz, əvvəlki mərhələnin, köhnə fundamentin üzərində qurulmalıdır. Gəlin görək, keçən 8 ildə ölkədə demokratiya istiqamətində hansı işlər görülüb ki, növbəti 8 ildə bundan daha da irəli gedəcəyimizə şübhə etməyək? Hansı islahatlar aparıldı, rüşvət, korrupsiya, məmur özbaşınalıqları, siyasi azadlıqlar istiqamətində hansı genişmiqyaslı təsirli tədbirlər görüldü? Müəyyən bir qrupu çıxsaq, xalqın əksər hissəsi bu dövrü ümid və inamını xərcləməklə gözlənti içərisində də başa vurdu. Zənnimcə, ilk əvvəl bunlar düzəlməli, bunların hesabatı verilməli idi.

- Nədəndir narazılıqlar, ümumiyyətlə?

- Açığı, çatışmazlıqlar, əyintilər o qədər müxtəlif sahəli və müxtəlif mənşəlidir ki, bunların hamısını sadalamaq da olmur, ümumiləşdirmək də çətindir. Mən hesab edirəm ki, bütün bunların kökü haqsızlıq adlı mənfur müstəviyə söykənir. Bizim ölkədə dünyanın heç bir yerində olmayan haqsızlıq, ədalətsizlik hökm sürür. Hər yerdə və hər zaman. Hakimiyyət xalqa və cəmiyyətə qarşı haqsız mövqedədir. O qədər başı xarici faktorlara, xarici proseslərə, xarici balanslaşdırma siyasətinə qarışıb ki, daxil yaddan çıxıb. Haqq-ədalətin yoxluğu artıq alt təbəqələrə, insanlar arasında münasibətlərə də sirayət edib, adiləşib. Biz buna artıq o qədər öyrəşmişik, və bu hal xarakterimizə o qədər hopub ki, bizləri ölkə xaricində dərhal bu xüsusiyyətimizə görə tanıyırlar.

- Başqa problemlərimiz də axı, çoxdur ölkədə.

- Bütün başqa pozuntular məhz haqsızlıq, ədalətsizlik müstəvisinin üzərində çiçəklənir. Bunun əsasında məsələn, ölkədə mənimsəmə və bu yolda aldatma qlobal xarakter alıb. Təbii sərvətlər bir yana qalsın. Artıq insanın malını, mülkünü, pulunu, savadını, təhsilini, nüfuzunu, bacarığıq-qabiliyyətini, zəhmətini, hər şeyini, bütün həyatını mənimsəmək mühiti yetişib bizdə. Krılovun təmsilində heç olmasa, canavar quzunu yemək üçün onun atasının keçmiş hərəkətini bəhanə gətirirdi. Bizdə indi mənimsəmə üçün bəhanə tapmağı da, artıq zəhmət bilirlər. Sadəcə, sakitcə, heç bir tutarlı əsas qoymadan mənimsəyirlər. Qanundankənar bir məkan yaranıb.

- Göstərdiyiniz ədalətsizlik mühiti müstəqil ziyalılar və müxalifətə münasibətdə də özünü göstərir. Ziyalılar Forumunun toplantısına qoyulan qadağalar da faktdır...

- Həmin mənimsəmə elə burada da var. Dünya şöhrətli, tanınmış dramaturqa, alimə deyirlər ki, onlar ziyalı deyil. Bəyan edirlər ki, ziyalılar forumu klubdur, narazılar klubu. Hörmətli dövlət rəhbərlərimiz xaricə müsahibələrində deyirlər ki, müxalifət yox dərəcəsindədir. İqtidar siyasiləri bildirir ki, müxalifət yoxdur, biz kiminlə dialoq aparaq? Haqsızlıq, mənimsəmə hissi imkan vermir düşünülsün ki, ölkədə müxalifət yoxdursa, hakimiyyət də yoxdur. Hakimiyyət də, müxalifət də xalqın törəmələridir. Onları yaradan xalqdır. Bir xalq hakimiyyətə alternativ müxalifət yetişdirmək qədər zəifdirsə, onda, hakimiyyəti necə yaradıb? Demək, belə çıxır ki, ölkədə hakimiyyət də yoxdur, yalnız iqtidara malik qrup var. Ziyalıya, müxalifətə belə alçaldıcı münasibət ölkənin, xalqın özünü aşağılayır. Yanlış siyasətdir.

- Sizcə bu proseslərlə, bu cür gedişlə biz hara gedib çıxa bilərik? Necə deyərlər, bunun sonu nə olacaq?

- Obrazlı desək, biz 9 milyonluq kiçik bir qayıqla okeanın içərisində böyük gəmilərin, aysberqlərin arasından bir təhər balans yaradaraq, keçib gedirik. Hələlik ki, gedirik. Qayığımızın dibi də pulla doludur. Qayığın içini-çölünü də bəzəyib sevinirik, eyforiya bürüyüb bizi. Göylərdə uçuruq, elə bilirik ki, bu dünya bizimdir, heç daxildə ədalətli qayda yaratmağa da ehtiyac yoxdur. Amma düşünmürük ki, lap qızıldan da olsa, bu qayıq cavandır, bərkiməyib, kiçikdir. Nəinki tufandan, sunamidən, hətta yaxındakı böyük gəmilərin ləngər dalğasından belə təpəsi üstə aşa bilərik. Dünyada heç bir ölkə gözlənilməz fəlakətdən, müharibədən, kataklizmdən sığortalana bilməz! Kiçik, yeni qurulmuş ölkələr ondan da betər. O zaman var-dövlət, şan-şöhrət yaddan çıxır və xalqa, ümummilli birliyə kəskin ehtiyac yaranır. O zaman ziyalıyla, hətta müxalifətlə də dialoqa ehtiyac yaranır. Yaxşısı odur ki, həmin sayğı, həmin dialoq indidən başlasın. Həyat təkrardan ibarətdir, azacıq fərqlə. 2003-dəki çətinlik bir də gələ bilər! Yəni, bütün bu konsepsiya-proqramlar yaxşıdır, düzgün təməl üzərində qurulsa.