Ədəbi mühit toyda

edebi-muhit-toyda-
Oxunma sayı: 694



- Bu necə açılır, bu necə açılır? Necə açılır axı bu!
Qorxmazmı - indicə üstünə cumub məsələn: filan yazıda “bəzi adamlar” deyəndə məni nəzərdə tutmusuz, söylər və coşar deyə ..

Yerimnən tərpənmədim. Sürücüyə də dedim düşüb qapını - zadı açmasın. Bunlar yazarlardı. Hər şey gözləmək olar. Ancaq Mövlud qapının açılan yerini tapıb məni təmtəraqla düşürtdü. Demə pis vaxtda-bunlar dalaşdığı vaxtda gəlib çıxmışam, O da görən kimi taksinin qapısını açıb centlmenlik sərgiləmək istəyib. Üzündəki əsəbin mənimlə heç bir əlaqəsi yoxmuş. Nə bilim, qapıya elə gəldi, yadıma salmaq istədim görüm harda xətrinə dəymişəm. Dalaşdığı Kərəm At da Atın belində nətər çapırsa Ramin Şadlıq evinin həyətində o yan-bu yana “öldürəcəm, boğacam “deyib, nətər hamının başının üstündən Mövludun başına hoppanmağa çalışırsa heç kim onu haqq yoluna gətirə bilmir.

“Gecikməzlər, gecikəndə belə olur” - dedim özümə. Hop-hopun içində qəfildən 525 –in redaktoru Seyfəddin bəy göründü. Məni Məlikməmməd kimi divlərin arasından alıb toy məclisinə apardı.
Qanım qaraldı, keyfim pozuldu. Üzüldüm... Qırılmışın hamısı dəlidi. Toxumu belədi, bir şey yapamazsın.

Cavidə uzaqdan “hello, baby” salamı verib, Seyfəddin bəyin apardığı yollarla keçib cəmi redaktorlar tayfasının içində oturdum. Hamıya salamunalleykum deməkdən savayı heç nə qalmırdı. Hamı ordaydı, haaamıı…

Aqil müəllim birdən “badə nə badə “ni götürüb sağlıq dedi: “İradə mənə içməyə icazə vermir” . Hamı bu sağlığı bəyəndi və arağı başına çəkib ürəkdən içdi. ( Aqil müəllimdən başqa) Sonra kim nə danışdı, kim nə dedi eşitmədim. Öz-özümə düşünürdüm ki, indi ofisiantdan pambıq istəyərəm. Toylara getmirəm, işdi getsəm, mütləq pambıq istəmək ağlımda olur (əgər özümlə gətirməmişəmsə). İndi də ağlımdaydı. İndi istəyərəm, bu dəqiqə istəyərəm… Rəşad Məcid “aclığın var şəkil çəkdirək “milli-mənəvi deyimə sadiq qalaraq fotoqrafı hayladı: “3 gözəl xanımla mənim şəklimi çək, facebooka qoyacam”. Bir dəfə çəkdirdik, alınmadı. Yenə çəkdirdik. Fotoqraf şəkli gətirəndə Rəşad tez mənə göstərib soruşdu: Sən allah, burda ən enerjili, ən optimist, ən cavan kim düşüb?” Cavabımdan xoşhallandı.

Gözüm Nərminə sataşdı. Oturduğu stoldan qoparıb çənəmin altına saldım. Sonra Yeganəni də köçürtdük bizim masaya. Bu səfər Rəşad Məcid yenə fotoqrafı hayladı: “Məni 5 gözəl qızla çək, facebooka qoyacam”
Şəkil gələndə soruşdu: “Sən allah burda ən cavan, enerjili, optimist kim düşüb?”

Cavabımdan yenə xoşhallandı.
Birdən başımın üstündə kölgə hiss elədim. Mövlud idi. Mən üzr istəyirəm, üzr istəyirəm” dedi. İnsidentə görə belə deyirdi. Qanacaqlı uşaqdı, düşündüm. Yenə gəlib qız-gəlindən üzr istəyir. Rəşadla öpüşüb qucaqlaşdılar, sonra kimsə uzaqda kimisə qucaqladı. Sonra kimsə kimisə bağrına basdı, kimisə çox istədi.

Aqil müəllim yenə badəni alıban sağlıq dedi: “İradə mənə içməyə icazə vermir”. Hamı sevindi sağlığa. Bu dəm Nərmin ayaqyalın, başıaçıq rəqs edən bir qadını göstərdi: Yazıçıdı. Özü belə deyir.
- Nə deyir?
- Heç, bayaq gəlib salamlaşır , deyir- tanımadız məni, yazıçıyam da?!
Mən də dedim : Lap yaxşı , tanışlığımıza sevindim , mənim də adım Nərmindi.

Gülmək istədim ki, yanımızda oturan Yusif redaktor gülüşümü ağzımda qoyub şairin qardaşını göstərib soruşdu:
- Tanıyırsan Yaşar müəllimi?
- Tanıyıram, dedim. Bir dəfə ANS –də bir verilişə qonaq çağırmışdılar bizi. Efirdən qabaq Yaşar müəllim məni görən kimi : “Biz danışarıq, sən qulaq asarsan”-söyləmişdi.
O vaxtdan ağzıma su alıb oturmuşam. Gözləyirəm görüm Yaşar müəllim nə deyəcək.
Rəşad bu dəm hardansa bumeranq kimi masaya geri döndü və oturan kimi soruşdu:
- Yaşar müəllimi tanıyırsan?
Eləcənə gülümsədim.

Gözləyirdim görüm Yaşar müəllim nə deyəcək. Sonra Rəşad getdi və Əsəd Cahangiri haradansa tapıb gətirdi. Yerini ona tapşırdı. “ Yerimi tut, gəlirəm” . Həmin an kimsə məni rəqsə dəvət elədi. Dedim -oynaya bilmirəm. Biri də gəldi: Yorğunam. Daha biri. Dedim: Sağ olun, elə indicə evdə oynayıb gəlmişəm. Narahat olmayın.
Bayaqdan qarşı masada ciddicənə oturan adamın Qismət olduğun bilmirdim. Bir dəm çevrildi, üz-üzə gəldik. Bilmədim nə deyim. Şablonlar yadımnan çıxıb. Çoxdandı toya getmirəm. Qismət hiss elədi və məni vəziyyətdən çıxardı.

O:
- O o o... Həmişə Toyda
Mən:
- Çox sağ ol…mm.. Sən də.
(Ürəyimdə-Allah, qəti!)
O macalda hələ də yer keşiyi çəkən Əsəd bəy məni nə ki var təriflədi.
- Siz gerçəkdən də çox yaxşı yazırsız. Bu yaxınlarda “525” də sizin barənizdə iki səhifəlik yazı çap etdirəcəm. O qədər təriflədi, öydü axırda dediklərinə inanmadım.
Söz verdim ki “ İqtidar niyə sözə baxmır? “yazısını oxuyacam. Bu gün oxudum və Yoldaş Stalinə “ Sovet ədəbiyyatının baş redaktoru “deməsi xoşuma gəldi.
Əsəd gedəndən sonra yerini Əjdər Ol tutdu. “Erkəklər” lə bağlı tənqidi fikirlərini bildirdi:

- Elə bil bir az tələsik yazmısız.
- Ola bilər.
- Ümumən bəyəndim, ancaq tələskənlik var. Dili sadədi.
- Çalışmışam oxucu qoyduğum problemi görsün.
- Düzdü, oxucu üçündü. Bilirsiniz, bir var oxucu ədəbiyyatı, bir də var…
Əjdər müəllim əmindi ki, biz ömrü boyu özümüz yazıb, özümüz oxumalıyıq. Xətrini istədiyim üçün onunla mübahisə eləmədim.
Ayağıyalınların rəqsinə baxırdıq. Aqil müəllim baxdı, baxdı birdən sağlıq dedi:

- Nə qədər istedadlı adam var burdadı. Hamısının sağlığına içərdim.
Heyf ki, İradə icazə vermir.
Bizim toyların bircə aşını sevirəm. Aş gözləyirdim. Gəlib çıxmadı. Zalımlar elə vaxt gətirirlər adamın yuxusu gəlir. Məclisdə ayaqyalın oynayanların sayı artırdı, haydı, getmək zamanıdı. Nərmini də qatdım qabağıma, çıxdıq.

Cavidi təbrik eləməyə fürsətim olmadı toyda. Heç Cavid yadıma düşmürdü sözün düzü. Arada harda olduğumu da xatırlaya bilmirdim. Çevrilib görürdüm ortada bəylə gəlin rəqs edir, yadıma düşürdü.
Orda deyəmmədim, burdan səslənirəm. Həyat bizim planladığımız kimi olmur çox vaxt. İstəyirəm səndə başqa cür olsun. Planlaşdırdığın kimi. Ya da daha yaxşı… Təbrik edirəm, Cavid!