“Əgər onlarda vətənpərvərlik hissi varsa...” – İcra başçısı

eger-onlarda-vetenperverlik-hissi-varsa-icra-bascisi-
Oxunma sayı: 659

- Ağdam Rayon İcra Hakimiyyətinin başçısı olduğum üç ildə “Qarabağ” komandasının Ağdamda oynaması üçün əlimizdən gələn hər şeyi etmişik. Biz həmişə komandanın nazını çəkmişik, nə deyiblər, etmişik, hətta gücümüz daxilində olmayan məsələlərin də həlli yolunu tapmışıq.

Stadionun yaxşı vəziyyətə gətirilməsi, komandamızın yüksək səviyyədə oynaması üçün 2010-cu ildə böyük məbləğdə pul xərclədik. Çünki oyunlar canlı yayımlanır, televiziyalar çəkilişlər aparırlar, hamı baxır, stadionun yaxşı vəziyyətdə olmasını, komandanın yaxşı oynamasını istəyirdik. Hətta reklam şitlərini də təzələdik. “Qarabağ” klubunun rəhbərliyi heç vaxt burada oynamamağın səbəbini, nəyin xoşa gəlmədiyini bizə açıqlamayıb, bu barədə bizimlə hər hansı müzakirə aparmayıblar.

Klubun rəhbərləri ilə bir neçə dəfə görüşmüşəm. Əsasən direktor Əmrah Çəlikəllə müntəzəm əlaqə saxlamışıq, gəlib-gedib. Hər dəfə də hər şeydən razı qalıb, işləri, vəziyyəti yüksək qiymətləndirib.

“Qarabağ”ın Ağdamda oynamamasına çox pis baxıram. Bu, Ağdamın komandasıdır, adı da “Qarabağ”dır. Bu komandaya “Qarabağ” adı bu gün qoyulmayıb, uzun illər belə olub. Əgər onlarda vətənpərvərlik hissi varsa, Ağdamda oynamalıdırlar. Azarkeşlər, bu işə aidiyyəti olan adamlar onların Ağdamda oynamasına çalışmalıdır. Birincisi, “Qarabağ” komandasının çıxışları bir çox xarici ölkələrdə yayımlanır. Hamı bilir ki, “Qarabağ” komandası da, Qarabağ da Azərbaycanındır. Məsələnin siyasi əhəmiyyəti bundan ibarətdir.

Lap məsələni siyasiləşdirməsək belə, Qarabağ Ağdamda oynamalıdır. Çünki Ağdamın 180 min əhalisindən 90 mini rayonun işğala məruz qalmayan kəndlərində yaşayır. Quzanlı qəsəbəsinin 20 min əhalisi var. Futbol olanda ayaq üstə belə durmaq mümkün olmurdu. Stadion 2 min 500 adam tutsa da, 3-4 min azarkeş gəlir. Yəni bunlar özlərini azarkeş bazasından da məhrum edirlər.

Klubun rəhbərliyi bir dəfə də onları narahat edən məsələ haqqında danışmayıb ki, mən də onlara bir cavab verim. Mənim də “Qarabağ”a heç bir iradım yoxdur, həmişə normal münasibətlərimiz olub, lazım olan diqqəti göstərmişik. Oyunlarda azarkeşlik etmişik, qışqırmışıq, ayaq üstə durmuşuq, əl çalmışıq, alqışlamışıq. Komandadır da, ola bilsin ki, bəzən yaxşı oynamayıb. Amma nəzərə almaq lazımdır ki, bəzən dünyanın ən məşhur komandaları olan “Milan”, “Barselona”, “Real” da uduzur. O zaman “İstefa” şüarı qışqırırlar. “Xəzər-Lənkəran” da uduzanda belə hallar olur. Ola bilər ki, bu kiminsə kiminsə xoşuna gəlməz. Amma onların burada oynamaması üçün ciddi əsas görmürəm.

Komandanın bazasında şərait Bakı komandalarının şəraiti ilə eynidir, otaqlar müasir üslubda tikilib, isti-soyuq su, istilik sistemi – hamısı var. Düzdür, bura Fransa, Almaniya deyil, amma Bakıda olan şərait burada da var.

Stadion da həmişə yaxşı vəziyyətdə olub. Yenicə təmirdən çıxan Tofiq Bəhramov adına Respublika stadionu səviyyəsində olmasa da, Bakıdakı digər stadionlardan həmişə yaxşı vəziyyətdə olub. Kluba lazım olanda bəzən stadionu yaxşı vəziyyətə gətirmək üçün 50 nəfər bir ay orada işləyib. Lazım olanda idarə və müəssisələrdən xahiş etmişik, hər biri 5-10 adam veriblər. Hamısını pulsuz etmişik. 2011-ci ilin əvvəllərində stadiona 30 min manata qədər vəsait xərcləmişik. Tutaq ki, bizə deyirlər ki, 20 maşın qum lazımdır, amma Ağdamda qum yoxdur. “Qarabağ”ın oynaması üçün Mingəçevirdən maşını 200 manata qum alıb gətiririk. Onlar bizə nə deyibsə, mümkün olmayan işləri belə həmişə yerinə yetirmişik. Bura köçkün rayonudur, 30 min manat pul xərcləmək çox çətin məsələdir. Amma “Qarabağ”ın burada oynaması üçün ilboyu bu işləri görmüşük.

- “Qarabağ” Quzanlı stadionunda bu neçə mövsüm pis oyun göstərməyib. Sizcə, bu yaxşı oyunda həm də Ağdam amilinin, güclü azarkeş dəstəyinin rolu vardımı?

- Hesab edirəm ki, yerində-yurdunda oynamaq böyük amildir. Futbol mütəxəssisi deyiləm, öz yerində oynamağın qələbənin neçə faizi olduğunu izah edə bilmərəm. Amma komanda üçün azarkeşin nə demək olduğunu bilirəm. Biz İngiltərə, Fransa, İspaniyadakılardan daha yaxşı azarkeşlik etmişik. Əlbəttə, bu, çox böyük amildir. Burada oynayanda bizə deyiblər ki, Lənkərana gedirik, 5 avtobus göndərilibsə, 5-ni də azarkeşlə doldurmuşuq, hər birində də 40 adam. “Qarabağ”ın başqa rayonlarda azarkeşsiz qalmasını istəməmişik.

“Qarabağ” komandasından həmişə bütün komandalar qorxub. O biri komandalar bunu dost kimi etiraf edirlər. Deyirlər ki, Ağdamda oynayanda “Qarabağ”dan daha çox qorxuruq, nəinki digər yerlərdə.

Hələ bu günə qədər “Qarabağ” komandasının rəhbərliyindən bir nəfər mənə zəng edib narazılığını bildirməyib. Bizim də onlardan narazılığımız yoxdur. Hansısa səbəbdən oynamaq istəmirlərsə, bunu bilmirəm. Ürəklərində nə tutublar, niyə gəlmirlər, deyə bilmərəm.

- Məsələni ölkə və AFFA rəhbərliyi ilə müzakirə etmisinizmi? “Qarabağ” klubunu Ağdama qaytarmaq üçün hansı addımlar atmağı planlaşdırırsınız?

- Mənim icra başçısı kimi rayonda o qədər işim var ki, bəzən bir məsələ ətrafında fikirləşməyə belə vaxtım olmur. Ölkə rəhbərinə müraciət etməyin özü də məqsədəuyğun deyil. Müzakirə etmək üçün isə qapımız açıqdır, haraya istəsələr, getməyə də hazırıq.
Başqa rayonlarda məsul vəzifələrdə işləmişəm. “Qarabağ” komandası hansı rayona gəlibsə, ona azarkeşlik eləmək bir tərəfə, hər cür yardım etmişəm. Bu gün isə öz elimdə, obamda, yurdumda işləyirəm və burada ola-ola “Qarabağ”ın problemlərini həll etməsəm, ona köməklik göstərməsəm, dəstək olmasam, heç bunu özümə bağışlamaram. Əgər onların gəlmək könülü yoxdursa, gəlmək istəmirlərsə, heç nə deyə bilmərəm.