Elxan Şükürlü yeni təşkilat yaratdı

elxan-sukurlu-yeni-teskilat-yaratdi
Oxunma sayı: 1346

“Qafqazinfo”nun məlumatına görə, yeni təşkilat “Strateq” Strateji Təhlil və Planlaşdırma Mərkəzi adlanır. Təşkilatın təsisçiləri arasında AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun professoru, tanınmış alim Əbülhəsən Abbasov da var. Mərkəzin yaradılma zərurəti haqda mətbuata məlumat verən E. Şükürlü bildirib ki, əsas məqsədləri Azərbaycanda və Azərbaycan ətrafında baş verən hadisələri izləyib analiz etmək, cəmiyyətin inkişafına müsbət və mənfi təsiri olan problemləri, daxili və xarici amilləri təhlil etmək və milli maraqların qorunmasına yönəlik proqram və tövsiyələr, təkliflər hazırlayıb ictimai müzakirəyə təqdim etməkdir: “Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu istiqamətdə də ciddi boşluqlar var. Məsələn, Prezident yanında ayrıca Strateji Araşdırmalar Mərkəzi də yaradılıb, ancaq ötən illərdə istər xaricdə, istərsə də ölkə daxilində baş verənlərə Azərbaycan hakimiyyətinin reaksiyası, problemlərə adekvat olmayan münasibət təsdiqləyir ki, mövcud reallıqları doğru-düzgün təsvir və təhlil etmək istəyi ya yoxdur, ya da sadəcə bunu edə bilmirlər. Hökumətə bağlı qurumların hazırladıqları proqramların əksəriyyəti yalançı statistikaya və məlumatlara əsaslandığından, üstəlik də “yuxarıları”da xoş ovqat yaratmağa hesablandığından, gerçəkliyi əks etdirmir. Odur ki, nə qədər inkişafdan, islahatdan danışsalar da, xalq bunu öz həyatında görmür, hiss etmir. Və yaxud da kritik bir situasiyada gələcəkdə dövlət maraqlarımız üçün təhlükə yaradacaq elə səhvlərə, davranışlara yol verilir ki, ortada hansasa sistemli, planlı fəaliyyətin olduğuna şübhə edirsən. Biz çalışacağıq ki, imkanlarımız çərçivəsində ölkə reallıqlarını, mövcud problemləri və onlardan çıxış yollarını doğru-dürüst əks etdirən sənədlər, proqramlar hazırlayıb ictimai müzakirəyə çıxaraq, alternativ fikir və proyektlər ortaya qoyaq. Xeyli sayda mütəxəssislərimiz var ki, siyasi maraqlar naminə nə hakimiyyət onları yaxına buraxır, nə də siyasi partiyalar. Ancaq bu insanların beyinləri, bilik və bacarıqları bu ölkəni həqiqi inkişafa apara bilər. Biz təşkilatımıza bu sayaq insanların cəlb olunmasına və onların yaradıcı potensialını cəmiyyətin xidmətinə verməyə çalışacağıq”.

E. Şükürlünün bildirdiyinə görə, Mərkəzin dövlət qeydiyyatına alınması üçün artıq müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.