Bəs cəzanın pulunu kim ödəyəcək?

bes-cezanin-pulunu-kim-odeyecek
Oxunma sayı: 932


Övladının gözü qarşısında qanına boyanması valideyn üçün böyük faciədir. Çox şükür ki, Nabranda baş verən hadisə çox insanımızın hələ də ürəyinin daş olmadığını, biganəlikdən kəm olduğunu sübuta yetırdi. Hamı balaca uşağın faciəsinə qan qaraltdı, onun sağalması, bu böyük travmaya məlhəm olmaq üçün can yandırdı. Müalicəsi üçün pul yığmaq kampaniyaları belə başlatdı. Sevindim ki, insanlıq ölməyib. Həmin gün bir ürəkli varlının bu müqəddəs ayda savab iş tutması üçün dua da etdim. Şükür, çoxu kimi dualarım yerinə yetdi. Dövlət başçısının kürəkəni, ardınca dövlətin balaca İmrana yardım etməsi xəbəri hamımızı sevindirdi. İçimizdən yalnız alqış söyləmək keçdi. Yaxşı, bu yardım zamanında olmasaydı necə? Günlərdir, istirahət ocağının sahibləridirmi, icəradarlarıdırmı bilmirəm susur.

Nabran həmişə yay gələndə çoxunun tələsdiyi tətil məkanı olub. Buranın qaz vurub qazan dolduran iş adamları sezonla olsa belə az pul əldə etmirlər. Amma pul qazanmağın da kişi kimi yolları var. Pulunu alıb istirahət ərazisinə adamı buraxanda ürəyin rahat olmalıdır ki, məlum faciələr baş verməsin. Nabranın “qəhrəman” istirahət mərkəzinin adı günlərdir, hallanır. Amma uşağın iki ayağı bahasına reklam olunan bu məkanın sahibləri səsini belə çıxarmır. Onlar necə yatır, necə durur , hamı bunu fikirləşir. Maraqlısı ondadır ki, birbaşa təqsirkar olan istirahət ocağında baş verən faciə, daha çox diqqət mərkəzindədir. Çünki hamıya balaca İmranın vəziyyətinin düzəlməyi lazımdır. Unutmayaq ki, bizə faciənin səbəbkarlarının taleyi də maraqlı olmalıdır, təhlükəsizlik tədbirlərininə riayət etməyən, bu məsələyə barmaqarası baxanlar mütləq ki cəzasını almalıdır. Bəs cəzanı kim verəcək? Yoxsa cəzanın da pulu artıq ödənilib, ya da pulu “yoldadır”? Bu hadisə yalnız bir nümunədir. Tez yayılan bu faciəni ört-basdır etmək də balaca məsələ deyildi. Duraq, gedək dənizkənarı və ya sahil istirahət mərkəzlərinə. Orada pulla satın alınan o qədər “təhlükəli məqam” var ki. Uzağa getmədən, bir misal çəkim. İki gün qabaq Novxanı akvaparkındakı hovuzda bir gənc boğuldu. Amma bu məsələnin üzəri yaxşıca bağlandı. Bu gəncin Novxanı çimərliyində öldüyünü dedilər. Halbuki, həmin istirahət mərkəzinin iki metrdən dərin olan hovuzunda nə təlimçi, nə də nəzarət var. Elə həmin gənc yaxşı üzə bilmədiyindən bu hovuzda canını tapşırdı. Bunu hadisə şahidləri deyir.

Bir azdan bu faciəni də yavaş-yavaş unudacağıq. Təki İmranın canı sağ olsun, o yerisin, gəzsin. Bəs cəzasızları(təqsirkar ola-ola) necə unudaq? Cəzadan, məsuliyyət daşımadan xəbər-ətər də yoxdur. Faciəyə səbəb olanlar pul saymaq işindədirlər, heç nə olmamış kimi. Kimlərinsə səsini çıxarmaması, cəza kəsməməsi üçün baş sındırırlar.

Bizim ölkədə vicdansız, əxlaqsız, Allahsız, tərbiyəsiz, qürursuz qədər də cəzasız var. Qəzalı, amma cəzasız.