Ət

et-
Oxunma sayı: 648

Deyirəm, bu rəhmətlik Sabirin də qeyri-adi müşahidə qabiliyyəti olub. Adam bir xalqı nə qədər yaxından tanıya bilər, ilahi?! Doğrudan da, ət sadə azərbaycanlının arzularının, ideallarının məcmusudur! Ət yüksək rifah, ətrafdan seçilmək, istəməyənlərə yandıq vermək və hətta kasıblara baxıb qürur duymaq imkanıdır. Sadə azərbaycanlının qafasında sevdiyi xanım da bir yığın ətdən ibarətdir. Yanı-başı ətli xanımların mentalitetdə ağır çəkisi vardır! Arvad ki, kişinin qucağını doldurmadı, tulla getsin! O nədi, gedib cüllütə-müllütə bənd olurlar... Yekə bud qadının yekə bud da oğlu olar. Avropalıya baxma, biz dostlu-düşmənli xalqıq!

Baxmayın ki, bir para avara tarixçi mədəniyyəti əkinçilikdən hesablayır. Bizə görə bəşəriyyət ətdən buğdaya keçdiyi gün taleyinin ən böyük məğlubiyyətini yaşadı. Bax, kişi kimi danışaq. Buğda yeyən canlılar hara, ət yeyənlər hara?! Nəinki buğda, heç ot, meyvə, bitki kökü yeyən varlıqlar da ət yeyənlərlə müqayisəyə gələ bilməz. Aslan hara, toyuq və ya qoyun hara?

İnsan əslində yaranandan ət yeyib. Sonralar onu qəsdən həftəbecər varlığa çevirib bütün canlılardan nəsə bir şey əxz elətdiriblər. İnsan toyuq kimi buğda, meymun kimi meyvə, donuz kimi zibil, aslan kimi ət, həşərat kimi bitki kökü yeyə bilir. Amma yer üzünün əşrəfi kabab süfrəsi arxasındakı qədər heç yerdə şahanə görünmür. Sizcə insan mağara mədəniyyətindən aralanıb? Bircə qarış da aralanmayıb! Həmin ət, həmin basmarlama, həmin vəhşilik və həmin halay çəkmələr... İllah da bizimkilərdə!

Ətə olan sevgimizdəndir ki, bizdə Qurban bayramı xüsusi təmtəraqla keçir. Təsəvvür edin, il boyu bekarçılıqdan burnunu qurdalayan yekəqarın baytarlar da bu bayram ərəfəsi xələtlərini geyinib, qoruyucularını taxıb cumurlar qəssabxanalara! Polis gücləndirilmiş iş rejiminə keçir. Əlaqədar orqanlar qoyun-quzu dəllallarının süni qiymət artımına imkan vermirlər. Xalq əməlli-başlı kefə baxır!

Qurban bayramı arvaddan tutmuş Allaha qədər hamıya özünü göstərmək imkanıdır. Belə fürsət ələ düşərmi? Nə olsun il uzunu kimlərinsə haqqını yeyib pul-para toplamısan. Balam, insan bir yandan ruzisini çıxarmalıdır, ya yox?! Bunu Allah görmür, guya?! Lap belə dərininə gedək: hər çiyində bir mələk yoxdumu? Qoy o günaha yazılsın, bu biri savaba! İndi aradabir haramlıq eləmisən ki, Həcc və Qurbanlıq kimi vacib mərasimləri yaddan çıxarasan?

O günü bir avara jurnalistlə söhbət edirəm, deyir, İslam dininin məlum və məşhur ayinləri qədər fırıldaqçıların əlinə dəstəvuz verən bir zad görmədim! Dedim, Allah kəndirini kəssin! Bu müqəddəs qurban bayramı qənimin olsun! Get, böyük qardaşımız Türkiyəyə bax, pis bir şey olsa onlar yerinə yetirərlərmi bu ayinləri?! O yandan qayıdasan ki, Türkiyənin Qurban bayramı İspanların Korridasına bənzəyir. Bu bayram deyil, Hacı, cöngə qovalamaq oyunudu!

Hələ bir sonuncu cümləsinə baxın, imansız köpəyoğlunun: “Haqqını sədəqə kimi dilənən insanları bir kilo ətlə aldatmağa nə var?”

Tfu sənin... Əstəğfrüllah! Bayramın günü ağzımı söyüşə bulaşdırdı...