Etibar Hüseynov sükuta qarşı

etibar-huseynov-sukuta-qarsi
Oxunma sayı: 683




“Mən öncə deputat həmkarımız Rəbiyyət Xanım Aslanovanı “Şöhrət” ordeni alması münasibəti ilə təbrik edirəm. Eyni zamanda tətildə olduğumuz müddətdə yubileyini və digər xoş günlərini qeyd edən həmkarlarımı da təbrik edirəm.

Hörmətli sədr, mən sizin diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Və xahiş edirəm ki, səsləndirəcəyim təklifimə bir cumlə ilə də olsa münasibət bildirəsiniz.

Məsələ ondadır ki, Milli Məclisin ötən iclaslarında da bir sıra hörmətli millət vəkilləri 1 dəqiqəlik sükut təklifi ilə çıxış etmişdilər ki, bu da öz-özlüyündə qəbul olunmuş bir haldır. Lakin təəssüflər olsun ki, bizdə bu prosedura bir qədər pərakəndə halda həyata keçirilir. Yəni millət vəkillərimizin bir çoxu bu təkliflə ya iclasın ortasında, bəzi hallarda isə hətta iclasın sonunda çıxış edirlər ki, bu da iclasın ümumi abu havasına, axarına təsir edir və ona görə də həm millət vəkillərinin həm də mənim müşahidələrimə görə sədarətin belə haqlı narazılığına səbəb olur. Ona görə də, hesab edirəm ki, o təklif ki, həm millət vəkillərinə, həm sədarətə, həm də zalda əyləsən qonaqlara, mətbuat işçilərinə, texniki personala ünvanlanırsa belə təkliflərlə yalnız məclisin sədri və ya onun müavinləri çıxış edə bilərlər. Çünki, Azərbaycan tarixinin uzaq deyil, elə yaxın keçmişini də araşdırsaq bizim təqvimdə çox az günümüz tapılar ki, orada 1 dəqiqəlik sükutla yad ediləsi bir necə hadisəmiz və ya insanımız olmasın. Əgər biz bütün bunların hamisini qeyd etməli olsaq və hər söz alan millət vəkili bir dəqiqəlik sükut təklifi ilə çıxış etsə, onda biz hər iclasda bir necə dəfə oturub durmaqla məşğul olmalıyıq ki, bu da bayaq qeyd etdiyim kimi iclasların ümumi ab havasına, axarına öz təsirini göstərmiş olacaqdır. Məlum olduğu kimi bu gün tək paytaxtda deyil, eləcə də bütün ölkə boyu həm hansısa işğal hadisəsi, həm də ayrı-ayrı şəxslərin xatirəsinə həsr olunmuş anim gecələri və ya müxtəlif tədbirlər kifayət qədər keçirilir. Televiziya və radioda verilişlər hazırlanır, o cümlədən də mətbuatda geniş yazılar dərc olunur. Mən hesab edirəm ki bunun Milli Məclisdə də bir daha qeyd olunmasına zərurət yoxdur. Bu başqa məsələdir ki, iclasın gündəliyinə daxil olan məsələnin müzakirəsinə başlayarkən hər hansısa anim dəqiqəsi keçirilsin. Yəni işğal olunmuş ərazilərimiz, qaçqınlar və ya milli qəhrəmanlarımızla bağlı hər hansısa qanun layihəsi gündəlikdə varsa, onun müzakirəsinə keçməzdən əvvəl anim dəqiqəsi əlbəttə ki, keçirilə bilər . Ona görə də, mən təklif etmək istərdim ki, kimsə çıxış etmək xatirinə deyil, sidq ürəkdən hər-hansısa hadisənin və ya insanın xatirəsinin yad olunmasını istəyirsə iclasın əvvəlində bu təklifini yazılı şəkildə sədarətə bildirsin və sədarət də məsləhət bildiyi halları ümumiləşdirib iclasın əvvəlində bu 1 dəqiqəlik sükutu elan eləsin. Və bununla da məsələ bitsin”.