Fahişələr üçün şou

fahiseler-ucun-sou
Oxunma sayı: 1880

Bernard Şounun pyeslərini Z. Qrajdanskaya rus dilinə tərcümə edib. Bu pyeslər haqqında kitabın əvvəlində ön söz yazıb. Deyə bilərsiniz ki, Z. Qrajdanskaya Şounun pyeslərini sovet ideologiyası baxımından şərh edib. Məsələn, Z. Qrajdanskaya Şounun marksist olduğunu önə çəkir. Lenin və Engelsin Şou haqqında fikirlərinə yer verir və.s. Lakin, tam səmimi deyəcəm, pyesləri oxuduqdan sonra, Z. Qrajdanskayanın şərhini bəyəndim. Çünki, Şounun əsərlərini oxuduqdan sonra, onun ingilis kapitalizminə necə nifrət etdiyini duymamaq mümkün deyil. Əsər ortadadır. Kor-kor, gör-gör, müsbət qəhrəmanların dilindən alov püskürür. Şəxsən mən bu pyesləri oxuyanda xeyli güldüm. İroniya, kinayə, istehza, satira nə qədər desən var Şounun pyeslərində. Ancaq bu, elə-belə gülüş deyil. Düşündürücü gülüşdür. Adam utandıran gülüşdür. Problemli gülüşdür. Bəzən elə anlar olur ki, bilmirsən, ağlayasan, ya güləsən. Bax, Şounun pyesləri də eynən bu labirintə salır adamı. Bilmirsən, ağlayasan, ya güləsən...

B. Şou öz mənfi qəhrəmanlarını mühakimə etməyib. O, sadəcə, olanları güzgü kimi əks etdirib. Bəziləri bu güzgüdə özünü yekəbaş görə bilər. Bəziləri yekəqarın görə bilər. Bəziləri uzunqulaq görə bilər. Drayzer necə deyirdi? “Mühakimə etmək – yazıçının işi deyil. Yazıçının işi – həyatı anlamaq və bu haqda yazmaqdır”.

“Həqiqət – kritik dəqiqələrdə üzə çıxır”. Bunu da Drayzer deyib. Bu fikri elə-belə yazmadım. Londondakı iğtişaşlardan xəbərdarsınız. Bu kritik hadisələr fonunda Şounun pyesləri həqiqəti anlamağa kömək edir.

Drayzerin bir fikrini də deyim: “Əsl vicdanlı adamlar nadir hallarda varlı olur”. Şou da öz növbəsində burjuaziyanın acgözlülüyünü, çirkin yollarla sərvət əldə etməsini, bunun insani münasibətlərə təsirini çox gözəl təsvir edib.

İlk olaraq, Şounun “Missis Uorrenin peşəsi” pyesi haqda… Bu pyesində B. Şou burjuaziyanı nəyi var sancıbdır. Halal zəhmətlə yaşamağın necə çətin olduğunu göstərib. Missis Uorrenin timsalında qadınların necə fahişəyə çevrilməsini qabardıb. Onları buna təhrik edən səbəbləri açıb. Maskaları yırtıb.

Missis Uorrenin ögey bacısı fabrikdə çalışır. Halal zəhməti ilə dolanır. Həftədə doqquz şillinq əmək haqqı alır. Və bir gün qurğuşundan zəhərlənib ölür. Bütün bunlar Missis Uorrenin fikirlərini dəyişir. O, halal zəhmətlə dolanmağın nə qədər acınacaqlı olmasını anlayır. Vaxtilə evdən qaçmış əxlaqsız bacısı ilə görüş isə onun həyatını büsbütün dəyişir. Bacısı – Lizin dəbdəbəli həyatı, varlı olması Missis Uorrenin gözünü tutur. O da fahişəliklə məşğul olur. Sonra özü fahişəxanalar açaraq qadınları istismar etməyə başlayır. Missis Uorren ildən-ilə daha da varlanır. Kroftsla birgə Brüssel, Vyana və Budapeştdə fahişəxanalar açır. Bu fahişəxanalardan gələn gəlir təkcə Missis Uorrenə və Kroftsa çatmır. Gəlirin otuz beş faizi Kroftsun parlament üzvü olan qardaşına, müəyyən bir qismi Belqravia hersoquna və başqa nüfuzlu şəxslərə çatır.

Miss Vivi Uorren - Missis Uorrenin qızıdır. Miss Vivi Kembric Universitetində təhsil alır. Anasının nə işlə məşğul olmasından xəbəri yoxdur. Lakin anasının gəlirindən özü də bilməyərəkdən bəhrələnir. Onun təhsil haqqı da, Nyunemdə təsis olunmuş Krofts adına tələbə təqaüdü də fahişəxanalardan əldə edilmiş gəlir hesabına ödənilir. Universiteti bitirdikdən sonra isə işləməyə başlayır. Öz işi hesabına gəlir əldə etməkdən məmnunluq duyur.

Mister Preyd – arxitektordur, Missis Uorrenin dostudur. Missis Uorren yayda Surreydəki kottecinə gəlir. Bundan əvvəl isə, Preyd onların hər ikisini görmək üçün həmin kottecə təşrif buyurur. Burda Vivini görür. Aralarında söhbət olur. Preyd anlayır ki, Vivi anasından tamamilə fərqlidir. Və anasının hansı peşənin yiyəsi olmasından xəbəri belə, yoxdur. Ona görə də bunu Vividən gizlədir.

Preyd Missis Uorrenin peşəsinə haqq qazandırmaq üçün Viviyə deyir: “Mən sizə deməliyəm ki, ən intim insani münasibətlər qanunların fövqündədirlər və müqayisəolunmaz dərəcədə onlardan üstündürlər” Bəli, Preyd kimilər, Krofts kimilər üçün fahişəlik “intim insani münasibətlər” hesab olunur. Onlara görə, fahişəxana açanlar istədiklərini edə bilər, qanunlara da tüpürə bilərlər. Çünki, onlar “qanunların fövqündədirlər”.

Missis Uorrenlə qızının dialoqundan bəzi parçaları verməsəm günah olar. Demək belə. Missis Uorren öz peşəsi barədə qızına məlumat verir. Bundan utanmadığını görün necə əsaslandırır: “Mənim bir şeyi deməkdən zəhləm gedir, əgər hamı anlayırsa ki, mən başqa şey fikirləşirəm” Həqiqətən, əgər qarşı tərəf buna etiraz etməyəcəksə, ikiüzlülük etmək nəyə lazım?! Məsələn, bizim cəmiyyətdə də pulun mənbəyi çoxları üçün vacib deyil. Təsadüfi deyil ki, bəziləri anasının, bacısının hansısa şəhərdə "mama rozalıq" etməsindən fəxrlə danışır. Bəli, bazar psixologiyası çoxlarının beynini yeyib. Çoxlarını manqurtlaşdırıb. Hər şeyin satın alınması heç kəsdə təəccüb doğurmur. Əlbəttə, Vivi kimilər də var. Madlen Baba olmağa cəhd edənlər də var. Lakin Kroftsların, Jan Valjanların çoxalması Madlen Babaları, Viviləri istisnaya çevirir. İstisnalar isə vəziyyəti dəyişməkdə gücsüzdür.

Missis Uorrendən qızına digər bir əsaslandırma: “…sən səhv anlayırsan bu nə deməkdir. Sən çox cavansan. Bu, hər gün yeni paltar deməkdir; bu, hər axşam bal və teatrlar deməkdir; bu o deməkdir ki, Avropanın ən öncül centlmenləri sənin ayağının altındadır; bu, gözəl ev və çoxlu qulluqçular deməkdir; bu, ən gözəl yeməklər və içkilər deməkdir; bu, sənin həyatda istəyə biləcəyin, arzulaya biləcəyin, düşünə biləcəyin hər şey deməkdir... ”

Lakin bütün bu “əsaslandırmalara” baxmayaraq, Miss Vivi anasının iyrənc yollarla var-dövlət əldə etməsini qəbul etmir. Öz zəhməti hesabına yaşamaq üçün Londona gedir.

(Ardı var)