Bayramov monteneqrolu həmkarı ilə görüşdü - Fotolar

bayramov-monteneqrolu-hemkari-ile-gorusdu
Oxunma sayı: 229

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Monteneqro Baş nazirinin müavini - xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazirlər görüş zamanı Azərbaycan-Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti nəzərdən keçiriblər.

Yüksəksəviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Monteneqro Prezidenti Yakov Milatoviçin səfərinin ikitərəfli siyasi dialoqun davamlılığının təmin olunmasında mühüm rol oynadığı vurğulanıb.

Turizm, mədəniyyət və təhsil sahələrini əhatə edən humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz hissəsi kimi qeyd olunub. Hər iki tərəf bu sahələrdə mübadilələrin genişləndirilməsini məmnunluqla qarşılayıb.

Nazirlər həmçinin BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edərək qarşılıqlı etimada əsaslanan əməkdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər.

Tərəflər görüş zamanı regional məsələləri də müzakirə edib. C. Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma və davamlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə həmkarını məlumatlandırıb.

Daha sonra Azərbaycan və Monteneqro XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub.

Sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsini hədəfləyir.