Fazil Məmmədovun işçiləri həbs olundu

fazil-memmedovun-iscileri-hebs-olundu-
Oxunma sayı: 865

“Qafqazinfo” xəbər verir ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumata görə, bu il avqustun 12-də vətəndaş Kəbirə Ruhulla qızı Həbibova ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək, özlərini nazirliyin əməkdaşları kimi təqdim edən 2 şəxsin onun işlətdiyi Bakı şəhəri, Abbas Səhhət küçəsi, 35 ünvanda yerləşən “Ləziz” kafesində qanunsuz yoxlama apardıqlarını və pul tələb etdiklərini bildirib.

Şikayətlə bağlı Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, nazirliyin yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti xüsusi rejimli müəssisələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Xəyal Xəlil oğlu Cəlilov və Vergilər Nazirliyinin sərəncamında olan İlham Əliş oğlu Dadaşov “Ləziz” kafesinə gəlib, hər ikisinin konkret xidməti sahəsinə aid olmamasına baxmayaraq, vergi müfəttişləri kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar vergi qanunvericiliyinin tələblərinə əməl olunmasıyla bağlı qanunsuz yoxlama aparıblar. Yoxlama zamanı adı çəkilən vergi əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kəbirə Həbibovaya işəgötürən kimi vətəndaş Gülnarə Cəbrayıl qızı Şirinova ilə əmək müqaviləsi bağlamadığı üçün Vergi Məcəlləsinin tələblərinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməklə min manat məbləğində cərimə olunacağını bildiriblər. İnzibati xəta törətməsilə bağlı müvafiq sənədləşmə aparılmaması müqabilində, yəni qanunsuz hərəkətsizliyə görə 400 manat pul istəyiblər. K. Həbibova tələb olunan pulu onlara həmin gün saat 18:00 radələrində verəcəyini bildirib.

Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində X. Cəlilov və İ. Dadaşov tələb etdikləri pulu K. Həbibovadan alarkən cinayət başında yaxalanıblar.
Kifayət qədər əsaslar olduğuna görə toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb. Törətdikləri cinayət əməllərinə görə, X.Cəlilov və İ.Dadaşov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaya görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.