Gürcülərin bizə işi düşüb

gurculerin-bize-isi-dusub
Oxunma sayı: 651

Yadımdadır, uşaq vaxtı hər gün evlərə qaranlıq çökür, biz də lapmanın zəif-zəif közərən işığında durub susurduq. Onda qaranlıq kəndə ayrı bir gözəllik verirdi. Hər yerdə itlər ağız-ağıza verib hürüşür, adamlar yola çıxıb gap eləyirdi. İşığın keçməsi hamını bir-birinə yaxınlaşdırmışdı.

İndi o anları xatırladım və mənə elə gəldi ki, uşaqlığımda gördüyüm insanlar təzədən gözümün qabağında canlanır. Ancaq bütün bunlar bir kənara, əsas məsələ bir gürcünün işıq probleminə belə canıyananlıq göstərməsidir. Gürcünün danışığında içdən bir hayqırtı, duyğularını biruzə verən bir şey vardı. Gör e, bir işıq problemi ilə gürcülərin bizə olan nifrəti, paxıllığı puça dönmüşdü. Eynən əvvəllər gördüyüm kimi, insanlar bir amal üçün bir yerə toplaşmışdılar. Qabağımızı kəsən gürcü də əlini-qolunu sallaya-sallaya bunları deyirdi: “Hamımız bir olaq. Kənddəkilərə deyin, gəlsinlər, deputat da gəlsin, bu işi kökündən həll edək.”

Uşaq vaxtımdan bizi söyən, “diliani tatari” (“bitli tatar”) deyə-deyə ləyaqətimizi, milliyyətimizi ayaqlar altına salan bir gürcü bunları deyirdi. Başa düşürəm, deyəcəksiniz, o öz işığının dərdini çəkir, sənnən, mənnən isə istifadə eləyir... Ancaq təkcə bu deyil. Onun danışığından hər şeyi anlamaq olurdu. Gürcü istəyirdi hər şey bərabər olsun, millətindən, dinindən, irqindən aslı olmayaraq hamı xoşbəxt bir çatı altında yaşasın. Elə bil deyirdi: “Nə olsun ki, sizi təhqir etmişik, bəzən lap yerin dibinə soxmuşuq?! Ancaq indi ikimizin də problemi eynidirsə, niyə bir-birimizə düşmən kəsilək? Əksinə, sözü bir yerə qoyub keçmişdə olanları unudaq, problemlərimizi bərabər həll edək.” Məsələnin əsl mahiyyəti budur. Yoxsa elə bilməyin ki, gürcülər tamamilə mələk oldular. Yox, əsla! Gürcüləri uşaq vaxtından tanıyıram, hər şeylərini dəyişərlər, ancaq inadlarından heç vədə əl çəkməzlər. Ölərlər, milliliklərindən üz döndərməzlər. “Tatar”ın qabağında boynu-bükük olmaq, onun əlinin altına düşmək gürcü üçün ölümdən betərdi. Ona görə də gürcülər heç vaxt uduzmağı sevməzlər...

Ancaq indi yaranan problem onları bir anlıq dəyişdirmiş, yumşaltmışdı. Axı gürcü də bilir ki, “tatar” da adamdı, onun da hər yerdə görünməyə, nəsə deməyə haqqı var. Yaxşı yaşamaq “tatar”a da lazımdır. Lakin gürcü gürcüdür, düşmənçiliyini heç vaxt unutmaz. Bir də gördün sabah tamam ayrı hərəkətə yol verdi. Bəlkə də problemlər olmasa, sözümüzə, etirazlarımıza ehtiyacları olmasa çoxdan Gürcüstandan, qədim torpaqlarımızdan bizi qovub atmışdılar. Kəndçilərimizin dediyinə görə, gürcülərdə hələ lap balaca uşaq da bu fikirdədi. O balaca uşaq bir gün böyüyəcək, görəcək ki, hər şey, həyat heç də düşündüyü kimi deyil. Bunu yaxşı bilirəm: bəzən millətçilik, özünə vurğunluq insanlığı məhv edir. Harda olmağından aslı olmayaraq ən böyük yaradılış insandır, ona görə də heç kim özünü daha yüksəkdə görməsin. Bir gün gələcək, unutmayın, bir türk filmində deyildiyi kimi, aramızda olan böyük fərqliliklər bizi bir-birimizə daha da yaxınlaşdıracaq.

Kənddəki evimizə çatanda isə hələ də bir sual məni rahat buraxmırdı: görəsən, işıqlar yanır ya yox?