“Hakimiyyət problem yaratmaq yolunu tutub”

hakimiyyet-problem-yaratmaq-yolunu-tutub
Oxunma sayı: 672

Təəssüflə qeyd edirəm ki, Azərbaycan hakimiyyəti belə bir təşəbbüs irəli sürməzdən əvvəl ölkədə fəaliyyət göstərən əsas partiyalarla hər hansı məsləhətləşmə aparmağa yenə də ehtiyac görməyib, təklif etdiyi dəyişiklikləri ictimai müzakirəyə çıxarmayıb”. Bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının üzvü və VİP Məclisi Hüquq Komissiyasının sədri Adil Mirhəsənli “Siyasi partiyalar haqqında” qanuna hakimiyyətin irəli sürdüyü dəyişiklikləri şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda siyasi fəaliyyət imkanlarının minimuma qədər məhdudlaşdırılması azmış kimi, hakimiyyətin “Siyasi partiyalar haqqında” qanuna irəli sürdüyü dəyişikliklərin başlıca istiqamətləri də ölkədə siyasi proseslərin durğunlaşdırılmasına hesablanıb: “Təklif olunan dəyişikliklərdə xüsusilə məqbul sayılmayacaq müddəalar əks olunub. Onlardan bəziləri ilə bağlı fikirlərimi bildirmək istərdim. Hakimiyyətin yeni layihəsində yaradılan siyasi partiyaların dövlət qeydiyyatına alınmaları üçün onların müvafiq dövlət qurumuna beş min nəfərin imzasını təqdim etmələri nəzərdə tutulur. 1992-ci ildə qəbul edilən və hazırda qüvvədə olan qanunda isə partiyaların dövlət qeydiyyatı üçün min nəfərin imzası tələb olunur. Hakimiyyətin bu təşəbbüsü ölkə vətəndaşlarının sərbəst birləşmək hüquqlarının birbaşa məhdudlaşdırılması anlamına gəlir. Təsəvvür edin, 140 milyondan çox əhalisi olan Rusiya prezidentinin parlamentə göndərdiyi müvafiq qanunvericilik təşəbbüsündə siyasi partiyaların dövlət qeydiyyatına alınmaları üçün cəmi beş yüz vətəndaş imzasının yetərli olması öz əksini tapıb. Özünüz müqayisə edin, 140 milyonluq Rusiyada partiyaların dövlət qeydiyyatına alınması üçün beş yüz, 9 milyonluq Azərbaycanda isə beş min imza tələb olunur. Yəni əhalisi bizdən 15 dəfə çox olan Rusiyada partiyaların dövlət qeydiyyatından keçməsi üçün tələb olunan vətəndaş imzalarının sayı Azərbaycan hakimiyyətinin təklif etdiyi variantdan on dəfə azdır. Təklif olunan dəyişikliklərin müəllifləri siyasi partiyaların qeydə alınması proseduru və ümumiyyətlə, onların fəaliyyət şərtlərini sadələşdirmək əvəzinə, yenə də partiyalar üçün problem yaratmaq yolunu tutublar.

Bu barədə danışarkən, təbii ki, partiyaların dövlət büdcəsindən maliyyələşdirilmələri məsələsinə toxunmaq lazım gəlir. Yenə də istinad etməli olduğum demokratik ölkələrdə seçkilərdə iştirak edən bütün partiyalar istisnasız olaraq büdcədən maliyyələşməyə cəlb olunur. Azərbaycan hakimiyyətinin bununla bağlı təklif etdiyi mexanizm isə real müxalifət partiyalarının büdcədən maliyyələşmədən kənarda saxlanmalarını ehtiva edir. Yeni layihədəki müddəalardan, o cümlədən, hakimiyyət və YAP təmsilçilərinin açıqlamalarından açıq görünür ki, büdcədən maliyyələşməyə yalnız parlament təmsilçiliyi olan partiyaların cəlb olunması nəzərdə tutulur. Layihəyə görə, partiyalar üçün ayrılacaq vəsaitin on faizi seçkilərdə üç faizdən artıq səs toplamış qeyri-parlament partiyaları arasında bölüşdürülməlidir. Azərbaycanda normal, seçicilərin iradəsini əks etdirən seçkilər keçirilmədiyindən, bu meyarın əsas götürülməsi qətiyyən doğru sayıla bilməz. Hesab edirəm ki, bu məsələdə ilk növbədə partiyaların qeydiyyatı, seçkilərdə iştirakı və göstərdiyi nəticələr əsas götürülməlidir.

Bundan başqa, layihədə partiyalara ianə formasında maliyyə dəstəyi göstərən şəxslər barəsində detallı məlumat verilməsi tələbinin əks olunması da, fikrimizcə, partiyaların dar maliyyə mənbələrinin qapadılması məqsədinə xidmət edir. Çünki ölkənin mövcud durumunda heç bir sahibkar öz sonunu gözə alaraq, adının müxalifət partiyasını maliyyələşdirməkdə hallanmasını istəməz. Ona görə də, partiyamızın irəli sürdüyü təklifi bir daha xatırladaraq, hakimiyyəti həmin layihəni Milli Məclisə göndərməzdən əvvəl siyasi partiyalarla geniş müzakirələr aparmağa çağırırıam”.