Harvard məzunları Klintona müraciət etdilər

harvard-mezunlari-klintona-muraciet-etdiler
Oxunma sayı: 673

Bəxtiyar Hacıyevin Harvarddan olan qrup yoldaşları bu dəfə onun azad edilməsi üçün ABŞ dövlət katibi Hillari Klintona müraciət edirlər. Məktub Harvard tələbə və məzunları, müəllim və professor heyəti tərəfindən imzalanır.
Komitə Bəxtiyar Hacıyevin həbsinin siyasi motivli olmasına diqqət çəkərək, onun Amnesty International, Human Rights Watch kimi təşkilatların hesabatında vicdan məhbusu kimi tanınmasını vurğulayır və 20 fevralda keçiriləcək Apelyasiya məhkəməsi öncəsi dövlət katibini Azərbaycan hökumətinə Bəxtiyar Hacıyevin azad edilməsi üçün müraciət etməyə səsləyirlər:"Birləşmiş Ştatlar Azərbaycan üçün önəmli tərəfdaşdır və biz sizin rəhbərliyinizdən xahiş edirik ki, Azərbaycan Prezidenti Ilham Əliyevə və Azərbaycan hökumətinə Bəxtiyar Hacıyevin azad edilməsi üçün təsir göstərəsiniz. Biz inanırıq ki, ABŞ-ın öz müttəfiq və tərəfdaşları ilə əlaqələri demokratiya, insan hüquqları, fərqli fikirlərin azadlığının təmin edilməsi öhdəliyini də özündə ehtiva etməlidir". Cənab Hacıyev, demokratik ideyaların və ədalətin təmin edilməsi üçün dərindən çalışır. Onun həmkarları kimi biz Bəxtiyarı öz həyatını Azərbaycanın ictimai maraqlarına xidmət etməyə həsr etmiş ağıllı, dürüst və həssas bir insan kimi tanıyırıq. Biz aşağıda imza edənlər, ehtiramla, Sizi Azərbaycan Prezidenti Ilham Əliyevi insan hüquqlarını qorumağa və Bəxtiyar Hacıyevi dərhal və qeyri-şərtsiz azad etməyə çağırmanızı xahiş edirik.
Xatırladaq ki, bundan qısa zaman öncə Harvard məzunları prezident Ilham Əliyevə müraciət edərək, Bəxtiyar Hacıyevi azad etməyə səsləmişdilər. Həmin məktub 823 imza ilə Azərbaycanın ABŞ-dakı səfirliyinə təqdim edilmişdi.

Turan