“Həyata baxış” verilişinin bağlanması

heyata-baxis-verilisinin-baglanmasi
Oxunma sayı: 655

Tamaşaçının intellektinə, mənəvi -estetik baxışlarına sirayət edən, cəmiyyəti kütlə və toplum qlafından çıxaran verilişlərin sayı çox azdır. Əyləndirən, sadəcə baş qatan yox, insanı düşündürən, özünütərbiyə faktı ilə qarşı – qarşıya qoyan istisna verilişlərdən biri – “Həyata baxış” illərdir ki, Azərbaycan adlı məmləkətin tarixini, gündəlik həyatının problemlərini izləyir və daha düşündürücü, daha ciddi ssenarilər əsasında təhlilə, polemikaya cəlb edir. Aparıcının əxlaqi -etik davranışından tutmuş, mövzunun – müzakirə obyektinin zəruriliyi, dəyərliliyi və dəvət olunan qonaqların elmi – fəlsəfi, mədəni – intellektual baxışlarına qədər hər şey bu millətin, bu xalqın gələcəyinə, inkişafına hesablanırdı. Millət vəkilləri, ziyalılar, mədəniyyət, təhsil işçiləri, sosial mövqedən seçilmiş nümayəndələr və başqa ekspertlər bu proqramlarda məhz dövlətin, hökümətin gündəliyində olan problemlərin çözülməsinə, açılmasına xidmət edirdi. Öz tərəfsizliyi və obyektivliyi ilə insanlara demokratik düşüncə tərzi aşılayan “Həyata baxış” tamaşaçıları sözün həqiqi mənasında bu verilişin niskilini yaşayacaq, səhnə görüntülərindən tutmuş, üz – üzə dayanıb anti fikirlər söyləyən emosional məqamların həsrətini çəkəcək (hər şənbə...)


Bu veriliş fəaliyyəti dövründə Azərbaycanın çox dəyərli insanlarını tanıtdı, onun ən ağrılı yaralarının üstünə əlini qoydu və düşündürdü. Mirzə Cəlil sayağı “sizi deyib gəlmişəm ” xitabı ilə üzünü hər kəsə - evdar qadınlardan tutmuş, akademiklərə qədər -hər kəsə tutdu, hamı ilə eyni tonda danışdı. Həmişə iştirakçılarının fikrini preblemin özünə yönəldən aparıcı həssas və diqqətli, nəzakətli müdaxilələri ilə qonaqlarının gərginliyinin qarşısını alır və heç kəsi incitmədən tamaşaçıya ötürəcəyi qənaətləri onlardan “qoparırdı”. Halbuki, bu tipli müzakirə və polemika tələb edən digər verilişlərdə aparıcıların kobud, ittihamçı maneraları, qıcıq yaradan jestləri ilə çox rastlaşmışıq. Azərbaycanda senzura dikdaturasının olmaması faktı aydındır. Əgər belə olsaydı, “Onun yarısı”, “Toy olsun”, “Bizi barışdırın”, “Etiraf”, “Toylar kralı”, “Meyxana yarışması” və s. bu tipli rəzalət doğurucu verilişlərə qadağa qoyulardı. Gördüyümüz kimi hətta kütlə zövqünün və istəyinin miskin tələbatına belə maneçilik yoxdur. Xalq rəssamı Toğrul Nərimanbəyov yazırdı ki, insanlar kimi şəhərlərin də, ağacların da, əşyaların da obrazları var...

Bəli, verilişlərin də... “Həyata baxış” adlı tarixə çevrilmiş yarımçıq qalmış bir verilişimiz vardı... Deyiləsi çox sözü qaldı... Biz laqeydliyə və itkilərə öyrəşmişik... Bu da keçər... Pultu əlinizə alin və kanalı çevirin dostlar, bayram konsertlərinin biri ilə başınizi qatın...