Hidayət Orucov: “Türkiyə mətbuatı bizi məyus edir”

hidayet-orucov-turkiye-metbuati-bizi-meyus-edir
Oxunma sayı: 673

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə H. Orucov ölkələrimiz arasında din sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, bu sahədə təcrübə mübadiləsinin aparlması üçün müxtəlif layihələrin həyata keçirildiyi diqqətə çatdırıb.
Azərbaycanda son illər ərzində həyata keçirilən quruculuq işlərindən danışan H. Orucov deyib ki, ölkəmizdə bütün sahələr kimi, din sahəsində də böyük inkişaf var, əvvəlki illərlə müqayisədə, cəmiyyətimizdə milli-mənəvi dəyərlərimizə münasibət müsbət mənada xeyli dəyişib: “Ancaq təəssüf ki, bəzən qardaş Türkiyə mediasında Azərbaycandakı dini durumla bağlı yalan məlumatlara, həqiqəti əks etdirməyən yazılara da rast gəlirik. Şübhəsiz, həmin böhtan xarakterli məqalələrin qardaş ölkənin mətbuatında yer alması bizi daha çox məyus edir. Çox istərdim ki, Azərbaycanda səfərdə olan, ölkəmizlə yaxından tanış olan ziyalı türk qardaşlarımız bu kimi hallarda Azərbaycan tərəfinin münasibətini gözləmədən Türkiyə ictimaiyyətinə həqiqəti çatdırsınlar, düşmən dəyirmanına su tökməklə məşğul olanları, müəyyən dairələrin maraqlarına xidmət edənləri ifşa etsinlər. Biz güclü olmaq üçün mütləq bir-birimizi qorumalıyıq”.

Azərbaycana ilk dəfədir səfər etdiyini söyləyən M. Bilgin xalqlarımız arasında mövcud olan bağlılığı zaman-zaman sarsıtmağa çalışan kiçik qrupların olduğunu, ancaq onların Türkiyə ictimaiyyətinin fikirlərini ifadə etmədiklərini xüsusi vurğulayıb: “Türkiyədə mətbuat cəmiyyətin aparıcı qüvvəsi olsa da, bəzən demokratiyadan sui-istifadə hallarına yol verir, dedi-qodu yaradır, əsası olmayan məlumatlar yayır. Təbii ki, bunlar həm də vicdani məsələlərdir. Mətbuat verdiyi informasiyanın məsuliyyətini dərk etməlidir. Əks halda qeyd etdiyiniz problemlər ortaya çıxır. Türkiyədə Azərbaycanla bağlı yazılan böhtanlar, edilən çıxışlar bizi də sizin qədər narahat edir. Ancaq tam əmin ola bilərsiniz ki, iki-üç yazı, yaxud məqalə ilə nə Türkiyə dövlətinin, nə də türk xalqının Azərbaycana və ya onun xalqına münasibəti dəyişər. Biz Azərbaycanı daha da güclü görmək istəyirik, çünki qardaşımızın güclü olması, eyni zamanda türk və İslam dünyasının güclü olması deməkdir”.

Nigar Məmmədli