Hollivud ulduzlarının müsəlman olmaqlığı

hollivud-ulduzlarinin-muselman-olmaqligi
Oxunma sayı: 644

Çəkilişin şirin yerində işi saxlayaraq, pavilyonun bir küncündə namaza duranda rejissorla prodüser bir-birinə baxaraq, “what the f*ck is he doing?”,- deyə çaşıb qalacaqlar; özünün ulduz həyatını sayı 1-4 arasında dəyişən halal kəbinli övrətlərlə keçirəcək; günlərin birində nəfsilə bacarmayanda fanat qadınlardan birinə siğə təklif edəcək; doğma qadınlarının başına çadra keçirib, yad kişi nəzərlərindən qısaqapanma yaranmaması üçün izolyasiya edəcək; nəhayət, “yasin” sədaları altında gözlərini yumacaq... Heç cür təsəvvür edə bilmirəm. Cedaya yaraşan iş deyil!
Ümumiyyətlə, mənə çatmır ki, “Hollivud ulduzu müsəlman oldu” nə deməkdir. İslami nöqteyi-nəzərdən Hollivudun gördüyü bütün iş başdan-başa haramdır. Ona görə də, Hollivud ulduzu əgər müsəlman olursa, işə ilk növbədə hollivud ulduzu olmamaqla başlamalıdır.

Keçən il Lindsi Lohanın müsəlman olması haqqında xəbər yayılmışdı. Bu müddətdə sizin müsəlman xanım nə ilə yadda qaldı? Seks, içki, açıq paltarlar və paparazzilərə verilən şok pozalarla! Əla müsəlmançılıqdır!

Hollivud ulduzu adətən o vaxt islamı qəbul edir ki, məsələn, pedofil olsun, buna görə məhkəməyə verilsin, yaxşı vəkil tutmağa pulu çatmasın, həmin pulu hansısa zəngin müsəlmanın ödəməsi üçün onun dininə keçsin. Və ya tamamilə mümkündür ki, günlərin birində, tutalım, Britni Spirs hansısa ərəb şeyxi ilə bir yastığa baş qoyub, həmin sadiq müsəlmanı muradına çatdırmaq üçün islamı qəbul etsin. Onda cəmi müsəlman dünyası bunu islamın – haqq dinin böyük mənəvi qələbəsi kimi təqdim edərək, islam düşmənlərinə yanıq verəcək. Bəli, Britninin müsəlman olması doğrudan da, islam üçün çox faydalı olardı. Necə ki, Lindsi Lohanın. Necə ki Maykl Ceksonun. Necə ki, Liam Nisonun (hərçənd, yayılan xəbərlərə baxmayaraq, Nisonun müsəlman olmasına mən inanmıram – normal, ağıllı-başlı adamdır, durduğu yerdə niyə islamı qəbul eləməlidir ki?!).

Sizcə, müsəlman təbliğatçıları özləri bütün bunların nə qədər gülünc və absurd olmasının fərqində deyillərmi? Çox əla fərqindədirlər! Sadəcə, başqa nə edə bilərlər ki? İslamın “gözəlliyini” göstərmək üçün ayrı nəyə əl atsınlar?! Buna görə də, mənim onlara yazığım gəlir. Gör, ərəblərin Allahının və Məhəmmədin dini nə günə qalıb ki, özünü təsdiqləmək üçün Liam Nisona və Lindsi Lohana ehtiyacı var! “Bu boyda” islamın mənəvi qələbəsi hansısa eyş-işrət həvəskarının kefdən başı açılanda verdiyi bəyanatla ölçülür. Yəqin, belə “qələbələr”in hələ dalı da gələcək: qabaqda Şeron Stoun, nə bilim, Pamela Anderson kimi hələ çox potensial müslimələr var.