Binəqədidə Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilib

bineqedide-zerife-eliyevaya-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 2016

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə əvvəlcə Zərifə Əliyevanın xatirəsinə həsr olunan "Nur dolu ömür" adlı film nümayiş olunub.

Daha sonra mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin Binəqədidə keçirilməsinin təsadüfi olmadığını bildirib. Zərifə Əliyevanın adını daşıyan parkın, Ulu Öndər Heydər Əliyevin adını daşiyan məscidin Binəqədi rayonu ərazisində yerləşdiyini xatırladan X.İsgəndərov qeyd edib ki, belə bir tədbirin Binəqədi rayonunda keçirilməsi rayon ictimaiyyəti üçün böyük şərəfdir. Natiq çıxışında həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.

Tədbirdə daha sonra “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırılıb.

Bakıətrafı kənd və qəsəbələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Qələbəyə doğru” intellektual oyununun final yarışında iştirak etmək hüququnu seçim turlarında qalib olan komandalar qazanıblar.

Final oyununda qəsəbələri təmsil edən hər bir komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli iştirak edib.

Final yarışında 1,2 və 3-cü yerlərin qalibləri olan Sabunçu, Binəqədi və Xəzər rayonlarının komandaları diplom və hədiyyələrlə mükafatlandırılıb. 1-ci yerin qalibi olmuş komandaya "Qələbəyə doğru" kuboku təqdim olunub.