İslamın elmə verdiyi dəyər

<b>İslamın elmə verdiyi dəyər</b>
Oxunma sayı: 373

Bütün dünyada dini tolerantlıqla əlaqədar məsələlər mədəniyyətlər arası dialoqun vacibliyi kimi vurğulandığı bir zamanda təəssüflə qeyd etməliyəm ki, vətənim Azərbaycanda bəzi qüvvələr islama qarşı heç vaxt olmadığı qədər sərt və amansız hücuma keçiblər. Sanki hansısa gizli güc mərkəzi bu total anti-İslam təbliğatını idarə edir. Hədəf aydındır. Hər hansı bir xalqı zəif salmaq və asanlıqla idarə etmək üçün onu milli və dini köklərindən uzaqlaşdırmaq, savadsızlaşdırmaq, mənəviyyatsızlaşdırmaq, manqurtlaşdırmaq bütün dövrlərin əsas silahı olub. Yuxarıda yazdıqlarımı sübut etmək üçün “Kolumbun Amerikanı kəşf etməsinə” ehtiyac yoxdur.

Sadəcə olaraq yaddaşımızın toz basmış səhifələrini vərəqləyərək yaxın keçmişimizə nəzər yetirməyimiz kifayət edər: Milli Azadlıq Hərəkatının və “I Qarabağ Savaşı”nın başladığı 80-lərin sonu, 90-ların əvvəllərinə qayıtsaq hər kəsin bir-biri ilə necə mehriban davrandığını, insanların var-dövlət hərisliyinin indiki ilə müqayisədə haradasa yox dərəcəsində olduğunu, Qarabağ və ətraf bölgələrin kəndlərində yaşayan sadə insanların heç kimsədən göstəriş almadan yeni qurulmuş Milli Ordunun əsgərlərinə növbə ilə ərzaq təminatını həyata keçirdiklərini və neçə-neçə bu kimi misalları yada salmaq o qədər də çətin deyil. Bəs bu gün haradayıq, 15-20 il bundan əvvəlki səmimi hisslərimizdən, vətən, torpaq, insan sevgimizdən nələri qoruya bilmişik?

Yazıqlar olsun ki, bizi vətənə, torpağa bağlayan bağlar bir-bir qoparılmaqdadır. Bu bağlardan biri və ən başlıcası olan imanımız, İslam sevdası bir çox qüvvələrin hədəfindədir. Və biz bunun fərqində deyilik. Əfsuslar olsun ki, bir çox mətbuat və köşə yazarları bu qüvvələrin dəyirmanına su tökməkdə, vaxtaşırı İslam dəyərlərinə dil uzatmaqda, vətənin və millətin başına gələn müsibətlərin dinimizlə bağlı olduğunu iddia etməkdədirlər. Belələri israrla İslam dininin geriçiliyə, savadsızlığa, insan haqlarının tapdanmasına səbəb olduğunu iddia edirlər. Mən bəşər sivilizasiyasının inkişafında əvəzsiz rolu olmuş İslam dininin və müsəlman elm adamlarının elmə verdikləri töhfələr haqında söz açmaq istəyirəm.

Allahu-Teala tərəfindən Hz.Muhammədə (s.a.s.) endirilən ilk hökm oxumağa hansı əhəmiyyətin verildiyinin bariz nümunəsidir: “Yaradan Rəbbinin adı ilə oxu. Oxu, Rəbbin ən böyük kərəm sahibidir. O ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiyini öyrətdi” (əl-Ələq 1,3,4,5). Qurani-Kərimdə başqa bir surədə deyilir: “De ki, bilənlərlə bilməyənlər bir olarmı?” (Zümər, 9).

Qurani-Kərimdə elmi tərəqqi və bəşəri kəşflərə işıq tutan kifayət qədər ayə var. Bunlar müqəddəs kitabımızın istiqbala daim bir yol göstərici olmasını tez-tez bəşər oğluna xatırladır. Burada sadəcə olaraq bir tövhid kitabı olan müqəddəs kitabımızdan müxtəlif elm sahələri üzrə bəzi örnəklər gətirmək istərdim.

Bioloji sahə: İnsanın törənməsi və embrionların təşəkkülü xüsusunda Quran modern elmin hələ yeni kəşf edə bildiyi bir sıra orijinal məlumatlar vermişdir. Bunlar xüsusilə Həcc surəsinin 5-ci ayəsində təfsilatlı bir şəkildə izah edilir: “Ey insanlar! Əgər yenidən dirilməyə şübhə edirsinizsə, bunu bilin ki, biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, sonra üzvləri bəlli-bəlirsiz ət parçasından yaratdıq ki, sizə (qüdrətimizi) göstərək! Biz dilədiyimizi, bəlli olmuş bir müddətə qədər ana bətnində gözlədirik, sonra sizi uşaq olaraq oradan xaricə çıxardarıq, sonra güclü çağınıza çatmağınız üçün (sizi böyüdürük). Kiminiz bu həddə çatmamış vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.”

Daktiloskopiya: Barmaq izlərini incələyən bu elm sahəsi barmaq uclarının ömür boyunca əsla dəyişmədən eyni qaldığını, heç bir insanın barmaq ucunun bir başqasınınkına bənzəmədiyini yalnız XIX əsrin sonlarında ortaya qoyduğu halda Qurani-Kərim barmaq uclarının bu xüsusiyyətlərinə 14 əsr əvvəl diqqəti cəlb etmişdir: “İnsan Bizim onun sümüklərini bir yerə toplaya bilməyəcəyimizimi zənn edir? Bəli, toplayarıq! Onun barmaq uclarını belə düzgüncə, yerli-yerində bir yerə yığmağa gücümüz yetər!” (əl-Qiyamə, 3-4).

Astronomiya: Qurani-Kərimdə buyurulur: “İnkar edənlər bilməzlərmi ki, göylərlə yer bir-birinə bitişik idi. Onları Biz ayırdıq və hər bir canlını sudan yaratdıq. (Bilib də) hələ iman etməzlərmi?” (əl-Ənbiya, 30). Dövrümüzün astro-fiziklərinin də gəldikləri qənaət bu ayənin cizdiyi çərçivəyə uyğun gəlir. Tokio elmi araşdırmalar mərkəzinin müdiri Professor Dr. Yuşili Kozayna Qurani-Kərimin yer kürəsinin əmələ gəlməsi ilə bağlı verdiyi bilgilərlə tanış olduqda demişdir: “Heç şübhəsiz bu kitab kainata zirvədən baxır.”

Bu növ məlumatların sayını kifayət qədər artırmaq olar. Sadəcə onu qeyd etmək istəyirəm ki, Qurani-Kərim elm kitabı deyil, tövhid kitabıdır. Sevimli Peyğəmbərimiz Hz. Muhammədin (s.a.s.) hədisində deyilir: ”Hər şeyin bir yolu var. Cənnətin yolu elmdir.”

Yeri gəlmişkən, Böyük Britaniyada nəşr edilən “The Independent” qəzetində dünyanın inkişafına töhfə vermiş müsəlmanların kəşfləri haqqında xəbər yayınladı. Həmin kəşflərdən bəzilərini diqqətinizə çatdırmaq istərdim:

Qədim Yunanıstanda insanlar gözümüzdən işıqların çıxdığını və bu səbəblə görə bildiyimizi düşünürdülər. Dünyada ilk dəfə işığın gözün içinə girərək qırılması nəticəsində görmənin mümkün olmasını X əsrdə yaşamış müsəlman alim İbni Haytam sübut etmişdir.

Şahmatın bugünkü oynanan forması ilk dəfə Azərbaycanda meydana çıxıb və sonra Qərbə yayılıb. İspaniyalılar şahmatla ilk dəfə X əsrdə Əməvilər vasitəsilə tanış olublar.

Wright Qardaşlarının ilk uçmaq cəhdlərindən 1000 il əvvəl 852-ci ildə Abbas İbn Firnas adlı bir ərəb Kardobadakı Ulucaminin minarəsindən taxtadan düzəldilmiş qanadlarla uçmağa cəhd göstərdi. Uça bilmədi, amma taxta qanadların yaratdığı paraşüt təsiri sayəsində xəfif bir şəkildə yere düşdü.

Xaçlı Yürüşlərindəki xristian əsgərlərini görən müsəlmanları dəhşətə salan onların qəddarlıqlarından çox, avropalıların çox nadir hallarda çimmələri və bədənlərindən gələn üfunət iyi idi. Qədim Misirdə də sabun vardı, ancaq Ərəblər bitgi yağlarını qarışdıraraq hal-hazırda istifadə edilən sabunu düzəltdilər. Şampun da bir ərəb icadıdır. Şampun İngiltərəyə ilk dəfə 1759-cu ildə gətirilib.

Mayeləri müxtəlif qaynama dərəcələrinə əsasən fərqləndirmə də ilk dəfə müsəlman alim Cabir ibni Hayyan tərəfindən kəşf edilib. O, müasir kimyanın qurucusu hesab edilir.

Düz hərəkəti dönən hərəkətə çevirən mil sistemi də ilk dəfə bir İslam alimi olan Əl Cəziri tərəfindən inkişaf etdirilmiş və daxili qığılcımlı motorun icadına qədər dünyadakı mexaniki sistemlərin təməl prinsiplərini təmin etmişdir.

Qübbə və kəmər şəklindəki tikililər İslam memarlığının məhsuludur. İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman olmuşdur.

Hal-hazırda dünyada istifadə edilən cərrahiyə alətlərinin hamısının dizaynı Əndəlüs Əməvilərindən El Zəhraviyə aiddir.Onun tibb elminə bəxş etdiyi neştər, sümük kəsən mişar, göz əməliyyatı pensetlərinin də daxil olduğu 200 cərrahi alət müasir tibdə istifadə edilməkdədir. Heyvan bağısaqlarından hazırlanmış iplə həyata keçirilən tibbi əməliyyat tikişlərinin öz-özünə yox olduğunu da Zəhravi kəşf edib.

Yel dəyirmanı ilk dəfə Azərbaycanda kəşf edilmiş və ərəb ölkələrində təkmilləşdirilmişdir. Avropada ilk yel dəyirmanı bundan təqribən 500 il sonra istifadə edilməyə başlamışdır.

İlk vaksinin hazırlanması da İslam dünyasına aiddir. Avropalılar uşaqların çiçək xəstəliyinə qarşı vaksin olmasını türklərdən öyrəniblər. 1724-cü ildə İngiltərənin Osmanlıdakı səfirinin xanımı çiçək vaksinini türklərdən öyrənərək Avropaya yayan ilk şəxs olmuşdur.

İlk mürəkkəb qələm də 953-cü ildə əllərini mürəkkəblə çirklətməkdən bezən Misir sultanının istəyi ilə icad edilmişdir.

Alqoritm və Triqonemetriya da İslam dünyasından Avropaya getmişdir.

Xalça toxunmasını da avropalılar müsəlmanlardan öyrəniblər.

Müasir bank çekinin kökü də ərəblər tərəfindən istifadə edilən və “sak” adlandırılan kağızdan başlanır. Karvan soyğunlarına qarşı tədbir olaraq tacirlər mallarını kiçik yazılı kağızlarla satmağa başlayıblar. IX əsrdə müsəlman bir tacir Çində “sak”ları nəğd pula çevirə bilirdi.
Qalileodan 500 il əvvəl, IX əsrdə bir çox İslam alimi dünyanın günəş ətrafında fırlandığını bildirirdilər. O zamankı hesablamalara görə dünyanın sahəsi 40 min 253 kilometr idi (heqiqi ölçüdən 200 km az).

Görsəndiyi kimi, bu həqiqətləri müsəlmanlar özləri deyil, avropalılar təsdiq edirlər. Bir neçə il əvvəl baxdığım və təəssüf ki, adını unutduğum bir filmdə Misirli bir iş adamı Qərb ölkələrinin bu günkü inkişafının səbəbini öyrənmək üçün Avropa ölkələrinə səyahətə çıxır və araşdırması zamanı alman həmkarından aldığı cavab həqiqəti nə gözəl ifadə edir. Alman biznesmen misirli həmkarına deyir: “Biz sizin babalarınızı özümüzə örnək aldıq və inkişaf etdik, sizə isə öz babalarımızın həyat tərzini aşıladıq, ona görə geri qaldınız.”

... Məncə düşünməyə dəyər, bəylər, cənablar, yoldaşlar, qardaşlar!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi