Biz niyə marafonda qalib gələ bilmirik?

biz-niye-marafonda-qalib-gele-bilmirik
Oxunma sayı: 2489

Azər Qismət

Yenə də Bakı marafonunda bizimkilərdən kimsə qalib gəlmədi. Birinci yeri ukraynalı İqor Olefirenko, ikinci yeri iranlı Məhəmməd Cəfər Muradi, üçüncü yeri isə türkiyəli Ömər Alkanoğlu qazandı. Xatırlatma verək ki, 2017-ci ildə isə kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan, Üzeyir Söyləməz, rusiyalı Vladimir Demyanov qalib gəlmişdilər. Qadınlar arasında isə Türkiyə vətəndaşı Yayla Kılıc, 2-ci yeri Valentina Poltovska və iranlı Persina Arap çempion olmuşdular.

Hə, bizimkilər qalib gəlmədi. Çünki nəfəsləri çatmır. Biz nəfəs verməyi bacarmırıq. Ancaq nəfəs kəsən kəsərli sözlərdə pərgarıq. Bu sahədə dünya çempionatı keçirsinlər, baxıb görsünlər necə nəfəs kəsirik. Özü xırpdan kəsirik. Heç o adamın ruhu da incimir. 

Bəzən deyirlər ki, vaxtında Koroğlunun qızıl kimi sözlərinə əməl etsəydik, indi hamımız yaxşı qaçardıq: “İgidlıik ondur, doqquzu qaçmaqdır”. Ancaq el qəhrəmanı elə deməyib: “İgidlik ondur, doqquzu aradan çıxmaqdır”. Aradan çıxmağa dair bizdə xeyli məsəllər, atalar sözləri də var. “Məndən ötdü, qardaşıma dəydi”,  “Ağrımayan başıma dəsmal bağlamayım” elə aradan çıxmağa işarədir. Ancaq biz qaça bilmirik. Qaçmaq da nəfəsdən asılıdır. Nəfəs barədə qısa xatırlatma. Tənəffüs etdiyimiz hava qırtlaqdan nəfəs borusuna keçır. Epiteli hüceyrələrinin titrəyişli hərəkətləri toz hissəciklərini ağciyərlərdən udlağa qaytarır. Bu ağciyərlərin özünütəmizləməsi prosesi adlanır. Elə bu yerdə dayanaq.

Biz hansı ağ ciyərdən danışırıq? Yəqin ki, paytaxtımızın parklarında, maşınlarda, məktəb ayaqyolularında siqaret çəkilməsindən yaranan ağ ciyər təmiz ola bilməz. Belə ciyərlə çətin ki marafonda qalib gələk. İki ay bundan əvvəl Qəbələdə bir kafeyə daxil olduq. İki böyük stol açılmışdı. Yeyib içir, arada siqaretdən də çəkirdilər. Ofisiant dedi ki, futbol komandalarımızdan biridir. Deməli, futbolçular siqaret çəkirdi. Bu, sensasiyalı bir şey deyil. Hələ o vaxtlar “Neftçi”nin də oyunçuları siqaret çəkib meydana çıxarmışlar. Məşqçilər nə qədər çalışıbsa, bu zərərli vərdişi onlara tərgidə bilməyib. Elə indi də idmançılarımıza fikir versəniz görərsiz ki, nəfəsi çatmadığına görə oyunun sonunda az qalır ayaq üstdə ürəyi getsin. Futbolda da, güləşdə də, qaçışda da belədir. Elə gənc müğənnilərimizin qoca kişilər kimi xırıltılı səslə oxumasını çox görmüsüz. Çünki yuxudan oyanan kimi siqaret çəkirlər. Pavarotti kimi qışda boynuna şərf bağlayıb boğazını, nəfəsini qorumur. Ara yerdə fizoloji cəhətdən gənc, ancaq daxili cəhətdən qoca kişiyə baxmaq, dinləmək məcburiyyətində qalırıq.       

İnsanın bütün qələbələrinin rəhni nəfəsdir. Söhbət təkcə idman arenalarından getmir. Azərbaycandan yüngül atletika üzrə çempion az çıxıb. Çıxsa da, nəsə qarışığı olub. Qarışığı olmasa da, Tanrının bizə mükafatı olub. Ancaq cüzi sayda, barmaqla göstəriləsi qədər. Bizim qaçışda uduzmağımızın bir səbəbi də xalqımızın kəmhövsələ olması ilə bağlıdır. Elə cinayətlərin çoxu da kəmhövsələ olmağımızdan irəli gəlir. Bir də görürsən ki, adi mübahisə üstündə bir-birinin qanını töküblər. Halbuki düzgün nəfəs alıb-versələr, “lənət şeytana” deyib uzaqlaşarlar. Yox, mütləq cavab verməlidir. 

Bəlkə də Bakı marafonuna Tibet kahinləri qatılsaydı, elə yeriyə-yeriyə gəlib hamını ötərdilər. Çünki nəfəsi düzgün alıb-verirlər, çünki səbrlidirlər.  Düzgün nəfəs - şərti anlayışdır, çünki tənəffüs prosesi hər bir insan üçün fərqlidir. Yalnız onu demək lazımdır ki, Bakı şəhərində kifayət qədər universal tənəffüs texnikaları kursları mövcuddur. Həmin texnikaların istifadəsi insanın gələcək karyerasında, sağlamlığında, bütün naqisliklərə qalib gəlməsində başlıca amildir. Ancaq o kursları təşkil edənlər müştəri kasadlığından əziyyət çəkirlər.

Biz səhərin gözü açılmamış xaş yeyən adamlarıq. Neçə saatlıq yuxudan sonra canımız nəfəs almağa ehtiyac duyur, onu da xaş yeməklə kəsirik. Biz gecələr kabab yeyən, bunu dost-tanış yanında qürurla danışanlarıq. Gecə kabab yemədinsə, deməli bizdən deyilsən. Yazıq mədənin gecəsi-gündüzü yoxdur. Elə yuxarıdan atılanları qəbul edib həzm etməmiş səhər bir kasa da xaş yeyirik.   

Biz yeriməyi xoşlamırıq. Biz bütün günü oturmaq qədər rekorda imza atarıq. Stolun da üstündə ya siqaret tüstüləyəcək, ya da qapqara çay görəcəyik. Bundan sonra marafonda yüz il də qalsa, qalib gəlmərik. Biz açıq havanı xoşlamırıq. Günlərlə evdə oturub çölə çıxmarıq. Gəzintiyə çıxanda da tez bir kafe axtarıb ağır gəmimizin lövbərini salarıq. Bizim hava almağımız, dincəlməyimiz bax belə olur. Ona görə biz həmişə aradan çıxacağıq, ancaq qaçmağı bacarmayacağıq. Bu qədər sadə.