Jurnalistlər etiraz aksiyası keçirdilər

jurnalistler-etiraz-aksiyasi-kecirdiler
Oxunma sayı: 683

Mərkəzi Taksim meydanına toplaşan 500-ə yaxın nümayişçi buradan Qalatasaray meydanına kimi yürüş təşkil ediblər. Aksiyaya qəzet jurnalistləri və "Diclə" xəbər agentliyinin müxbirləri də qoşulub. Onlar KCK-ya qarşı həyata keçirilmiş ən son əməliyyatlarda həbs edilən mətbuat nümayəndələrinə dəstək vermək üçün aksiyaya qoşulduqlarını bəyan ediblər.

Ən son əməliyyatda kürd terrorçularının fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 40-a yaxın jurnalist həbs edilmişdi. Nümayişdə hökumət və polis əleyhinə şüarlar səsləndirilib. Onlar hökumətin kütləvi-informasiya vasitələri üzərində artan təzyiqlərə qarşı çıxdıqlarını deyiblər. Türkiyədə 70-ə yaxın jurnalistin məhbus həyatı yaşadıqlarını əsas gətirərək, Türkiyədə söz azadlığı ilə bağlı vəziyyətin getdikcə pisləşdiyini bildiriblər.

Hökumət isə həmin jurnalistlərin həbs olunma səbəbinin onların peşə fəaliyyətləri ilə əlaqəli olmadığını bəyan edir. İstanbulda keçirilən nümayişin fəalları mətbuata açıqlama verdikdən sonra aksiya insidentsiz başa çatıb.

Bu arada, bölgələrdə PKK və KCK-ya qarşı əməliyyatlar davam edir. Türkiyənin Siirt vilayətində KCK əməliyyatı çərçivəsində "Barış və Demokratiya Partiyası"nın və vilayət administrasiyasının binalarında keçirilən reydlər nəticəsində 19 nəfər saxlanıb. Onlardan 14-ü çıxarıldıqları Diyarbəkir Ağır Cəza Məhkəməsində terror təşkilatına üzv olmaq maddəsi ilə günahkar bilinərək, həbsxanaya göndərilib.

anspress