“Kamran Ağayev yalnız əvəzedici heyətdə oynaya bilər” – Vitse-prezident

kamran-agayev-yalniz-evezedici-heyetde-oynaya-biler-vitse-prezident
Oxunma sayı: 652

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” bir müddət əvvəl transferə çıxardığı əsas qapıçısı Kamran Ağayevin adını yeni mövsüm üçün sifariş vərəqəsinə daxil edib. Bu isə Kamranın növbəti dəfə bağışlanması və komandadan getməyəcəyi fikirlərini yaradıb. Məsələyə aydınlıq gətirmək üçün “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovla əlaqə saxladıq. T. Nadirov “Qafqazinfo”ya verdiyi açıqlamada Kamran Ağayevlə bağlı verdiklər qərarın dəyişmədiyini bildirib: “Doğrudur, Kamran Ağayevi sifariş ərizəsinə salmışıq. Lakin bu o demək deyil ki, onu transferə çıxarmaqdan vaz keçmişik. Biz Kamranı transferə çıxarmışıq, lakin onun “Xəzər Lənkəran”la müqaviləsi davam edir.

Müqaviləyə əsasən klub olaraq üzərimizə düşən öhdəliklər var və onlara əməl etməliyik. Əgər bu futbolçu özünə klub tapa bilmirsə, onu komandadan qova bilmərik. Kamran formasını itirməmək üçün əvəzedici heyətlə məşq edə bilər. Əvəzedici komandada oyuna da çıxa bilər. Ancaq əsas komandada oynamayacaq”.
Tuyqun Nadirov Kamrana görə kluba real transfer təklifinin gəlmədiyini də bildirdi: “Ola bilər ki, Kamranın xidmətində maraqlanan klublar var. Ancaq bizə rəsmi olaraq heç bir klub transfer üçün müraciət etməyib”.

Qeyd edək ki, Kamran Ağayev UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Lex" (Polşa) klubu ilə cavab oyunundan sonra transferə çıxarılmışdı.

Ceyhun Əhmədov