Kənd eskizi

kend-eskizi
Oxunma sayı: 632

Darıxmaq - olmayan bir adamı kəşf etdiyin anda yanılmaqdır.

Kəndimiz demişkən... Kənd mənə həmişə hüznlü gəlib.

Uşaq vaxtı örüşdən qayıdan inəklərə baxmağı çox sevirdim. Çox vaxt qaş qaralanda yola çıxıb darıxa-darıxa gözləyirdim.

Əvvəlcə qaranlıq addım-addım göyün üzünə yaxınlaşır, sonra bayır adamsız olurdu. İrəlidə bir siyah kölgə daşlı-kəsəkli yolla yoxa çıxırdı.

İtlərin hürüşü kəndin üstündən şuğam eləyib qaranlığın içi ilə gözə görünməz at kimi çapıb gedirdi. Bu vaxt üzlərindən yorğunluq və kədər yağan inəklər sakit-sakit, elə bil bir ipin üstündə hərəkət edirmiş kimi çoxdan gözümüzün qabağından keçib irəlidəki qaranlıqda görünməz olmuşdular.

Sonra toranlıqda onların yorğun ayaq səsləri və naxırçının qırılmış səsi gəlirdi. İtlərin hürüşü də ara vermədən kənd evlərinin arasından sıyrılıb çıxır, adamı vahiməyə salırdı. Elə bilirdin, indi hansısa qara bir köpək gecənin içindən güllə kimi üstümə şuğayacaq, sonra məni qamarlayıb bir tərəfə tolazlayacaq.

Uşaq vaxtı ən qorxduğum şey tək qalan yerdə itlərin üstümə cummağı idi. Onda içimdə anlaşılmaz bir qorxu vardı və bu qorxu hər an hazır vəziyyətdə durmuş əsgər kimi kiminsə əmrinə boyun əymiş şəkildə mənə hakim kəsiləcəyi ilə sanki özümü sonrakı bəlanın cəngindən xəbər verirdi.

İndi kəndimizi xatırlayıram. Demək, darıxmaq məqamına çatmışam.

Qardaşım, bacım kənddə olan vaxt məni tez-tez yada salardılar. Onların hər dəfə mənə zəng edib halımı-əhvalımı soruşmaları məndə anlaşılmaz bir kədər yaradır, kövrəlirdim.

İndi kənddə toylar başlasa gərək. Toy demək ayrılıq deməyin yarısıdır. Bir qız hələ ərgən yaşa çatmamış onu dədəsi evindən götürüb qaçırlar və uşaqlığını da onun xəbəri olmadan özləri ilə götürüb məhv edirlər.

Kəndimizdə ərgən yaşa çatmamış qızlara baxanda həmişə onların üzündəki qırılmış, yarımçıq qalmış uşaqlığın izlərini tapıram. Onlar hələ də uşaqdırlar, ancaq bunun fərqində deyillər.

Taleləri onların hələ də üzündə qalmış uşaqlığı qaçırıb haradasa uzaqlarda gizlətməyə çalışır. Onlar istəmədikləri talenin qurbanlardır. Yanlarındakı öz uşaqları da onların üzündə əks olunmuş uşaqlıqla bütövləşib.

Ana olmaq hissi hələ onlarda böyüməyib, bu duyğu da uşaq qalıb, böyüməyib. Atalarından, analarından ayrılan bu qızların toyu məndə həmişə kədərli anlar yaşadıb.

Mən axırıncı dəfə Muğanlıya, doğma kəndə yayda getmişdim. İçim həmişə ora ilə nəfəs alır. Mən Bakıda qəfəsə atılmış bir quş kimiyəm. Bakı mənim üçün dəmir barmaqlıqdır. Kəndimizdə isə özgürlüyün sərhədi yoxdur.

Qarğıdalı əkinləri, itlərin hürüşü, qaranlığın çöküşü, arvadların təndir yapması, örüşdən qayıdan inəklər, daşlı-kəsəkli yollar, üzərində duman əksik olmayan dağlar, kədərli gözləri olan Muğanlı qızları mənim xatirəmdən çıxmayan mənzərələrdir. Mən bu tabloları ürəyimin üstündə gəzdirirəm.

Muğanlı mənim üçün yaşamağın, insanları anlamağın və ən əsası yazmağın simvoludur.

İndi bu məqamda kəndə gedib səbəbsiz ağlamaq könlümdən keçir.

P.S. Hər dəfə Muğanlıya gedəndə kənd camaatı məni Səməd Vurğun kimi qarşılayır... İndi yola çıxıram. Görək, kənd məni unudub ya yox...