“Kəpənək” Türkiyə telekanalında - Fotosessiya

kepenek-turkiye-telekanalinda-fotosessiya
Oxunma sayı: 654


- Ülviyyə xanım ölkənin ən parlaq uşaq qrupunun yeni klip çəkilişləri baş tutub. Çəkilişlər harada aparıldı? Rejissor kim idi? Ümumiyyətlə, çəkiliş qrupunda kimlər var idi?

- Çox çətin oldu. İlk öncə bu klip çəkilişlərində bizə yardım edən hər kəsə təşəkkürümü bildirirəm. Klip çəkilişlərinə qədər əməlli başlı hazırlıqlar oldu. “Butterflies” fiziki hazırlıqlar keçdi. Qızların plastikaları üzərində iş görüldü. “Pirates Story” mahnısına çəkiləcək klip üçün rəqs quruldu. Bu rəqs “Lets dance” rəqs məktəbinin rəhbəri Emin Qurbanov tərəfindən quruldu. Klipin rəssamı hər zamankı kimi Nərminə Vəliyeva oldu. Uşaqların stilisti də Nərminə Vəliyevadır. Klipin rejissoru Emil Babayev, operatoru Elvin Əhmədoğlu idi. Qrim işi Qalib Mirzəliyev və Nərminə Novruzova tərəfindən görüldü. Klip “Ultra Production”un dəstəyi ilə çəkildi. Klip çəkilişləri “Elbara” restoranında baş tutdu. Yaxşı ki, bu dəstəkləri aldıq. Təşəkkür edirəm hər birinə. Çəkiliş qrupunda əlavə dəstək verən o qədər adam var idi ki, işlərimiz hamısı rəvan getdi. Hamı bacardığı qədər kömək edirdi. Çünki, çox çətin iş idi. Məkanda nə qədər dəyişikliklər etmişdik. Maraqlı oldu. İnşallah, ümid edirəm ki, istədiyimiz nəticəni alacağıq.

- Klip nə vaxt hazır olacaq?

- Artıq montaj işi başlamaq üzrədir. Nə vaxta hazır olacağını tam bilmirəm. Çox məsuliyyətlə işləyirik. Çünki, Azərbaycanda ilk dəfə bu səviyyədə uşaq klipi çəkilir. Klipdə qrafikaya qədər hər şey olacaq. Əminliklə deyirəm ki, klipin təqdimatı böyük partlayışa səbəb olacaq. Əvvəlcədən hörmət etdiyimiz media nümayəndələrinin bəyənəcəyinə inanıram. Çünki jurnalistlər ən diqqətli tamaşaçılardır. Yeri gəlmişkən, hər zaman balaca qızlarımıza kömək edən media nümayəndələrinə təşəkkür edirəm.

- “Kəpənəklər”in peşəkar klipi daha çox hansı kanallarda yayımlanacaq?

- Klipin ilk təqdimatı yəqin ki, Türkiyənin “TMB” kanalında olacaq. Artıq, Türkiyəyə dəvət almışam. Sonra da bizə dəstək olacaq bəzi kanallar var. Yəqin ki, uşaq qrupu olduğunu nəzərə alaraq başqa kanallar da yayımlayacaqlar. Kaş ki, bütün kanallar qrupun gündəmdə qalmağı üçün bizə yardım edərdi. Bilirsiniz ki, “Butterfllies” qrupu heç bir təmənna güdmədən uşaq musiqisini inkişaf etdirmək məqsədilə yaradılıb.

- Ülviyyə xanım “Eurovision Junior” üçün hansı işləri görürsünüz?

- “Junior Eurovision” üçün çalışırıq. Ora üçün layiqli iştirakçı olmaq lazımdır. Bütün bu işlər ora hazırlaşmağımızın nəticəsidir. Məqsədlərimiz böyük olduğuna görə çalışmaq lazımdır. Hər zaman da uşaqlara bunu deyirəm. Öz üzərinizdə işləyin ki, əziyyətlərimiz öz bəhrəsini görsün.

- Qrup niyə efirlərdə az-az görünür?

- Bu haqda danışmaq bir az çətindir. (fikirləşir) Bir daha qeyd etmək istəyirəm ki, qrupa yardım edən kanallarımız var. Onlara minnətdaram. Amma, hərdən mənə elə gəlir ki, indi efirə çıxmaq üçün gərək toy müğənnisi yetişdirəsən. (gülür)

- Böyük həmkarları balaca “kəpənəklər”i güclü rəqib kimi qısqanmırlar ki?

- Qətiyyən. Əksinə planda böyük həmkarlarımızla birgə mahnılar yazdırmaq var. “Butterflies” qrupunun kolleqaları uşaqları artıq sevirlər. Uğurlarımızla maraqlanırlar. Birgə işlərimiz çox olacaq.

- Qızların arasında gələcəyin məşhur ulduzu olduğunu hiss edirsinizmi?

- Əslində dördü də istedadlıdırlar. Təbii ki, görürəm. Qızların çox gözəl artistlik qabiliyyətləri də var. Kamera ilə əsl ulduz kimi işləyirlər.

- "Butterflys" özünü indi hansı pillədə görür?

- Təvazökarlığa üstünlük verəcəm. Hansı pillədə olduğumuzu məncə oxucular, dinləyicilər görürlər. Uşaqlar balacadırlar. Çox tərifləməyim. Bu mənim dərs metodikamdır.

Nigar