Lənkəranda hökumətə iki gün vaxt verildi

lenkeranda-hokumete-iki-gun-vaxt-verildi
Oxunma sayı: 690

Kənd sakinlərindən birinin verdiyi məlumata görə, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov balıqçılarla görüşdə söz verib ki, tutulan 4 nəfər həftənin 4-cü günü azad olunacaq.

Camaat da hələlik başçısının verdiyi vədin reallaşmasını gözləyir. Əgər onlar azad edilməsə, 2 gün sonra kütləvi etirazlar davam etdiriləcək. Kənddə isə ümumi vəziyyət qeyri-stabildir. Balıqçılara müvəqqəti də olsa balıq ovuna getməyə icazə verilir. Ancaq bu, ilin sonunadək belə olacaq. Yeni ildən balıq ovunun qadağan olub-olmayacağı məlum deyil. Hazırda Nərimanabadda post-patrul maşınları var, polis keşik çəkir. Rayon rəhbərliyi hər an aksiyaların keçiriləcəyindən ehtiyatlanır. Nərimanabadın başqa bir sakininin sözlərinə görə, kənd camaatı çox narahatdır. Onlar növbəti həbslərin olacağını istisna etmirlər: “Bizə deyiblər ki, yenə belə bir aksiya təşkil edilsə, həbslər olacaq”.
“Azadlıq” qəzetinə danışan kənd sakinləri isə deyiblər ki, daha 5 nəfər həbs olunacaq: “Camaat övladını bayıra buraxmır. Kimlər ki, fəaldır, onları tutacaqlar. Sərhəd Qoşunları bizdən əl çəkən deyil. Həbs dalğası davam edəcək”.
İcra başçısının qəbulundan qayıdanlar isə həmkəndlilərinə belə deyiblər: “Tutulan 4 nəfəri buraxmayacaqlar. Onlar əlli-ayaqlı getdilər. Allah bu işi başımıza gətirənlərə ölüm versin”.
Qeyd edək ki, həmin 4 nəfər - Kainat Abbasov, İsmayıl Hüseynov, Fariz Məmiyev və Xalid Ələkbərov barədə CM-in 315.1 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Yada salaq ki, dekabrın 15-də Nərimanabad kəndinin sakinlərinin sərhədçilərlə və polislə qarşıdurması olub. Kəndə Daxili Qoşunlar yeridilib, insanlara qarşı gözyaşardıcı qaz, rezin güllələr, elektroşoklardan istifadə olunub. Toqquşma nəticəsində Rahil Əliyev adlı kənd sakini zirehli maşınla vurulub, onun əl-ayağı sınıb.
Balıq ovuna qadağa qoyulmasının gerçək səbəbi narkoticarət və Dövlət Sərhəd Xidmətinin Lənkəran üzrə rəisi Adil Abdullayevin kənd sakinlərindən “haqq” tələb etməsidir. Belə ki, DSX rəisi hər balıqçıdan ova getmək üçün ayda 200 manat istəyir. Sakinlər iddia edirlər ki, DSX rəsmiləri balıqçıları dənizin dərinliklərinə ona görə buraxmırlar ki, kimsə narkotik qaçaqmalçılarını, onların gəmilərini və həmin gəmiləri müşayiət edən gəmiləri görməsin.

musavat.com