Manqurtlaşdıra bildiklərimizdənsinizmi?

manqurtlasdira-bildiklerimizdensinizmi
Oxunma sayı: 745

Tez-tez bəzi televiziya proqramlarından xalqa ünvanlanmış belə iradlar, ismarışlar eşidirik:
-Görün, nə gündəyik? Görün, kimləri dinləyirik, necə mahnılara qulaq asırıq, meyxanalarla formalaşır gənclərimizin zövqü və s.

Və ya digər dövlətləri tez-tez misal çəkib nümunə göstərməyi sevirik ki, məsələn: İnsan Rusiyada metroya daxil olarkən bilmir metroya girir, yoxsa “oxu zalına”. Hər kəs əlində kitab-jurnal öz aləmindədi. Bizdə heç qəzet oxuyan da görməzsən, metroda, avtobusda.

Mən də razı. Yerində və haqlı deyilmiş iradlardı. Bunların hamısı var. Amma gəlin, görək, elə bu televiziya vasitəsilə camaatı aşağılayan aparıcılar, özləri nə gündədirlər? İki-üç cümlə əzbərləyib, özləri də bilmirlər nə danışırlar, camaata dərs keçib, ağıl öyrədirlər. Birinci sənə o ixtiyarı kim verib ki, camaat haqqında ağzına gələni deyirsən? Səni dinləyənlər arasında səndən qat-qat savadlı, səviyyəli insanlar var. İkincisi də ki, sizin kimi uzaqgörən savadlı bölümün hazırlayıb təqdim etdiyi verilişlərin yetişdirdiyi, yönləndirdiyi kütlədir də. İllərlə meyxana yarışmaları hazırlayıb, çığır-bağır, hanısısa “xəstənin” 150 minlik maşınını göstərib reklam edəndə kütlə də doğrunun, düzgün yaşam üçün normanın bu olduğunu düşünməliydi. İndiyə kimi hansı professorun, yazıçının, şairin, kitab oxuyan qismin həyatı, yaradıcılığı maraqlı tərəfdən işıqlandırılıb ki, camaat da baxıb kitab oxumağı örnək götürsün?! Haçan televiziya, radio, qəzetlər Motsart, Bethoven, Çaykovski, Qara Qarayevdən danışıb, təbliğ ediblər ki, camaat meyxanaya yox, operaya qulaq assın? Bizim metro və avtobuslarda nə vaxt adam balası kimi oturub yol getmək mümkün olub ki, insanlar da kitab ala bilsin əllərinə? Metroda bir ayaq üstə dura bilən adam, üzünü göyə tutub ancaq Allaha dua edə bilər ki, bu günə də şükür heç olmasa bir ayaq üstə dayana bilmişəm burda.

Sevgi görməyən bir insandan soruşsan ki, nə istəyirsən, deyəcək sevgi. Bomjsa ev. Acdan soruşsan, deyəcək çörək. Alimdən soruşsan, deyəcək - kitab. Yəni kimin nəyə ehtiyacı varsa, yalnız onun haqda düşünür. Məsələn, evi olmayan bir adamın milyon dollarlıq bir tablo alması hansı məntiqə sığır? Deyək ki, mən rəsm əsərlərini çox sevirəm. Amma bunu almağa imkanım yoxdur. Necə ala bilərəm ? Və ya pulum var. Amma evim yoxdur. Bu tablonu asmaq üçün heç olmasa, bir tay divarın olmalıdır, ya yox? Teatr, kino, tamaşa, konsert… Getmirik. Necə gedək? Ziyalısı 150 manat maaş alan millətin yadına teatr, konsert düşər? Bu ayın başından, gələn ayın başına boş mədəylə keçən adamın yadına kitab-dəftər, ya da teatr-kino düşməz. İstəyirlər, lap gətirib pulsuz versinlər kitabları. Oxumayacaqlar. Bir dəfə saytların birindən bir tanınmış yazıçımızın “Biz kitab oxuyan yox, alverçi xalqıq” adlı bir müsahibəsini oxumuşdum.

Bu camaatı qınamaq, mühakimə etmək o qədər asan işdir ki. Hər yetən bir cür alcaldır, təhqir edir. İnsanlarin o zaman elmə, incəsənətə marağı olar ki, bütün maddi təminatları ödənmiş olsun. 17 ilini elm öyrənməyə xərcləmiş həkimin maaşına baxanda, al-verçilik ən gözəl çıxış yoludur və bu halda heç də ayıb sayılmamalıdır. İndi durub da “elm, incəsənət qurban tələb edir”, nə bilim, “oxumaq istəyən belə də oxuyar”, deməklə deyil. Yazıçılar bütün müsahibələrində acından ölürük, dolana bilmiriik, deyib şikayətlənəndə, həkimlərin, müəllimlərin və başqa önəmli peşə sahiblərinin vəziyyətini gördükdə bu millət əlbəttə ki, könüllü surətdə seçəcək al-verçi olmağı. Oğlu-qızı şeir yazan analar çox “evim yıxıldı“ deyəcək, gözəl rəsm çəkmə qabiliyyəti olan çox istedadlı uşaqdan hüquqşünas qayırılacaq. Ona görə də bu gün Azərbaycanda heç kəs öz yerində, öz bacarığı olan peşədə deyil. Əlinin papağı Vəlinin başındadır, Vəlinin papağı Əlinin. Bunun da nəticələri göz önündədir. Hamısı da maddi təminatsızlıqdan qaçmaq üzündən. Əlbəttə, kitabları milyon tirajla çıxıb, qonararla yaxşı yaşayan bir yazıçı və ya rəsm əsərləri ilə gözəl bir həyat qazanmış rəssamın qiymətləndirildiyini gördükdə insanlar da uşaqlarının bu peşələrə maraq göstərmələrini ah-vayla qarşılamayacaqlar.

Məktəbdə oxuyarkən bir müəllimimiz vardı. Çox savadlı və gözəl insan idi. Uşaqlara həmişə insanın ən yaxın dostunun kitab olduğunu deyər və hansı sahədə çalışırsız çalışın, istər alim olun, istər fəhlə gündə ən azı iki saat kitab oxumağı özünüzə vərdiş etdirin, deyərdi. Siqaret çəkən oğlanları heç vaxt danlamazdı. Zərərlərini izah edərək, onlara dostcasına başa salardı siqaret çəkməməyi. Müdriklərdən misallar gətirərdi. Həyatda əliniz hər kəsdən, hər şeydən üzülə bilər, amma kitablardan bərk yapışın. O sizə heç vaxt xəyanət etməyəcək və əlinizdən buraxmayacaq, deyərdi.
Və …..

Bir dəfə gördüm ki, Parkda siqaret satır ehtiyac üzündən. 15-16 yaşlarında bir məktəbli yaxınlaşdı ona və siqaret almadan geri qayıtdı. Görünür , başa sala bilmişdi ona siqaretin zərərini. Həyat ona müəllimin məcburiyyət qarşısında qalıb siqaret sata biləcəyini, kitablarsa pul üçün gələcəyi zəhərləməməyi öyrətmişdi. Axı , o müəllimiydi. Əlində kitab saxlamalı olan məktəblinin, siqaret tutmasına könlü razı olmamışdı.
Şükr etdim, ona görə ki, məktəblinin qarşısına o müəllim çıxmışdı. Ən azı bir məktəblini kitaba qaytara bilmişdi. Bu gördüyüm biri idi. Yəqin ki, çoxuna təsir edə bilmişdi mənim müəllimim. Və bu bütün kitab təbliğatından daha gözəli və təsirlisiydi. Siqaret satan bir müəllimin dilindən siqaretin ziyanlı olduğunu və kitabın faydalı olduğunu eşidə bilmək özü, kitabın böyüklüyünün nəticəsiydi. Üzüldüm ona görə ki, ziyalı hansı məcburiyyətdədir ki, siqaret satır?!

Amma mən əminəm ki, müəllimim yenə də ən azı gündə iki saat kitab oxuyur. Çünki, o kütlədən biri deyil, ziyalıdır, müəllimdir!
Nə isə… KİTABXANAYA TƏLƏSİRƏM!